İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada bu əcnəbilər ölümə həvəsləndirilir – ŞOK DETALLAR

Dövlət Duması Rusiya tərəfdən döyüşmüş əcnəbilərlə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.

APA-nın xəbərinə görə, layihəyə əsasən, Rusiya Silahlı Qüvvələri və ya Rusiya tərəfini təmsil edərək hərbi əməliyyatlarda iştirak etmiş xarici vətəndaşların ölkədən deportasiya edilməsi və ya inzibati qaydada çıxarılması qadağan olunur.

Qanun layihəsində həmçinin belə şəxslərin digər dövlətlərə cinayət təqibi məqsədilə verilməsinin də yolverilməz olduğu qeyd olunur. Yəni Rusiya tərəfdən döyüşmüş əcnəbilər üçün ekstradisiya qadağası tətbiq ediləcək.

Təşəbbüsün müəllifləri bildirirlər ki, bu addım Rusiya üçün döyüşən xarici vətəndaşların hüquqi statusunun qorunmasına və onların təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Belə qanunun qəbul edilməsi Rusiyaya qarşı döyüşən əcnəbilərin sayının artmasına nail olmaq üçün deyilmi? Bu qanun vətəndaşlığı olmayan əcnəbiləri döyüşə qatılmağa həvəsləndirəcək?

xeyal.jpg (31 KB)

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Rusiya Ukraynaya qarşı müharibədə döyüşmək üçün canlı qüvvə çatışmazlığını bu cür yollarla müəyyən qədər kompensasiya etmək istəyir:

“Əslində belə bir qanunun qəbul olunması Rusiyada yaşayan əcnəbilərin hüquqlarının müdafiəsindən daha çox onları ölümə getməyə təşviq edən sənəd hesab oluna bilər. Məqsəd döyüşmək potensialı olan, Rusiya vətəndaşlığı olmayan şəxslərin Ukraynaya qarşı döyüşlərə kütləvi qatılmasını stimullaşdırmaqdır. Hesablayıblar ki, Rusiyadan deportasiya edilmək təhlükəsi altında olan insanlar, həmçinin öz ölkəsində cinayət törətdiyi üçün axtarışa verilmiş adamlar deportasiya olunmamaq və ekstradisiya edilməmək üçün rus ordusunun sıralarına qoşulub Ukraynaya qarşı döyüşəcəklər. Belə olan halda təbii ki, həmin insanların müharibədən sağ çıxacağı ehtimalı onsuz da azdır. Bir sözlə, Rusiyada qəbul oluan həmin qanun heç də əcnəbilərin qayğısına qalmaq üçün deyil”.

Ekspert hesab edir ki, bu qanun sonradan Rusiyanın özü üçün problemlərə gətirib çıxaracaq:

“Dünyada cinayət törədən çoxlu sayda insanlar Rusiyaya qaçıb orada döyüş əməliyyatlarında iştirak edərək cinayət məsuliyyətindən yayınmaq istəyinə düşəcəklər. Beləliklə, Rusiya xaricdə cinayət törətmiş cinayətkarların, axtarışda olanların cəmləşdiyi bir ölkəyə çevriləcək. Bu isə Rusiyaya ciddi problemlər yaradacaq”.

Xəyal Bəşirov qeyd edib ki, sözügedən qanunun qəbulu Rusiyanın müharibəni hələ uzun müddət davam etdirmək niyyətindən xəbər verir.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR