Onlayn ictimai-siyasi qəzet
Bu gün artıq elə bir vəziyyət yaranıb ki, Belarusdan və Şimali Koreyadan başqa Rusiyanın yanında dövlət qalmayıb. Sanki hər kəs ondan uzaq durmağa, özünü ondan mümkün qədər qorumağa çalışır. Rusiya ilə iqtisadi əlaqələri olan Çin kimi böyük dövlətlər belə, onunla sırf iqtsadi maraqlarına görə əməkdaşlıq edir. Belə bir reallıqla üz-üzə qalmağın kökündə nələr dayanır? Bu vəziyyət Rusiyaya nə vəd edir?

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, sadəcə olaraq heç kəs batmaqda olan gəmi ilə yan-yana durmaq istəmir. Rusiya bir dövlət olaraq çökür, məlum və məşhur rus imperiyası mərhələ-mərhələ süquta uğramaqdadır:
“Birinci mərhələ bilirsiniz ki, çar Rusiyasının çöküşü ilə gerçəkləşdi, ardından Sovet ittifaqını qurub bu və ya digər şəkildə imperiyanı qorumağa çalışdılar. Lakin 1991-ci ildə o imperiya da çökdü və çökərkən ondan 32 müstəqil dövlət qurulmalı idi. Lakin yeni imperialist qüvvələr bu prorqamı bir qədər zəiflətməyi bacardılar. Yəni biri Rusiya olmaqla 15 müstəqil dövlət quruldu. Rusiyanın içərilərində yenə də istibdad altında xalqlar qaldı. Belə daha uzun davam edə bilməzdi. İndi artıq Rusiya imperiyasının çöküşünün üçüncü mərhələsidir. Dünyada dərk etməyə başlayıblar ki, bu dövlət tezliklə çökəcək. Ona görə də ağlı başında olan heç bir dövlət Rusiya ilə bir sırada addımlamaq istəmir. Belarus Rusiyanın girovudur. Əslində Aleksandr Lukaşenko kifayət qədər ağıllı dövlət rəhbəridir, Belarus özü də yetərincə potensialı olan bir dövlətdir, sadəcə Rusiya onu girov saxlayır. Şimali Koreya isə özü-özünü dünyadan təcrid etmiş heç kəslə yola getməyən bir dövlətdir və o da sadəcə olaraq kiminləsə tərəfdaşlıq görüntüsü naminə Rusiya ilə tərəfdaşlıq edir, hətta Rusiyanın Ukraynaya qarşı müharibəsinə də silahla, canlı qüvvə ilə dəstək verir. Belarusun özü belə, Rusiya ilə yola davam etdiyi halda Lukaşenko dəfələrlə deyib ki, biz Ukrayna müharibəsinə girmək istəmirik. Kim Çen In isə hələ ki, dünyadan bixəbər şəkildə Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edir. O da yəqin bəlli bir müddət sonra anlayacaq ki, artıq divarın sonudur və hərəkət etməyə yer qalmayıb”.
Siyasi şərhçi hesab edir ki, Rusiyanın tamamilə çöküşü nəticəsində müstəqillik əldə edəcək yeni dövlətlərin bir qismi türk dövlətləridir və onlar Türk Dövlətləri Təşkilatına üzv olacaqlar.
Etibar Seyidağa,
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ