Onlayn ictimai-siyasi qəzet
Ukrayna Müdafiə Qüvvələri Ryazan Neft Emalı Zavoduna, "Nebo-U" radar stansiyasına, Rusiya hərbi qatarına və Rusiya Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi əraziyə zərbələr endirib.
Musavat.com xəbər verir ki, Ukrayna mediası bu barədə Silahlı Qüvvələrin Baş Qərargahına istinadən məlumat yayıb.
Bildirilir ki, Ryazan neft emalı zavodu A-92/95/98/100 markalı benzini, dizel yanacağı, reaktiv yanacaq, maye qazlar və digər neft məhsullarını istehsal edir. Zavod ildə orta hesabla 840 min ton "TS-1" markalı aviasiya kerosini istehsal edir ki, bu da Rusiya Hava-Kosmik Qüvvələri tərəfindən istifadə olunur.
Baş Qərargahın məlumatına görə, obyektin ərazisində partlayışlar və ciddi yanğınlar qeydə alınıb.
Bundan başqa, Ukrayna qüvvələri Krımda Rusiyanın əsas radiolokasiya sistemlərindən biri olan “Nebo-U” stansiyasını məhv edib.
Həmçinin, Zaporojye vilayətinin Tokmak bölgəsində Rusiya hərbi qatarı da vurulub. Xarkov vilayətinin Volçansk yaxınlığında isə Rusiya canlı qüvvəsinin cəmləşdiyi ərazi hədəf alınıb. İtkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Baş Qərargah vurğulayıb ki, Müdafiə Qüvvələri rus hərbi birləşmələrinin hərbi-iqtisadi və hücum potensialını zəiflətmək üçün bütün tədbirləri davam etdirir.
Musavat.com
28 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ