İnsanlara hürriyət, millətlərə istiqlal!

“Barselona”, “Arsenal”, “Mançester Yunayted”... - “Sabah” üçün tarixi sınaq: Mütəxəssisdən 4-6 xal proqnozu

“Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqibləri artıq məlumdur. Azərbaycan çempionunu qarşıda Avropanın ən nəhəng klubları ilə səkkiz oyun gözləyir. Bakıdakı matçlarda “Barselona”, “Borussiya” Dortmund, “Napoli” və “Slaviya Praqa”, səfərdə isə “Arsenal”, “Mançester Yunayted”, “Vilyarreal” və “Vikinq”lə qarşılaşacaq.

ae72832894bc30ddeebbeabcb766cb1b.jpg (102 KB)

Bu, sadəcə “Sabah” baxımından deyil, bütövlükdə Azərbaycan futbolu üçün tarixi sınaqdır. Masazır təmsilçisi artıq Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməklə böyük bir uğura imza atıb. İndi isə məsələ yalnız iştirak etməkdən ibarət deyil.

“Sabah” futbolun dünya nəhəngləri qarşısında öz sözünü deyə, Azərbaycan futbolunun reytinqinə və nüfuzuna əlavə xal qazandıra biləcəkmi?

Xüsusilə “Barselona”, “Borussiya” Dortmund və “Napoli” kimi komandaların Bakıya gəlməsi Azərbaycan azarkeşləri üçün əsl futbol bayramı vəd edir. Səfərdə isə “Arsenal” və “Mançester Yunayted” kimi nəhənglərlə qarşılaşmaq “Sabah”ın həm taktiki, həm də psixoloji baxımdan imkanlarını ciddi şəkildə yoxlayacaq.

Azərbaycan çempionu bu oyunlardan neçə xal çıxara bilər? Hansı rəqiblərə qarşı xal qazanmaq daha real görünür? “Sabah”ın liqa mərhələsini uğurlu nəticə ilə başa vurması üçün neçə xal kifayət edər? “Sabah” Avropanın nəhəngləri qarşısında sürpriz etməyə hazırdır?

MESTE.jpg (41 KB)

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a deyib:

““Sabah” bu il Çempionlar Liqasında 1 xal belə qazansa, uğurlu nəticə sayılmalıdır. Debüt illəridir, ilk dəfə bura qədər gəlib-çıxıblar, üstəlik, püşk ağır düşüb, rəqiblər çox güclüdürlər. Komanda prosesdən zövq almalı və meydanda layiqli mübarizəsiylə yadda qalmalıdır. Bundan artığını tələb edə bilmərik. Qarşıdakı aylarda Azərbaycan təmsilçisinin dünya futbolunun nəhənglərinə qarşı oyununu izləyəcəyik, diqqət mərkəzində olacaq. Bir sözlə, böyük futbol bayramının bir parçasına çevriləcəyik. Bunun özü belə xoş hadisədir. Konkret nəticəyə gəlincə, “Sabah”ın 4-6 xal toplamaq gücünə malik olduğunu düşünürəm”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Avqust 2026

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR