Onlayn ictimai-siyasi qəzet
ABŞ-də Federal Təhqiqat Bürosunun (FTB) rəhbər vəzifədə çalışan əməkdaşının kriptovalyuta hesablarından böyük məbləğdə vəsaiti şəxsi hesabına köçürməsi qalmaqala səbəb olub.
Musavat.com xəbər verir ki, NBC News-un məlumatına görə, ABŞ Ədliyyə Nazirliyinin sənədlərində Patrik Yaroş kimi göstərilən FTB əməkdaşı həbs edilib. Ona ştatlararası oğurlanmış əmlakın daşınması və oğurlanmış əmlakın qəbul edilməsi ilə bağlı ittihamlar irəli sürülüb.
Yaroş istintaqçılara könüllü şəkildə etiraf edib ki, düşmən ölkə ilə əlaqəli kriptovalyuta hesablarından təxminən 1 milyon dolları şəxsi kriptovalyuta cüzdanına köçürüb. Söhbətin Rusiyadan getdiyi ehtimal olunur.
FTB materiallarına əsasən, Yaroş qurumun sistemlərinə daxil olaraq həmin kriptovalyuta cüzdanlarından vəsaitin köçürülməsi üçün lazım olan açarları tapıb. Onun şəxsi hesabına keçirdiyi vəsaitin ümumi məbləği 925 426,07 dollar təşkil edib.
Yaroş bunu Rusiyaya və digər düşmən ölkələrə qarşı daha sərt tədbirlər görülməsini istəməsi ilə izah edib. O bildirib ki, FTB-nin belə ölkələrlə əlaqəli kriptovalyuta hesablarına qarşı tədbir görə bilməməsindən və ya görmək istəməməsindən məyus olub.
Lakin Rusiyanın kriptovalyutadan istifadəsinə mane olmaq istədiyini deyən FTB əməkdaşının yüz minlərlə dolları dövlət hesabına deyil, öz şəxsi kriptovalyuta cüzdanına köçürməsi sonda onun həbsinə gətirib çıxarıb.
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ