İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvilinin məşhur “boruları” sökülür – SİYASİ DEMONTAJ

Gürcüstanın paytaxtı Tiflisin mərkəzindəki Rike parkında şəhərin ən tanınmış memarlıq obyektlərindən olan Musiqili Teatr və Sərgi Kompleksinin sökülməsinə başlanılıb. Yerli sakinlərin "Rike boruları" və ya "Rike küpləri" adlandırdığı qeyri-adi tikili uzun illərdir ölkədə siyasi mübahisələrin və memarlıq zövqü ilə bağlı müzakirələrin mərkəzində idi.

Şüşə və poladdan inşa edilən kompleks sabiq prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələrinin simvollarından biri hesab olunurdu. Lakin hakimiyyət dəyişikliyindən sonra bina heç vaxt tam istifadəyə verilmədi və təxminən 15 il bağlı vəziyyətdə qaldı. İndi isə onun tamamilə sökülməsi qərara alınıb.

Hazırda ərazi hasara alınıb, tikinti texnikası fasiləsiz işləyir və binanın fasad örtükləri bir-bir sökülür. Bu mənzərə həm turistlərin, həm də şəhər sakinlərinin diqqətini cəlb edir.

Massimiliano and Doriana: The Dynamic Duo Behind Studio Fuksas

Layihənin müəllifləri – məşhur italiyalı memarlar Massimiliano və Doriana Fuksas söküntü qərarına kəskin etiraz ediblər. Onların memarlıq studiyası bəyan edib ki, 60 ildən artıq fəaliyyətləri ərzində ilk dəfədir ki, layihələrindən biri alternativ variantlar müzakirə olunmadan sökülür. Memarlar bildiriblər ki, dövlət qurumları və ya mülkiyyətçi şirkət onlarla dialoqa getməyib. Onların fikrincə, beynəlxalq mükafatlara layiq görülmüş bu memarlıq nümunəsinin məhv edilməsi Tiflis üçün ciddi mədəni itki olacaq.

Lakin paytaxt meri Kaxa Kaladze tamamilə fərqli mövqedədir. O bildirib ki, bina funksional baxımdan yararsız vəziyyətdə olub və faktiki istifadəsiz qalıb. Merin sözlərinə görə, tikintiyə dövlət büdcəsindən təxminən 75 milyon lari vəsait xərclənib və bu, əvvəlki hakimiyyətin düşünülməmiş qərarlarından biri olub. Onun fikrincə, bina şəhərin memarlıq mühitinə uyğun gəlmirdi və hazırkı özəl sahibin onu sökmək qərarı qanunidir.

Kompleksin tikintisinə 2010-cu ildə başlanılıb. Təxminən 40 milyon avroya başa gələn layihə şəhərin inkişaf fondu tərəfindən sifariş edilib. Burada bir binada sərgi salonu, digərində isə konsert zalının yaradılması planlaşdırılırdı. 2011-ci ildə tikintinin təməlqoyma mərasimində çıxış edən o vaxtkı prezident Mixail Saakaşvili layihəni "XXI əsr memarlığının ən böyük nailiyyətlərindən biri" adlandırmışdı. O bildirmişdi ki, iqtisadi çətinliklərə baxmayaraq, ölkənin inkişafı məhz belə iddialı layihələrlə mümkündür. Lakin 2012-ci ildə hakimiyyət dəyişdikdən sonra layihənin maliyyələşdirilməsi dayandırıldı və bina daxili işləri tamamlanmadan yarımçıq qaldı.

Maraqlıdır ki, 2016-cı ildə nüfuzlu “Designboom” nəşri Rike kompleksini dünyanın ən yaxşı mədəniyyət obyektlərindən ibarət "Top-10" siyahısına daxil etmişdi. Buna baxmayaraq, Gürcüstanda onun taleyi uzun illər qeyri-müəyyən olaraq qaldı. 2022-ci ildə dövlət bir neçə uğursuz hərracdan sonra kompleksi ilkin qiymətindən təxminən 10 dəfə ucuz – cəmi 10 milyon lariyə satdı. Alıcı burada şərab, rəqəmsal incəsənət və texnologiyalar muzeyi yaratmağı öhdəsinə götürsə də, layihə həyata keçirilmədi.

2025-ci ildə ərazi yeni şirkətə satıldı və hökumət özəlləşdirmə şərtlərini dəyişərək burada otel tikintisinə, həmçinin mövcud binanın sökülməsinə icazə verdi. Hazırda torpaq sahəsinin gələcək taleyi ilə bağlı rəsmi layihə ictimaiyyətə təqdim edilməyib.

Beləliklə, vaxtilə Gürcüstanın modernləşmə siyasətinin simvolu sayılan "Rike boruları" tarixə qovuşur. Onun sökülməsi təkcə bir memarlıq obyektinin yox olması deyil, həm də Saakaşvili dövrünün irsinə münasibət ətrafında davam edən siyasi və ictimai mübahisələrin növbəti mərhələsi kimi qiymətləndirilir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR