Onlayn ictimai-siyasi qəzet
Danimarka şahzadəsi İzabella orduda hərbi xidmət keçməyə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə Danimarkanın "BT" qəzeti məlumat yayıb.
"Şahzadə İzabella bazar ertəsi Slagelse şəhərindəki Antvorskov kazarmasına gəlib. O, Qusar Qvardiya Alayında 11 ay müddətində hərbi xidmətdə olacaq", - deyə nəşr yazıb.
Qəzet əlavə edib ki, İzabella 8,3 min kron məbləğində yaşayış müavinətindən və 9 min kron təşkil edən xidməti maaşından imtina edib. Şahzadə əvvəlcə 5 ay davam edən təməl hazırlıq keçəcək, daha sonra isə 6 ay müddətində döyüş və praktiki tapşırıqların icrası mərhələsinə başlayacaq.
Jurnalistlər qeyd edirlər ki, əvvəllər şahzadənin böyük qardaşı, vəliəhd şahzadə Kristian da Qusar Qvardiya Alayında xidmət edib.
Danimarkada hərbi xidmət müddətinin uzadılması haqqında qərarı 2024-cü ildə ölkə parlamenti qəbul edib və bu qayda 2026-cı ildən qüvvəyə minib.
Əvvəllər xidmət müddəti cəmi 4 ay təşkil edirdi. Ümumilikdə bu il hərbi xidmətə 1,6 min nəfər qəbul olunub.
"Reuters" agentliyi qeyd edir ki, yeni çağırışçıların qəbulu tarixdə ilk dəfə olaraq Qrenlandiyaya hərbçilərin göndərilməsi hazırlıqları fonunda baş tutur.
Orada 100-dən çox çağırışçı peşəkar ordudan əməliyyat tapşırıqlarını təhvil alacaq. Yeni çağırışçıları 5 aylıq təməl hazırlıq və 6 aylıq əməliyyat xidməti gözləyir.
Musavat.com
04 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ