Onlayn ictimai-siyasi qəzet
2026-2027-ci illərin qış mövsümü ərəfəsində Ukraynada sosial şəbəkələrdə yayılan bəzi paylaşımlar ciddi narahatlıq yaradıb. Vətəndaşlara Kiyev, Xarkiv və Odessa kimi böyük şəhərləri tərk etmək, kəndlərə köçmək, ərzaq, su, odun və generator ehtiyatı toplamaq tövsiyə olunur.
Musavat.com xəbər verir ki, bəzi paylaşımlarda hətta şəhərlərin bağlanacağı və ya karantin rejiminin tətbiq ediləcəyi iddia edilir. Lakin bu məlumatların rəsmi təsdiqi yoxdur.
Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba Kiyevdə yaşayanların qarşıdakı dövrdə daha intensiv hava hücumları və həyəcan siqnalları ilə üzləşə biləcəyini bildirib və imkanı olanlara paytaxtdan müvəqqəti uzaqlaşmağı tövsiyə edib.
Keçmiş bankir və hərbçi Andrey Onistrat isə Rusiyanın istilik elektrik stansiyalarını hədəfə ala biləcəyini iddia edərək əhaliyə generator, invertor və günəş panelləri əldə etməyi məsləhət görüb.
Enerji təhlükəsizliyi üzrə ekspert Mixail Honçar yayılan məlumatların bir hissəsinin məqsədli şəkildə panika yaratmağa xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Rusiyanın enerji infrastrukturuna zərbələri yeni məsələ deyil və Ukrayna 2022-ci ildən bəri hər qış bu risklə üzləşir.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko da şəhərlərin bağlanacağı ilə bağlı xəbərləri təkzib edib.
Rəsmilər əhalini sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlara deyil, yalnız rəsmi mənbələrə etibar etməyə çağırıblar.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ