Onlayn ictimai-siyasi qəzet
Fransa hökuməti Avropa Parlamentinin deputatı və sol mərkəzçi düşərgənin potensial prezidentliyə namizədi Rafael Qlüksmanın Rusiyaya bağlı dezinformasiya kampaniyasının hədəfinə çevrildiyini açıqlayıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Fransa Müdafiə və Milli Təhlükəsizlik Baş Katibliyi (SGDSN) siyasətçini rəsmi şəkildə məlumatlandırıb.
Məlumata görə, hücumun arxasında Rusiya Baş Kəşfiyyat İdarəsi (QRU) ilə əlaqələndirilən Storm-1516 dezinformasiya şəbəkəsi dayanır.
Bildirilir ki, Rafael Qlüksmanı nüfuzdan salmaq məqsədilə müstəqil Blast nəşrinin saxta internet səhifəsi hazırlanıb, saxta sənədlər tərtib edilib və süni intellekt vasitəsilə tanınmış jurnalistlərin – teleaparıcı Lea Salame və Mediapart portalının yaradıcısı Edvi Plenelin səsləri imitasiya olunub.
Daha sonra bu materiallardan istifadə edilərək Qlüksmanın seçki kampaniyasını dəstəkləyən guya "gizli sövdələşmə" barədə saxta video yayılıb.
Qeyd olunur ki, bu, son bir ay ərzində qeydə alınan ikinci oxşar hadisədir. İyul ayında həmin şəbəkə Fransanın sabiq baş naziri Eduar Filippin səhhəti ilə bağlı yalan məlumatlar yaymışdı.
Rafael Qlüksman hesab edir ki, Kremlin 2027-ci ildə keçiriləcək Fransa prezident seçkiləri ərəfəsində demokratik və Avropayönlü namizədləri gözdən salmaq üçün genişmiqyaslı dezinformasiya kampaniyası aparacağı gözlənilir.
Onun sözlərinə görə, belə kampaniyaların məqsədi Moskvaya loyal siyasətçilərin mövqeyini gücləndirmək və Avropa İttifaqını zəiflətməkdir.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ