Onlayn ictimai-siyasi qəzet
Bu gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yeni bir müharibə başlanacağı təqdirdə İranın daha dağıdıcı döyüş başlıqları və silahlardan istifadə edəcəyini bəyan edib.
ABŞ prezidenti Donald Trampın İrana qarşı yeni iqtisadi sanksiyalar barədə bəyanatı fonunda SEPAH kəskin xəbərdarlıqla çıxış edib. Bildirilib ki, müharibə bərpa olunacağı təqdirdə İran qüvvələri daha ölümcül silahlar tətbiq edəcək. Bu barədə regional gərginliyin davam etdiyi bir vaxtda SEPAH nümayəndəsi Hüseyn Mohebi bildirib.
İranın silah arsenalının resursları buna imkan verirmi? Onun arsenalında istifadə etmədiyi daha güclü silahlar varmı və varsa hansılardır?

Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, İranın belə bir xəbərdarlığı real hərbi potensiala söykənir, amma SEPAH-ın “daha dağıdıcı silahlar” ifadəsini avtomatik olaraq “İranın gizli, daha güclü strateji silahı var” kimi başa düşmək düzgün olmaz: "Söhbət böyük ehtimalla İranın artıq nümayiş etdirdiyi, lakin əvvəlki qarşıdurmalarda məhdud istifadə etdiyi və ya ehtiyatda saxladığı raket sistemlərindən gedir. SEPAH sözçüsü Hüseyn Mohebbinin bugünkü bəyanatı əvvəlki açıqlamaları ilə də uyğun gəlir. İyunda o, yeni qarşıdurmada əməliyyatların coğrafiyasının və istifadə ediləcək silahların əvvəlkilərdən fərqli olacağını bildirmişdi”.
İranın əlində hansı daha güclü sistemlərin olduğuna gəlincə, ekspert hesab edir ki, İranın silahlı qüvvələrinin arsenalında təxminən 2 min kilometr mənzilə malik və ağır döyüş başlığı daşımaq üçün nəzərdə tutulan raket sistemləri var. 2026-cı ilin aprelində İranın bu raketdən döyüş şəraitində ilk dəfə istifadə etdiyi barədə məlumatlar yayılmışdı. Yəni bu sistem artıq sırf parad silahı deyil. Onun real döyüş imkanları müəyyən qədər sınaqdan keçirilib.
İranın Sejjil raketi də təxminən 2 min km mənzilə, iki pilləli bərk yanacaqlı mühərrikə və təxminən 750 kq-lıq döyüş başlığı potensialına malikdir. Bunun əsas üstünlüyü bərk yanacaqdır. Belə raketlər maye yanacaqlı sistemlərlə müqayisədə daha sürətlə atışa hazırlana bilər.
Fattah-1 və Fattah-2 isə Tehran tərəfindən İranın “hipersəs” raketləri kimi təqdim olunur. Fattah-1-in mənzili təxminən 1 400 km, Fattah-2-nin isə təxminən 1 500 km kimi göstərilir. Fattah-2 xüsusilə maraqlıdır, çünki manevr edən döyüş başlığı konsepsiyasından istifadə edir. Bu raketlərin hava hücumundan müdafiəni keçmək imkanları real təhlükədir, amma İranın təqdim etdiyi bütün texniki göstəricilərin dəqiq olub-olmadığı barədə qəti fikir bildirmək çətindir.
İranın Qassem Basir raket sistemi isə daha yeni nəsil və xüsusilə maraqlı sistemdir. Təxminən 1 200 km mənzil göstərilir və təxminən 500 kq-lıq manevr edən döyüş başlığına malik olduğu bildirilir. Ən mühüm xüsusiyyətlərindən biri terminal mərhələsində optik idarəetmə imkanının olmasıdır. Bu, raketin elektron mübarizə vasitələri ilə sırf GPS siqnalının pozulması kimi üsullarla qarşısının alınmasını çətinləşdirə bilər”.
R.Məhərrəmov vurğulayıb ki, bunlar İranın rəsmi açıqladığı sistemlərdir. İranın göstərmədiyi, gizli saxladığı bəzi yeni sistemləri də ola bilər.
Etibar Seyidağa,
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ