Onlayn ictimai-siyasi qəzet
Qabaqlar Milli Məclisdə yaşayan jurnalistlər tərəfindən belə qərar, qayda qəbul olunmuşdu: hər ilbaşı ən aktiv və ən passiv deputatlar seçilir, adları xalqa açıqlanırdı. Nədənsə sonradan bu tətbiqata son qoyuldu. Görünür, passiv deputatlar aktivləşərək bəzi jurnalistləri balkondan aşağı atmışdılar. Yoxsa kim istəyər adı dilə-dişə düşsün? Bu gün səni “passiv” elan edərlər, sabah xalq seçkidə səs verməz.
Məlumat üçün qeyd edim ki, bizdə bütün deputatlar ümumxalq səsverməsi yolu ilə müəyyən olunur. O cümlədən, Mərkəzi Seçki Komissiyasının tərkibi demokratik yolla formalaşmışdır. Bunu tez-tez yazmalıyıq, yoxsa xalqın yadından çıxar. Ancaq təzəlikcə hardasa oxudum, yazmışdılar, guya MSK-da yeniləşmə olacaq, Ramiz Mehdiyevin kadrlarını ordan təmizləyəcəklər. Belə yalanlara necə inanasan?
Uzun sözün qısası, fikrimcə, həmin ənənə bərpa edilsə, ən aktiv deputat adını Səyyad müəllim almalıdır. İmişlidən deputat, AYB üzvü, ağsaqqal YAP-çı Səyyad Aranı nəzərdə tuturam. Mətbuatı izlədikdə açıq-aşkar görürük ki, son aylarda dünya mediasının gündəmində əsasən 3 nəfər vardır: Donald Tramp, Zelenski və Səyyad müəllim.
Özü də Səyyad müəllim spiker Sahibə xanımın iradlarına baxmayaraq xalqın səsini parlamentdə duyurmaqdan qətiyyən çəkinmir, yorulmur, mübarizəsini bir gün də saxlamır. Həmişə ən vacib problemləri qaldırır. Keçən dəfə demişdi ki, dərman qutularının içərisinə çox uzun kağızlar qoyulur, bu nəyə lazımdır.
Həqiqətən, bir dəfə uşaq azarlamışdı, getdim aptekdən uşaq puluna qızdırma dərmanı aldım, gətirib içindəki kağızı oxumağa başladım ki, görüm bunu neçə dəfə vermək lazımdır, repetitora gedəndə atmaq olarmı, kürü yaxmacı ilə qəbul etməyin ziyanı varmı və sairə. Elə mən “şparqalka”nın (indi Məleykə xanım Əzrayıl kimi imkan vermir, biz sovet vaxtı imtahana gizli qeydləri məhz dərman içlikləri tipində qatlayıb keçirirdik) o biri üzünə çatmamışdım, uşağın qızdırması düşdü. “Hansı dərmanlarla yanaşı bunu udmaq olmaz” paraqrafına çatanda isə gördüm, uşaq həyətdə qartopu oynayır, artıq tam sağalıbdır. Belə sicilləmə kimə lazımdır? İndiki jurnalistlər bilməz, 2000-ci illərdə Rəsul Quliyevin belə azarı var idi, Amerikadan qəzetlərə uzun mətnlər göndərərdi, özü də faksla. Guya rəhmətliyin oğlu demokratiyamızı inkişaf etdirirdi, lakin ara yerdə faksın kağızı qurtarırdı. Kompüterçi uşaqlar rulonu dəyişdirməyə çatdırmırdı. Azərbaycan qəzetləri həmin faks böhranına görə indi kağız variantdan imtina etməyə məcbur olub.
Düzdür, bəzi qara camaatın fikrinə görə bizdə əsas problem dərman kağızının uzunluğu yox, dərmanların qonum-qonşu dövlətlərə nisbətən bahalı olmağı imiş. Məsələn, camaat Türkiyədən 5 manata aldığı dərmana Bakıda 25 manat verir. Ancaq bəlkə elə dərmanlar kağızın uzunluğuna görə bahadır? Bunları araşdırmaq lazımdır.
Hazırda isə Səyyad müəllim bəzi kəndlərdə qazın yoxluğuna... zarafat edirəm, qaz idarəsinin adına diqqətimizi yönəltmişdir. Deyir, nə üçün onun adı “Azəriqaz”dır, ancaq oxşar idarələrin adında bu “i” hərfi yoxdur.
Doğrudan da, baxırsan idarənin biri “Azərxalça”, o biri “Azəriqaz” adlanır. Burda nə məntiq var? Ola bilsin, xalça və qaz arasındakı fərqlə bağlıdır. Axı Azər bizdə həm də insan adıdır. Və idarəyə “Azərqaz” adı qoyulsaydı, kimlərsə bundan sui-istifadə edərdi. Məsələn, məktəbdə Azər adlı uşaqları lağa qoyardılar. Kiməsə xalça deməklə, qaz deməyin fərqi böyükdür. Ondan sonra gəl bıçaqlaşma statistikasını izlə, onsuz təhsil sektorumuzda güc-bəla sülh müqaviləsi yaratmışıq.
Başqa yöndən, Səyyad müəllim çıxışında “Azəristilik” və “Azərişıq” idarələrini də müsbət misal kimi çəkib, guya onlarda “Azəri” deyilmir. Deyilir axı! Açıq-aşkar “Azəri” yazılıb, oxucular özü də baxa bilər.
Yazını da bir xalq mahnısı ilə bitirək, oxucularımızın günü xoş keçsin:
Səyyada bax, səyyada,
Torun qurmuş qayada.
İlişib bir ifadəyə
Seçicisi yox oyada.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ