İnsanlara hürriyət, millətlərə istiqlal!

Sinqapurlular Azərbaycana gəlsin-gəlməsin? – Ekspert deyir ki...

 

Bosniya və Herseqovina və Sinqapurun ümumvətəndaş pasportuna malik vətəndaşlarının 2027-ci ilin avqustun 1-dək Azərbaycan ərazisinə turizm məqsədilə daxil olması üçün viza tələbi ləğv edilib.

Natiq Cəfərli: “Hökumət deyir ki, işsiz insanlar canı çıxsın, ildə 192  manat tapıb ödəsin” Pravda.az

ReAl Partiyasının sədri Natiq Cəfərli sosial media hesabında bunu “yaxşı xəbər” adlandırıb: “Ümumiyyətlə, AB ölkələri, ABŞ, Kanada, Avstraliya kimi ölkələr üçün də viza ləğv edilməlidir. Sadəcə, sual yaranır ki, bosniyalılar, sinqapurlular bura necə gələcək, ən əsası, niyə gələcək?! Biletlər baha, təqdimat zəif, hekayə quruculuğu az. Yəni bir sinqapurlunun başında, “bizə niyə səfər etməlidir”, sualı yarananda, azı 5 tanınmış hekayə ağlına gəlməlidir. Varmı elə cəlbedici turizm məhsulumuz, hekayəmiz?!"

Doğurdanmı turizm məhsulumuz cəlbedici deyil?

Turizm üzrə ekspert Anar Həsənov Musavat.com-a bildirib ki, Azərbaycanın turistlər üçün cəlbedici olması üçün ilk növbədə nəqliyyat yolları açıq və sərfəli olmalıdır.

WhatsApp Image 2026-08-03 at 14.27.11.jpeg (45 KB)

Ekspert vurğulayıb ki, səyahətə hazırlaşan turist ilk növbədə nəqliyyat qiymətlərinə diqqət edir: “Azərbaycana gəliş də, gediş də çox bahadır. Bu, turistlər üçün çəkindirici amildir. Digər amil aktiv, yaxud passiv istirahət etməsindən asılı olaraq, turistlərin zövqünə uyğun aktivitələrdir. Dünyanın əksər yerlərində, hətta otel daxilində belə turistlər üçün çox sayda seçim var. Azərbaycanda isə bu imkanlar nisbətən zəifdir. Üstəlik, otel qiymətləri heç də hər kəsin cibinə uyğun deyil. Turistlər büdcələrinə görə fərqli qruplara bölünürlər. Müxtəlif platformalarda fərqli büdcələrə uyğun minlərlə seçim var. Ölkəmizə gələn turistlər üçün isə seçim şansı o qədər də çox deyil”.

Turistlər çoxalıb, səyahət edən vətəndaşların sayı isə AZALIB | Modern.az

Ekspert deyib ki, Azərbaycanda dəniz istirahəti, ekoturizm və turizmin digər növləri üçün geniş imkanlar olsa da, yararlanmaq üçün lazımi şərait yaradılmayıb: “Məsələn, rus turistlər günəşli günlərdə Xəzər dənizinin sahilində istirahət etmək üçün gəlirlər. Sahilboyu ərazidə hər büdcəyə uyğun otel tapmaq mümkündürmü? Yaxud çimərliklərə gediş-gəliş rahatdırmı? Üstəlik, ictimai çimərliklərin sayı çox azdır. Bu da ayrı bir problemdir”.

Ekspert həmçinin, qeyd edib ki, turistlərin əylənməsi üçün şərait qənaətbəxş deyil: “Bir gün dağa gedən turist, sabah başqa əyləncə axtarır. Məsələn, bir çox ölkədə yamac paraşütü, raftinq, gəmi səyahəti kimi onlarla seçim var. Azərbaycanda belə əyləncələrin sayı nə qədərdir? Yəni turistlər bütün bu məqamlara diqqət edirlər. Bir sözlə, viza tələbinin ləğv olunması hələ turistlərin sayında artım olacağı anlamına gəlmir”.

Nigar Həsənli
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR