Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Vaşinqton konstruktiv cavab verərsə, Rusiya ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması ilə bağlı dialoq aparmağa hazırdır.
Musavat.com TASS-a istinadla xəbər verir ki, Peskov əgər hər hansı konstruktiv cavablar olarsa, dialoqa gedəcəklərini deyib.
Qeyd edək ki, nüvə silahlarının yerləşdirilməsi üzrə son beynəlxalq hüquqi məhdudiyyət olan "Yeni START müqaviləsi"nin müddəti bu gün başa çatıb. Kreml müqavilənin yenilənməməsinə görə Ağ Evi günahlandırır. Hesab olunur ki, Vaşinqtonun onu uzatmaqdan imtina etməsi səbəbindən müsbət nəticənin əldə olunması gecikir.
Rusiya mediası bildirir ki, hələ ötən ilin payızında Rusiya müqavilənin müddəti başa çatdıqdan sonra bir il ərzində "Yeni START" məhdudiyyətlərinə riayət etməyi təklif etmişdi. ABŞ prezidenti Donald Tramp bunu “yaxşı fikir” adlandırsa da, Vaşinqton hələlik heç bir əməli addım atmayıb.
Qeyd edək ki, Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (“Yeni START”) ABŞ və Rusiya arasında strateji nüvə silahlarını məhdudlaşdıran son müqavilədir.
2010-cu ildə imzalanan müqavilə ABŞ-nin 1991-ci ildə Sovet İttifaqı və 1993-cü ildə Rusiya Federasiyası ilə imzaladığı “START-1” və “START-2” sazişlərinin davamı hesab edilir. Sənəd iki ölkə arasında uzunmənzilli nüvə başlıqları və onları daşıyan raketlərə ciddi məhdudiyyətləri nəzərdə tuturdu.
Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) məlumatına görə, 2025-ci ilə qədər ABŞ və Rusiya dünyanın ən böyük nüvə arsenalına malik iki ölkəsidir. Belə ki, Rusiya təxminən 5459, ABŞ isə 5177 nüvə başlığına sahibdir.
Ekspertlərin fikrincə, müqavilənin uzadılması və ya yeni sazişin imzalanması ilə bağlı tərəflər arasında hələlik heç bir razılaşmanın əldə olunmaması bəçəriyyəti böyük təhlükələrlə üz-üzə qoyur. Ancaq güman olunur ki, ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında BƏƏ-də aparılan danışıqlar Vaşjnqton və Moskva arasındakı problemlərin də paralel şəkildə ortadan qaldırılması ilə müşayiət oluna bilər. Rusiya prezidentinin köməkçisi tərəfindən verilən mesaja yaxın saatlarda Ağ Evdən reaksiya olacağı da istisna deyil.
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ