Onlayn ictimai-siyasi qəzet
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.
Musavat.com xəbər verir ki, tədbirlərlə 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıblar. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Tanınmış vəkil Ceyhun Yusifov Musavat.com-a deyib ki, Göyçayda 22 yaşlı iki şəxsin 9 kiloqramdan artıq narkotik vasitə ilə saxlanılması son illər müşahidə olunan təhlükəli tendensiyanın növbəti təzahürüdür. Onun sözlərinə görə, narkotik dövriyyəsində iştirak edən şəxslərin yaş həddinin aşağı düşməsi artıq hüquq-mühafizə orqanlarını, hüquqşünasları və cəmiyyəti ciddi narahat etməlidir.

"Cəmiyyətə elə gəlir ki, narkotik alveri ilə əsasən uzun illər kriminal mühitdə olmuş şəxslər məşğul olurlar. Halbuki son illərin statistikası və məhkəmə təcrübəsi fərqli mənzərə ortaya qoyur. Bu gün narkotik cinayətlərinə görə məsuliyyətə cəlb olunan şəxslərin əhəmiyyətli hissəsi 20-30 yaş aralığında olan gənclərdir. Hətta bəzi hallarda daha aşağı yaş qruplarına rast gəlinir. Bu isə problemin təkcə hüquqi deyil, sosial və mənəvi təhlükə xarakteri daşıdığını göstərir", - deyə vəkil bildirib.
Ceyhun Yusifovun sözlərinə görə, narkotik şəbəkələrinin gəncləri hədəf seçməsinin konkret səbəbləri var:
"Bu qruplar çox yaxşı bilirlər ki, gənclər daha emosional qərarlar qəbul edir, tez pul qazanmaq istəyinə meyilli olurlar və riskləri tam hesablaya bilmirlər. Sosial şəbəkələr vasitəsilə onlara yüksək qazanc vəd edilir, sadəcə bir bağlamanın daşınması və ya müəyyən ünvana çatdırılması müqabilində ciddi məbləğlər təklif olunur. Gənclərin bir hissəsi isə bunun arxasında hansı cinayət məsuliyyətinin dayandığını ya anlamır, ya da əhəmiyyət vermir."
Vəkil qeyd edir ki, xüsusilə işsizlik, sosial təminat problemləri və bəzi hallarda həyat perspektivlərinin məhdud görünməsi gənclərin cinayətkar qrupların təsiri altına düşməsini asanlaşdırır:
"Bu gün cinayətkar şəbəkələr klassik üsullarla deyil, müasir texnologiyalar vasitəsilə fəaliyyət göstərirlər. Sosial media platformaları, müxtəlif messencer proqramları və anonim ünsiyyət vasitələri narkotik dövriyyəsinin yeni alətlərinə çevrilib. Təəssüf ki, gənclər də bu mühitin ən fəal istifadəçiləri olduqları üçün həmin təsirlərə daha açıq olurlar."
Ceyhun Yusifov vurğulayıb ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin hüquqi nəticələri olduqca ağırdır:
"Bir çox gənc düşünür ki, ilk dəfə belə əmələ yol verdiyi üçün ciddi məsuliyyət daşımayacaq. Amma qanunvericilik tam fərqli yanaşma ortaya qoyur. Söhbət xüsusilə külli miqdarda və ya daha artıq narkotik vasitələrin dövriyyəsindən gedirsə, burada uzunmüddətli azadlıqdan məhrumetmə cəzaları nəzərdə tutulur. Məhkəmə təcrübəsində bununla bağlı kifayət qədər nümunələr var. Bir neçə aylıq və ya hətta bir neçə günlük qazanc əldə etmək istəyən şəxslər sonradan həyatlarının 10, 15 və daha artıq ilini həbsxanada keçirmək məcburiyyətində qalırlar."
Vəkilin fikrincə, narkotik cinayətləri ilə mübarizədə yalnız hüquq-mühafizə tədbirlərinə güvənmək düzgün olmazdı:
"Burada ailə institutunun rolu son dərəcə vacibdir. Valideynlər övladlarının davranışındakı dəyişikliklərə diqqət yetirməli, onların ünsiyyət çevrəsini izləməli və daim maraqlanmalıdırlar. Eyni zamanda məktəblərdə, universitetlərdə və gənclərlə işləyən qurumlarda narkotiklərin yaratdığı təhlükələr barədə sistemli maarifləndirmə aparılmalıdır."
Ceyhun Yusifov hesab edir ki, narkotik alverçilərinin cavanlaşması gələcəkdə daha ciddi sosial problemlərə yol aça bilər:
"Burada söhbət yalnız ayrı-ayrı şəxslərin taleyindən getmir. Narkotiklər gənclərin sağlamlığını, təhsilini, karyerasını və ailə həyatını məhv edir. Nəticədə cəmiyyət insan kapitalını itirir. Ona görə də narkotiklərə qarşı mübarizə dövlətin, ailənin, təhsil sisteminin, medianın və bütövlükdə cəmiyyətin ortaq işi olmalıdır. Göyçayda baş verən hadisə bir daha göstərir ki, narkotik şəbəkələri fəaliyyət üsullarını dəyişsələr də, əsas hədəfləri dəyişmir – onlar yenə də gəncləri öz torlarına salmağa çalışırlar".
E.Məmmədəliyev,
Musavat.com
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ