İnsanlara hürriyət, millətlərə istiqlal!

“Soyuq müharibə” ərəfəsində qaçış - Quzenko SSRİ-nin Kanadadakı casus şəbəkəsini ifşa edib

1945-ci il sentyabrın 5-də axşam saatlarında Sovet İttifaqının Ottavadakı səfirliyinin binasından 26 yaşlı bir kişi çıxıb. Onun əlində məxfi sənədlər olub. Bu şəxsin adı İqor Quzenko olub. O, qısa müddət əvvəl həmin səfirlikdə şifrələyici kimi çalışıb və Kanada ilə Moskva arasında aparılan məxfi yazışmalara çıxışı olub. II dünya müharibəsinin yenicə başa çatdığı dövrdə SSRİ və Kanada formal olaraq hələ də müttəfiq sayılıb. Buna görə Quzenkonun danışmağa çalışdığı hadisə ilk baxışdan inanılmaz görünüb.

Onun sözlərinə görə, sovet kəşfiyyatı Kanadada geniş agentura şəbəkəsi yaradıb və burada mühüm məxfi məlumatlar əldə etməyə çalışıb. Bu məlumatların arasında Qərbdə aparılan hərbi və elmi araşdırmalarla bağlı materiallar da olub. Lakin Quzenkonun ilk müraciətləri ciddi qəbul edilməyib. Əksinə, o, bir müddət əlində gizli sənədlərlə özünə qulaq asacaq dövlət qurumu axtarmağa məcbur olub.

Əvvəlcə ona inanmayıblar

a5032b03-b242-485c-8d71-ec78eb7caf69.jpeg (77 KB)

İqor Quzenko 1943-cü ildə Kanadaya gəlib. O, sovet səfirliyinin hərbi attaşesi, polkovnik Nikolay Zabotinin rəhbərlik etdiyi şifrələmə bölməsində xidmət edib. Məxfi teleqram və yazışmaların böyük hissəsi onun əlindən keçib. Buna görə Quzenko tədricən SSRİ-nin Kanada ərazisində həyata keçirdiyi kəşfiyyat fəaliyyəti barədə məlumat əldə edib. Bir müddət sonra onun Sovet İttifaqına geri göndəriləcəyi məlum olub. Quzenko isə SSRİ-yə qayıtmaq istəməyib və Kanadada qalmaq qərarına gəlib. Lakin sadəcə Kanadada qalmaq istəməsi kifayət etməyib. O, Kanada hakimiyyətinə həqiqətən mühüm məlumatlara sahib olduğunu sübut etməli olub. Buna görə də 5 sentyabrda sovet səfirliyindən çıxaraq özü ilə bir sıra məxfi sənədlər götürüb.

İlk baxışdan belə görünə bilərdi ki, bundan sonra Kanada xüsusi xidmət orqanları dərhal bu şəxslə maraqlanacaq. Lakin hadisələr tamamilə başqa cür inkişaf edib. Quzenko “Ottawa Journal” qəzetinin redaksiyasına gedib. Orada isə ona dövlət orqanlarına müraciət etməsi məsləhət görülüb. Daha sonra Ədliyyə Nazirliyinin diqqətini cəlb etməyə çalışıb. Lakin burada da dərhal nəticə əldə olunmayıb.

782f4ee8-c02c-4d84-9402-6d07e4595e3b.jpeg (203 KB)

Beləliklə, əlində SSRİ-yə aid məxfi sənədlər olan gənc şifrələyici bir sutkadan artıq müddət ərzində ona qulaq asacaq və dediklərinin əhəmiyyətini anlayacaq şəxsləri axtarıb.

Sentyabrın 6-sı axşam vəziyyət daha da təhlükəli xarakter alıb. Quzenko həyat yoldaşı və uşağı ilə birlikdə Somerset küçəsindəki mənzilində olub. O, qonşularından kömək istəyib. Ailə qonşu mənzilə yerləşdirilərək gizlədilib. Bir müddət sonra sovet səfirliyinin nümayəndələri Quzenkonun mənzilinə daxil olublar. Hadisə yerinə polis gəlib və yaranan qarşıdurmadan sonra sovet əməkdaşları mənzili tərk edib. Nəhayət, sentyabrın 7-də səhər Quzenko Kanada kral atlı polisinin qərargahına aparılıb. O, Kanadadan siyasi sığınacaq istəyib və əlindəki sənədləri təhvil verib. Məhz bundan sonra onun danışdıqlarına münasibət kəskin şəkildə dəyişib.

Sənədlər böyük casusluq şəbəkəsini üzə çıxarıb

1b890f1f-9e83-41a1-adee-fe6a01dd9da9.jpeg (218 KB)

Quzenkonun təqdim etdiyi materiallar Kanadada fəaliyyət göstərən sovet kəşfiyyat şəbəkəsinin mövcudluğuna işarə edib. Sənədlər göstərib ki, sovet kəşfiyyatının məlumat mənbələri müxtəlif məsul vəzifələrdə çalışan şəxslərin arasında yerləşib. Araşdırma zamanı izlər yalnız Kanada dövlət qurumlarına deyil, Ottavadakı Britaniya Ali Komissarlığının fəaliyyətinə də gedib çıxıb. Ən ciddi məsələ isə atom bombasının hazırlanması ilə bağlı məlumatlara maraq göstərilməsi olub.

II dünya müharibəsinin sonlarına yaxın atom silahının hazırlanması dünyanın ən böyük hərbi-siyasi məsələlərindən birinə çevrilib. Kanada da Qərbin atom layihəsində iştirak edib və mühüm elmi araşdırmalara çıxış əldə edib. Bu səbəbdən həmin məlumatların xarici kəşfiyyata ötürülməsi təkcə Kanada üçün deyil, beynəlxalq təhlükəsizlik baxımından da ciddi məsələ hesab edilib.

Quzenkonun gətirdiyi sənədlər sovet kəşfiyyatının fəaliyyətinin miqyasını göstərməklə yanaşı, müharibədən yenicə çıxmış iki düşərgə arasındakı münasibətlərin artıq dəyişməyə başladığını da ortaya qoyub.

Kanadada xüsusi komissiya yaradılıb

d7968625-bb4d-4fbe-a17c-4cc4a298d9a2.jpeg (339 KB)

1946-cı ilin fevralında Kanada hökuməti xarici dövlət nümayəndələrinə məxfi məlumatların ötürülməsi ilə bağlı araşdırma aparmaq üçün xüsusi kral komissiyası yaradıb. Komissiyaya hakimlər Robert Taşro və Roy Kellok rəhbərlik edib. Komissiyanın əsas vəzifəsi dövlət sirri təşkil edən məlumatların xarici dövlətə necə ötürüldüyünü araşdırmaq olub. İstintaq genişləndirilib, şübhəli şəxslər saxlanılıb və məhkəmə prosesləri keçirilib.

Araşdırmalar Kanada hakimiyyətinə göstərib ki, müharibə dövründə müttəfiq olan Sovet İttifaqı ilə Qərb arasında kəşfiyyat qarşıdurması artıq reallığa çevrilib. Quzenko işi bu baxımdan Kanada tarixində mühüm hadisələrdən birinə çevrilib. Çünki həmin dövrdə dünya hələ “Soyuq müharibə” anlayışına tam alışmayıb. Lakin kəşfiyyat qarşıdurmasının əlamətləri artıq özünü göstərib.

8ba4c782-0dad-4238-bbba-b6e5937670ff.jpeg (236 KB)

SSRİ-dən qaçdıqdan sonra Quzenko olduqca qeyri-adi vəziyyətə düşüb. O, Kanadada qalmaq imkanı əldə edib, lakin sovet xüsusi xidmət orqanlarının mümkün qisasından ehtiyat edib. Buna görə onun əsl görünüşünün uzun müddət ictimaiyyətə tam şəkildə açıqlanmasına imkan verilməyib.

Quzenko ictimai tədbirlərdə və televiziya proqramlarında çıxış edərkən üzünü xüsusi başlıqla gizlədib. Məhz bu görüntü onun obrazının ayrılmaz hissəsinə çevrilib. Kanadalılar onu üzünü gizlədən həmin şəxs kimi xatırlayıb. Quzenko 1982-ci ilə qədər Kanadada yaşayıb. O, kitablar yazıb və sovet kəşfiyyat sistemi haqqında dəfələrlə danışıb. Onun açıqlamaları Kanada hökumətinin dövlət qulluqçularının yoxlanılması və təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmasına təsir edən amillərdən biri kimi qiymətləndirilib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR