Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Rusiyanın tanınmış Z-bloqeri və "Uraldronzavod" şirkətinin baş direktoru, "Upır" adlı dronların istehsalçısı Vladimir Tkaçuka qarşı Sverdlovsk vilayətində sui-qəsd həyata keçirilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə Yekaterinburq yaxınlığındakı Bolşoy İstok qəsəbəsində baş verib.
Məlumata görə, Tkaçuk "Mercedes" markalı avtomobildə hərəkətdə olarkən partlayış baş verib. Nəticədə sürücü hadisə yerində ölüb. Bildirilir ki, partladılan avtomobilin Tkaçuka məxsus olub-olmadığı dəqiq məlum deyil. Rəsmi sənədlərdə onun adına "Nissan Murano" və "Toyota Tundra" markalı avtomobillərin qeydiyyatda olduğu göstərilir.
Nəşrin iddiasına görə, Vladimir Tkaçuk 2009-cu ildə pornoqrafik materialların hazırlanması ilə bağlı cinayət işi üzrə şübhəli şəxs qismində də istintaqa cəlb olunub.
Bildirilir ki, bu barədə məlumat Daxili İşlər Nazirliyinin sızdırılmış məlumat bazasında yer alır. Həmin işin sonrakı taleyi barədə isə məlumat yoxdur.
Məqalədə qeyd olunur ki, Tkaçukun rəhbərlik etdiyi "Uraldronzavod" 2025-ci ildə rekord maliyyə göstəricilərinə nail olub.
Şirkətin maliyyə hesabatına əsasən, ötən il müəssisənin mənfəəti 1,9 milyard rubl təşkil edib. Bu, əvvəlki illə müqayisədə 22 dəfə çoxdur.
2023-cü ildə yaradılan müəssisə Rusiya ordusu üçün "Xortdan" FPV dronları və "Berdış" ağır pilotsuz uçuş aparatları istehsal edir. Vergi məlumatlarına görə, zavodda 112 nəfər çalışır.
Şirkətin təsisçiləri dövlət reyestrində gizlədilsə də, maliyyə sənədlərində Vladimir Tkaçukun və Olqa Merş adlı şəxsin ortaq olduğu göstərilir.
Həm Vladimir Tkaçuk, həm də Olqa Merş Ukraynanın "Mirotvorets" bazasında yer alırlar. Orada Tkaçuk Rusiya ordusu üçün silah istehsalında iştirak etməkdə və Ukrayna qanunvericiliyini pozmaqda ittiham olunur.
Vladimir Tkaçuk "Upır" adlı FPV pilotsuz aparatının yaradıcısı kimi tanınıb. O, daha əvvəl "Müharibəyə aludə olanlar" adlı teleqram kanalı vasitəsilə dron istehsalı üçün vəsait toplaması ilə də gündəmə gəlib.
2024-cü ilin sentyabrında isə Tkaçuk hazırladığı "Xortdan" pilotsuz aparatını şəxsən Rusiya prezidenti Vladimir Putinə təqdim etmişdi. Həmin görüş zamanı Putin dronun xüsusiyyətləri və hazırlanma tarixi ilə maraqlanmışdı.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ