İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt terrorçulara yeni “silah” verir

Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində qeyd edib ki, müasir texnologiyaların və yeni imkanların terrorçuluğun fəaliyyət dairəsinin genişləndirilməsi üçün istifadə olunması ciddi narahatlıq doğurur.

“Rəqəmsal imkanlardan, o cümlədən süni intellektin bədniyyətli istifadəsi radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə mənbələrinin genişlənməsinə və yeni tərəfdarların cəlb edilməsinə təkan verərək terrorçuluğa qarşı mübarizənin səmərəliliyinə ciddi maneələr yaradır. Bu şəraitdə terrorçuluğa qarşı mübarizə yalnız ayrı-ayrı ölkələrin səyləri ilə məhdudlaşmamalı, beynəlxalq əməkdaşlığın və birgə fəaliyyətin mühüm istiqamətlərindən biri olaraq qalmalıdır”, - deyə dövlət başçısı bildirib.

vcrMyLIl9JHkUewu0sAyUSCTZ7RD9RXvLojLEtuT_1200.jpg (81 KB)

Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a bildirib ki, müasir texnologiyaların inkişafı insan həyatının demək olar bütün sahələrini dəyişdirdiyi kimi, terrorçuluğun xarakterinə də ciddi təsir göstərir. Əvvəllər terror təşkilatlarının böyük maliyyə, insan resursu və texniki imkanlar tələb edən fəaliyyətləri bu gün rəqəmsal texnologiyalar sayəsində daha az resursla, daha sürətli və daha geniş auditoriyaya yönəldilə bilir:

“Prezident İlham Əliyevin IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciətində süni intellektin bədniyyətli istifadəsinin radikal ideyaların yayılmasına, terrorçu şəbəkələrin maliyyə imkanlarının genişlənməsinə və yeni tərəfdarların cəlb olunmasına şərait yaratdığı barədə xəbərdarlığı məhz bu dəyişən təhlükəsizlik mühitinə diqqət çəkir. BMT-nin Terrorizmlə Mübarizə üzrə İcraçı Direktorluğunun elə bu ay yayılan hesabatında da terrorçu təbliğatın artıq sadəcə informasiya yayımı vasitəsi olmadığı, onun işə cəlbetmə, radikallaşdırma, maliyyələşdirmə və hətta əməliyyat fəaliyyətinin elementinə çevrildiyi bildirilir. Hesabatda süni intellektin müxtəlif auditoriyalar üçün fərdiləşdirilmiş mesajlar hazırlamaq, çoxdilli təbliğatı genişləndirmək və maliyyə toplama fəaliyyətlərini dəstəkləmək üçün istifadə olunduğu qeyd edilir”.

aydin_huseynov.jpg (62 KB)

Deputat qeyd edib ki, əvvəllər terrorçu ideologiyanın yayılması üçün müəyyən media infrastrukturu, saytlar və xüsusi hazırlanmış təbliğat materialları lazım idi, süni intellekt isə çox qısa müddətdə müxtəlif dillərdə mətn, səs, görüntü və video hazırlamağa imkan verir:

“Bu, terrorçu qruplara eyni ideyanı müxtəlif cəmiyyətlərin, yaş qruplarının və sosial qrupların xüsusiyyətlərinə uyğun formada təqdim etmək imkanı yaradır. Beləliklə, təbliğat kütləvi olmaqla yanaşı, getdikcə fərdiləşə bilir. Bir şəxsə emosional, digərinə dini, başqa birinə siyasi və ya sosial narazılıq üzərindən təsir göstərən məzmun təqdim etmək texniki baxımdan daha asanlaşır. Azərbaycan Prezidenti və BMT də süni intellektlə yaradılan məzmunun və alqoritmik yayımın zərərli narrativlərin sürətini, miqyasını və əhatə dairəsini artırdığını vurğulayır. Terrorçuluqla mübarizə artıq yalnız sərhədlərin qorunması və fiziki təhlükəsizlik məsələsi deyil. Kiber məkan, sosial şəbəkələr və informasiya mühiti də milli təhlükəsizliyin bir hissəsinə çevrilib”.

Aydın Hüseynov deyib ki, Azərbaycanın yerləşdiyi region mürəkkəb geosiyasi və təhlükəsizlik mühitinə malikdir:

“Buna görə ölkənin terrorçuluğa qarşı mübarizə strategiyasında ənənəvi təhlükəsizlik tədbirləri ilə yanaşı, rəqəmsal təhlükəsizlik, informasiya mühitinin qorunması, süni intellektlə yaradılan saxta məzmunun aşkarlanması və terrorçuluğun maliyyə kanallarının rəqəmsal monitorinqi də getdikcə daha mühüm yer tutur. Qarşıdakı dövrdə dünyada terrorçuluğun əsas üstünlüyü daha çox onun əlində olan fiziki silahların sayında deyil, informasiya və texnologiyadan nə qədər effektiv istifadə edə bilməsində ola bilər. Süni intellekt bu baxımdan terrorçulara yeni “silah” verməklə yanaşı, terror ideologiyasının yayılmasını daha sürətli, daha ucuz, daha fərdiləşdirilmiş və transsərhəd edə bilər. Ona görə də Prezident İlham Əliyevin beynəlxalq əməkdaşlığa çağırışı təsadüfi deyil. Süni intellekt qlobal texnologiyadırsa, onun yaratdığı təhlükələrin qarşısının alınması da yalnız bir dövlətin imkanları ilə məhdudlaşa bilməz. Burada dövlətlər, beynəlxalq təşkilatlar, texnologiya şirkətləri və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq paralel şəkildə qurulmalıdır”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR