Onlayn ictimai-siyasi qəzet
Ötən yazımda məmurlarımız arasında çətir, aftafa və sairə kimi müəyyən əşyaların daşınması prosedurlarından bəhs etmişdim, buna əlaqədar orqanlardan xeyli müsbət reaksiyalar, təkliflər, səmərələşdirici üsullar gəlmişdir.
Məsələn, adının çəkilməsini istəyən, lakin mənim çəkmək istəmədiyim (kimin çətirini tutur, qoy o da adını çəksin, mən çəkməklə ona xeyir gəlməz) bir dövlət qulluqçusu yazır: “Problem aftafa daşımaq, çətir tutmaqla bitmir. Bu işin incəliklərini uzun illər dövlət qulluğu stajı olan məmurdan – məndən soruşun da bə. İş çoxşaxəli, məsuliyyətli və çətindir. Müdir gələndə cəld qaçıb maşının qapısını açmaq var, müdir oturanda stulu tez onun dalına sarı sürüşdürmək var, müdir otaqdan çıxıb getmək istəyəndə onun geyinməsi, əyninin qalın olması və xəstələnməməsi üçün palto, plaş və pencəyi havada hazır vəziyyətdə tutmaq var”.
Doğrudan da, məsələ çox ciddi imiş. Mən birinci cümləmdə “prosedur” sözünü elə ona görə işlətmişdim. Fikrimcə, müdirə qulluq qaydaları dövlətimizin qanunlarında öz əksini tapmalıdır. Burada özfəaliyyət məhz AMEA-dakı kimi krizislərə səbəb olur. Əgər qanunda müdirə çətir tutmaq yazılsa, daha niyə bəzi ağzıgöyçəklərin dilinə-dişinə düşərlər?
Bəzi şeylər var ki, mütləq qanuna salınmalıdır, yoxsa camaat əməl eləmir. Elə götürək milli-mənəvi dəyərlərimizi. Keçən il bu istiqamətdə yaxşı qanun qəbul olundu. Düzdür, o da müəyyən çətinliklər bahasına başa gəldi, misal üçün, bəzi deputatlar hətta etiraz edirdilər, deyirdilər, “milli-mənəvi dəyər” ifadəsini başa düşmürük. Ancaq qanun qəbul olundu, ondan sonra hamısı başa düşdü. Bildilər ki, milli-mənəvi dəyərlərimiz sırasında muğam oxuyanda yerdən bardaşqurma oturmaq, zənənlərə toyda araq süzməmək, həmçinin, efirdə zənənlərin bədən üzvlərini açıqlamamaq kimi mühüm məsələlər var imiş. Təbii ki, ağsaqqalı elçiliyə aparmaq, ağbirçək trolleybusa girəndə yerini ona vermək, qız uşağının saçını yerə dəyənə qədər uzatmaq, oğlan uşağına bığ qoymaq, gəlinin qaynana üçün süpürgə olması kimi vacib detallar da milli-mənəvi dəyərlərimizdəndir.
Süpürgə yazdım, yadıma düşdü, bugünlərdə xəbər saytımızda çox önəmli bir məişət detalı ətraflı izah edilmişdi. Sən demə, süpürgəni evdə hamama və qonaq otağına qoymaq evin enerjisini azaldırmış. Qapının dalına qoymaq olmazmış, çünki onda elə bil gələcəyə qapını bağlayırsan. Hətta süpürgənin evdə düzgün yerləşdirilməməsi ər-arvad arasında dava düşməsinə, uşağın repetitorda uğursuz sınaq imtahanı verməsinə, yaşlı ailə üzvlərinin qəfil yıxılıb ölməyinə səbəb ola bilirmiş!
Son günlər uşaqlar arasında yayılan kəskin-respirator xəstəliklər süpürgədəndir, böyük ehtimal. Həkimlərimizdən olası deyil ki?
Ancaq evdə tozsoran işlədənlər onu hara qoymalıdır – bu barədə sayın media orqanımız məlumat verməmişdi. Bu da istər-istəməz xalqda çaşqınlıq yaradır. Bəlkə biz tozsoranı da düz qoymuruq? Nəticədə kimsə yıxılıb ölsə, buna Milli Məclis cavab verəcəkmi? Niyə bunlar qanunlaşdırılmamışdır? Mən özüm dəfələrlə tozsorana ilişib yıxılmışam.
Həmin jurnalist araşdırmasında süpürgənin duruş forması da təsbit edilmişdi. Sitat: “Süpürgəni sapı yuxarı vəziyyətdə qoymaq tövsiyə olunur bu, onun "enerjisini" qorumağa və evi bəladan uzaq saxlamağa kömək edir” (lent.az).
Doğrudan da, süpürgənin təkcə özü yox, sapı da milli-mənəvi vəziyyətin stabilliyinə müsbət şərait yaradır. Əslində istənilən sapın aşağı vəziyyəti evdə bəla deməkdir. Bu, birmənalıdır.
Sonda uca millətimizə bu soyuq qışda sapı yuxarı, enerjili süpürgələr diləyirəm.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ