Onlayn ictimai-siyasi qəzet
Türkiyənin "Yeni Şafak" qəzetində keçmiş Qarabağ münaqişəsi ilə bağlı Qərb mediasında formalaşan narrativlər, onların Azərbaycan-Ermənistan sülh prosesinə təsiri barədə diqqətçəkən məqalə dərc olunub.
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyevin müəllifi olduğu yazı "Qarabağda keçmişi yaşatmağa çalışanlar kimlərdir?" adlanır.
Musavat.com bildirir ki, məqalədə Azərbaycanın Qarabağ zəfərindən sonra Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdığı qeyd olunub:
"Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinin irəliləməsi uzun illər davam edən münaqişənin başa çatdırılması baxımından mühüm imkan yaradıb. Lakin bölgədə yaranmış yeni reallıq bütün siyasi qüvvələr və cəmiyyətlər tərəfindən eyni şəkildə qəbul edilmir.
Bir tərəfdə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesinin uğurla nəticələnməsində maraqlı olan qüvvələr dayanır. Digər tərəfdə isə Qarabağ münaqişəsinin siyasi və ictimai təsirlərini gündəmdə saxlamağa çalışan çevrələr görünür.
Son dövrlərdə, xüsusilə Azərbaycan və Ermənistan arasında sülh perspektivinin gücləndiyi bir vaxtda Qərb mediasında Azərbaycanla bağlı yayımlanan bəzi materiallar bu baxımdan diqqət çəkir. Məsələn, Polşanın TVP World kanalında yayımlanan "Şərq Ekspresi" proqramı və "Reuters"də erməni rejissorun çəkdiyi "Black Garden" sənədli filmi ətrafında aparılan müzakirələr Qarabağ münaqişəsinin keçmişinə dair müəyyən narrativlərin yenidən gündəmə gətirildiyini göstərir".
Məqalədə vurğulanıb ki, burada əsas mübahisə Qarabağ probleminin hansı tarixi və siyasi kontekstdə təqdim olunması ilə bağlıdır:
"Münaqişəni yalnız Qarabağdakı erməni əhalisi ilə Azərbaycan arasında baş vermiş lokal qarşıdurma kimi təqdim etmək kifayət qədər natamam mənzərə yaradır. Çünki Birinci Qarabağ müharibəsi Ermənistan silahlı qüvvələrinin prosesdə iştirakı, Azərbaycanın Qarabağ bölgəsi ilə yanaşı ətraf yeddi rayonunun uzun illər işğal altında qalması və yüz minlərlə azərbaycanlının öz yaşayış yerlərindən didərgin düşməsi ilə müşayiət olunub.
Bundan başqa, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən qüvvələrin çıxarılmasını tələb edən qətnamələri də münaqişənin tarixi-siyasi çərçivəsinin mühüm hissəsidir. Buna görə də keçmiş Qarabağ münaqişəsi haqqında danışarkən hadisələrin yalnız bir tərəfinin təqdim edilməsi ümumi mənzərənin təhrif olunmasına səbəb ola bilər".
Məqalədə "Bəs Qərb mediasındakı narrativlərin arxasında nə dayanır?" sualına bu cür izah verilib:
"Məsələyə yalnız jurnalistlərin fərdi yanaşması kimi baxmaq da kifayət deyil. Çünki media müəyyən hadisələri hansı kontekstdə təqdim edir, hansı mənbələrə üstünlük verir və hansı mövzuları ön plana çıxarırsa, bunun ictimai rəyə təsiri də həmin istiqamətdə formalaşır. Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan əleyhinə siyasi və ictimai kampaniyaların aparılmasında erməni diaspor təşkilatlarının və lobbi şəbəkələrinin rolundan da danışılır. Eyni zamanda, Ruben Vardanyan kimi şəxslərlə əlaqəli siyasi və ictimai müdafiə qruplarının beynəlxalq informasiya məkanındakı fəaliyyəti də diqqət çəkir.
Belə fəaliyyətlərin məqsədi yalnız Qarabağ münaqişəsinin keçmişinə fərqli qiymət verməkdən ibarət deyil. Digər məqsəd Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin siyasi qiymətini artırmaq, Qarabağ məsələsini yenidən siyasi səfərbərlik vasitəsinə çevirmək və sülh prosesinə qarşı çıxan qüvvələrin mövqelərini gücləndirmək ola bilər".
Məqalə müəllifinin fikrincə, Paşinyanın sülh siyasəti də hədəfdədir:
"Qarabağ münaqişəsinin "ermənilər qurban, Azərbaycan isə təcavüzkar tərəfdir" formasında təqdim edilməsi Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh siyasətinə qarşı çıxan qüvvələrin də mövqeyini gücləndirə bilər. Çünki Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış Qarabağ narrativinin dəyişdirilməsi asan proses deyil. Sülh sazişinə yaxınlaşdıqca keçmiş münaqişəyə dair fərqli baxışların yenidən gündəmə gətirilməsi Ermənistan daxilində siyasi mübarizəyə də təsir göstərə bilər.
Azərbaycan ətrafında formalaşan informasiya gündəmini Cənubi Qafqazdakı digər geosiyasi proseslərdən ayrı nəzərdən keçirmək mümkün deyil. Azərbaycan-Ermənistan sülh prosesi, Rusiyanın Cənubi Qafqazdakı təsirinin əvvəlki səviyyədə olmaması, Avropanın enerji təhlükəsizliyi, yeni nəqliyyat marşrutlarının formalaşması və Azərbaycanla Qərb arasındakı münasibətlərin dəyişməsi eyni geosiyasi mənzərənin ayrı-ayrı elementləridir.
Azərbaycanın Türk dünyası ilə əlaqələrinin güclənməsi, Çinlə əməkdaşlığının genişlənməsi və müstəqil xarici siyasət xəttini qoruması da ölkənin regional və beynəlxalq əhəmiyyətini artıran amillər sırasındadır".
Məqalədə Azərbaycanın strateji əhəmiyyətinin artmasından da söz açılıb:
"Burada müəyyən paradoks da ortaya çıxır. Bir tərəfdən Azərbaycan Avropa üçün enerji və nəqliyyat baxımından getdikcə daha böyük strateji əhəmiyyət daşıyır. Cənubi Qafqazın Avropa ilə Asiya arasında bağlantısında Azərbaycanın rolu artır, Bakı yeni nəqliyyat və logistika arxitekturasında mühüm mövqe tutur. Digər tərəfdən isə Azərbaycanın geosiyasi çəkisinin artması ölkə ətrafında informasiya rəqabətinin də güclənməsi ilə nəticələnir. Bu səbəbdən Qərb mediasında Azərbaycanla bağlı bütün materialları vahid yanaşma ilə qiymətləndirmək düzgün olmaz. Onların hamısını "Azərbaycan əleyhinə kampaniya" adlandırmaq nə qədər birtərəfli yanaşmadırsa, bütün materialları tamamilə neytral jurnalistika kimi qəbul etmək də bir o qədər sadəlövh yanaşma olardı.
Media hansı mənbəni seçir, hadisənin hansı tərəfini ön plana çıxarır, tarixi hansı kontekstdə təqdim edir – bütün bunlar ictimai rəyin formalaşmasına təsir göstərir".
Müəllif bildirib ki, yeni reallıq informasiya mübarizəsini də dəyişir:
"Qarabağ müharibəsindən sonra bölgədə yalnız hərbi və siyasi reallıq dəyişməyib. Beynəlxalq informasiya məkanında Qarabağla bağlı formalaşmış təsəvvürlər də yenidən nəzərdən keçirilir. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazda yeni siyasi vəziyyət yaradıb. İndi əsas məsələ bu reallığın beynəlxalq ictimaiyyət tərəfindən necə qəbul ediləcəyi və sülh prosesinin hansı informasiya fonunda davam edəcəyidir.
Azərbaycanın enerji, nəqliyyat, Orta Dəhliz, Türk dünyası və Cənubi Qafqazdakı mövqeyi gücləndikcə ölkə ilə bağlı beynəlxalq informasiya mübarizəsinin də zəifləməsi deyil, əksinə, daha da intensivləşməsi ehtimalı böyükdür".
Xalidə Gəray
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ