İnsanlara hürriyət, millətlərə istiqlal!

Suriya prezidenti Trampa Nyu-Cersini İsrailə verməyi təklif etdi

İsrail öz təhlükəsizliyinə zərər verən və Yaxın Şərqdə sabitliyi pozan siyasətini dəyişdirməlidir.

Musavat.com xəbər verir ki, bunu Suriyanın prezidenti Əhməd əl-Şaraa Atlantik Şurası tərəfindən Nyu-Yorkda təşkil edilən tədbirdə çıxışı zamanı deyib:

"7 oktyabr 2023-cü ildə bəzi günahsız insanların başına gələnləri başa düşürəm, eyni zamanda inanıram ki, bütün siyasəti yalnız bir tarixi hadisəyə əsaslandırmaq mümkün deyil". O, "7 oktyabr hadisələrinin İsrailin Suriyaya qarşı siyasətinin əsasını təşkil etməsini yersiz" adlandırıb: "Əminəm ki, İsrailin təhlükəsizliyini gücləndirmək əvəzinə, ona problem yaradan bir sıra qərarlar qəbul edilib, çünki onlar regionu sabitsizləşdirir və təhdidlərin yaranmasına səbəb olur. Əminəm ki, problem Suriyada deyil, İsraildədir”.

Əhməd əl-Şaraa həmçinin tədbir zamanı ABŞ prezidenti Donald Trampla bir zaraftını qeyd edib. Onun sözlərinə görə, işğal olunmuş Qolan təpələrindəki vəziyyəti müzakirə edərkən zarafatla ABŞ prezidentinə Nyu-Cersini İsrailə verməyi təklif edib: "Və mən onunla (Tramp – red.) tamamilə unikal bir münasibət qurmuşam. Amma bir dəfə Ağ Evdə onu ziyarət edəndə zarafat etdim. Qolan təpələrinin İsrail suverenliyi altında olması barədə danışanda soruşdum: "Niyə Nyu-Cersi israillilərə vermirsiniz? Qolan təpələri sizə məxsus deyil, kiməsə vermək üçün, amma Nyu-Cersi sizindir. Bildiyim qədəri ilə, Trampa səs verməyən demokratlarla doludur. Ona görə də onu israillilərə vermək yaxşı olardı. Heç olmasa bu sizə məxsusdur, halbuki Prezident Tramp Qolan təpələrinə sahib deyil. Beləliklə, bu zarafatdan asılı olmayaraq, Qolan təpələri öz xalqına məxsusdur. Buna görə də nə Suriya prezidentinin, nə Amerika prezidentinin, nə də başqasının onları tərk etmək və ya başqalarına ötürmək hüququ yoxdur".

Qeyd edək ki, 1944-cü ildən bəri Suriyaya məxsus olan Qolan təpələri 1967-ci ildə Altı Günlük Müharibə zamanı İsrail tərəfindən ələ keçirilib. 1981-ci ildə İsrail ərazini birtərəfli şəkildə ilhaq edib, lakin bu ilhaq BMT Təhlükəsizlik Şurasının 17 dekabr 1981-ci il tarixli 497 saylı qətnaməsi ilə qanunsuz elan olunub. 2019-cu ildə, ilk səlahiyyət müddəti ərzində Tramp İsrailin Qolan təpələri üzərində suverenliyini tanıyan bəyannamə imzalayıb. Vaşinqtonun birtərəfli hərəkətlərinə qarşı təkcə Suriya və ərəb və İslam dünyasının digər ölkələri deyil, həm də əsas Avropa gücləri və ABŞ müttəfiqləri, o cümlədən Almaniya və Fransa da çıxış ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR