İnsanlara hürriyət, millətlərə istiqlal!

Syaopin Qorbaçova niyə “şaqua” demişdi?

Bu günlərdə rus-özbək metisi olan yazıçı Fyodor Rəzzakovun verdiyi geniş müsahibədə maraqlı detallar vardı.

Sovet dövründə Özbəkistanın kommunist lideri olmuş Şərəf Rəşidovun “yaxşı kişi” olduğunu iddia edən, 1982-ci ildən sonra Kremldə SSRİ-nin müsəlman respublikalarına qarşı münasibətin pisləşdiyini bildirən Rəzzakov müsahibəsinin bir yerində Mixail Qorbaçovla Çin lideri Den Syaopinin Pekində görüşdüyünü qeyd edir və deyir: “Qorbaçov Çində Den Syaopinə "yeni düşüncə tərzi" barədə danışanda Den qulaq asıb və sonra onu öz dilində "şaqua" ("axmaq") adlandırıb”.

Rəzzakov həmin görüşdə olmayıb və Syaopinin Qorbaçovu “şaqua” adlandırmasını sonradan Çin kommunistləri açıqlayıblar – yəqin ki, SSRİ dağılandan sonra. Çünki məhz o zaman aydın olub ki, Den Syaopin siyasətində müdriklik edib, Qorbaçov isə - mütrüflük.

Yazıçı bu qənaətdədir ki, Qorbaçovun yenidənqurması iqtisadiyyatı və ideologiyanı eyni vaxtda əhatə etdiyi halda, Syaopin ideologiyada heç bir islahat-mislahat aparmayıb, dəyişikliklər, eksperimentlər etməyib, gücü iqtisadi islahatlara verib və Çini bir tərəfə çıxarmağı bacarıb.

Doğrudan da Çinin bugünkü iqtisadi möcüzəsi, fenomenal tərəqqisi həmin o metrəyarımlıq boyu olan kişinin – Den Syaopinin xidmətidir və bu gün bunu Çində danan yoxdur.

Qorbaçovla Den Syaopinin görüşü 1989-cu ilin may ayının 6-da baş tutub. O vaxta qədər SSRİ ilə Çin arasında dərin intriqa (düşmənçilik də demək olar) vardı. İntriqanın motivi bu idi ki, Kremldəkilərin düşüncəsinə görə, rəsmi Pekin sözəbaxan olmalıydı, hər zaman Moskvanı eşitməliydi, onun direktivlərini əldə rəhbər tutmalıydı. Ancaq Mao Tzsedunun vaxtından Moskvaya endirməyən Çin kommunistləri SSRİ-ni idarə edən rəhbərlərin (Stalindən Qorbaçova qədər) dərin ağıllı olmadıqlarını anlayıblar və Moskvaya “bizim öz yolumuz var” deyiblər.

Hətta 1969-cu ilin mart ayında Ussuri çayındakı Damanski adası üstündə iki dövlət arasında qısamüddətli müharibə də olub. Avqust ayında Jalanaşkol gölündə daha bir münaqişə baş verib. Ondan sonra iki nəhəng kommunist dövlət ərazi mübahisələri səbəbindən tammiqyaslı müharibənin astanasına gəliblər. Ancaq tərəflər bir-birinin cürəpəsindən (boy-buxun), silahlarından və hüdudsuz insan resursundan çəkinərək, qanlı müharibəyə getməyib, 30-40 milyon insanı qurban verməyiblər. Beləcə, onlar heçi-köçü ayrı “küsülü qardaşlar”a çevriliblər.

Qorbaçovla Syaopin ilə görüşəndən sonra küsülülük sona yetib, Çin-SSRİ-nin münasibətləri normallaşıb.

Həmin tarixi görüş zamanı Den Syaopinin 85, Qorbaçovun isə 58 yaşı olub.

Başqa sözlə, Qorbaçov Syaopinin oğlu yaşdaymış, amma sovet lideri Çin rəhbərinə “elə edirəm, belə edirəm, yenidənqurma aparıram, aşkarlıq həyata keçirirəm, Stalin mifini sökürəm, demokratiya qururam” kimi söhbətlər edib. Den kişi bu söhbətlərə qulaq asandan sonra məlum ifadəsini (“şaqua”) işlədib. Çünki ağsaqqal anlayıb ki, bu yoldaş bu ağılla SSRİ-ni dağıdacaq.

Düzdür, marksizm ideologiyası “insanlara hürriyyət, millətlərə istiqlal” ideyasını, alternativ seçkiləri, Qərb demokratiyasını-filanı nəzərdə tutmur, amma çinlilər haqqın yolunu tapıblar, ideoloji məsələləri iqtisadi problemləri həll edəcək proqram və təşəbbüslərə qatmırlar. Yəni bu “sosialist ölkəsidir, burada hamı bərabər olmalıdır”, “özəl mülkiyyət olmamalıdır” kimi söhbətlər yoxdur.

Den Syaopin ona görə Qorbaçova “şaqua” deyib. Ağsaqqal özü Çinin bugünkü inkişafını, firavanlığını görmədən, 1997-ci ildə, 93 yaşında vəfat edib. Ancaq o, əmin imiş ki, Çini işıqlı yola çıxarıb. Həmin vaxt artıq Çini iqtisadi tərəqqiyə aparan tunelin sonunda işıq görünürmüş.

İndi siz Çinin də vəziyyətinə baxın, Qorbaçovun xələflərinin yaman günə qoyduğu Rusiyanın durumuna da. “Şaqua” siyasəti davam edir. Çünki nə Rusiyanı idarə edənlər, nə də idarə olunanlar çinlilər kimi deyillər – hər işdə, hər məsələdə.

Ara yerdə ruslar Karl Marksı urvatsız elədilər – Çindən fərqli olaraq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR