Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sabiq ombudsmanı, revanşist mövqeləri ilə tanınan Arman Tatoyan ABŞ-nin nüfuzlu nəşri “Newsweek”də dərc olunan məqaləsində TRIPP layihəsini Ermənistanla Azərbaycan arasında “real sülh sazişi” kimi təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edək ki, Tatoyan uzun illər Ermənistanın insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışdığı dövrdə Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib, birtərəfli mövqedən çıxış edib və revanşist çağırışları ilə yadda qalıb. O, faktiki olaraq işğal siyasətini müdafiə edən şəxslərdən biri olub.
İndi isə eyni Tatoyan ABŞ-nin təşəbbüsü ilə irəli sürülən TRIPP layihəsini “sülh platforması” kimi təqdim edərək, Ermənistan ictimaiyyətinə yeni siyasi mesajlar verməyə çalışır.
Arman Tatoyan məqaləsində bildirir ki, TRIPP təşəbbüsü hərbi gərginliyin qarşısını alıb.
Onun sözlərinə görə, ABŞ bu layihə vasitəsilə regionda dolayı sülh zəmanətçisi rolunu oynayır və eyni zamanda iqtisadi təsirini artırır.
Maraqlıdır ki, Tatoyan ombudsman olduğu dövrdə Azərbaycanın ərazi bütövlüyünü daim şübhə altına alan açıqlamalar verir, Qarabağ məsələsində beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırdı. Bu gün isə eyni şəxs “ərazi bütövlüyünə hörmət” və “iqtisadi inkişaf”dan danışır.
Məqalədə Tatoyan ABŞ hökumətinə çağırış edərək bildirir ki, sənəd Ermənistan ictimaiyyətinə “ərazi bütövlüyünə təhlükə yaratmır” kimi təqdim olunmalıdır.
Bu yanaşma göstərir ki, Tatoyan TRIPP layihəsini daxili siyasi alətə çevirməyə çalışır və onu seçki platformasının bir hissəsi kimi istifadə edir.
Politoloji baxımdan bu, klassik populist taktikadır: dünən münaqişəni körükləyənlər bu gün “sülh tərəfdarı” obrazına bürünürlər.
Beləliklə, Arman Tatoyanın “Newsweek”dəki yazısı sülh təşəbbüsündən çox, Ermənistan daxilində siyasi mövqe qazanmaq məqsədi daşıyır. Dünən Azərbaycan əleyhinə kampaniyalar aparan, birtərəfli ittihamlar səsləndirən bir şəxsin bu gün “sülh carçısı” kimi çıxış etməsi səmimi deyil. Bu, daha çox erməni siyasi dairələrinə xas olan klassik taktikanın - mövqeyə görə dəyişən ritorikanın növbəti nümunəsidir.
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ