Onlayn ictimai-siyasi qəzet
Dubaydan Təl-Əvivə uçan təyyarə BƏƏ-yə qayıtmaq tapşırığı alıb.
Musavat.com xəbər verir ki, bu barədə İsrailin "Channel 12" və "9-cu kanal"ı məlumat yayıb.
Məlumata görə, hava gəmisi yolun yarısından geri dönərək Dubaya istiqamətlənib.
Qeyd edək ki, sentyabrın 30-da səhər saatlarında "Flydubai" aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsi əvvəlcə "7700" təhlükə siqnalı, daha sonra isə ehtimal olunan qaçırılma zamanı istifadə edilən "7500" kodunu ötürüb.
Təl-Əvivə çatmazdan əvvəl layner Səudiyyə Ərəbistanının şimal hissəsi üzərində kursunu kəskin dəyişərək İordaniya sərhədinə doğru yönəlib. "Flightradar" xidməti təyyarənin bir dəqiqə ərzində 14 min fut (təxminən 4,2 km) kəskin hündürlük itirdiyini qeydə alıb. Heyətlə əlaqə kəsilsə də, bir neçə dəqiqədən sonra bərpa olunub.
Təyyarənin göyərtəsində 27-si uşaq olmaqla, ümumilikdə 174 sərnişin olub.
Hava gəmisi eniş üçün Səudiyyə Ərəbistanına yönləndirilib və Bakı vaxtı ilə saat 11:00 radələrində Tabuk aeroportuna enib. Təyyarəni əvvəlcə İsrail, daha sonra isə Səudiyyə Ərəbistanının qırıcıları müşayiət edib. Pilotlar təyyarədən çıxarılıb.
"Flydubai" sərnişinləri İsrailə çatdırmaq üçün Dubaydan əlavə reys ayıracaq.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ