Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan seçkiöncəsi siyasi ritorikanı kəskinləşdirən növbəti açıqlama ilə çıxış edib. O, ölkənin daxili siyasi gündəliyinin ciddi şəkildə dəyişdiyini bəyan edərək, müharibə ilə bağlı və keçmiş hakimiyyətləri təmsil edən siyasi qüvvələrə qarşı sərt mesajlar verib.
Musavat.com xəbər verir ki, Paşinyan bildirib: "Son müzakirələr Ermənistanın siyasi mühitində yeni reallıq yaradıb və bu reallıqda “müharibə ilə bağlı” və “keçmişi təmsil edən” üçlü siyasi bloklar parlamentə düşməməlidir. Onun sözlərinə görə, istintaq orqanlarının araşdırmaları nəticəsində həmin qüvvələrin öz tərəfdarlarını təhqiramiz ifadələrlə – “it”, “çaqqal” adlandırdığı üzə çıxıb.
Baş nazir vurğulayıb ki, Ermənistan vətəndaşlarının bu cür münasibəti qəbul etməsi inandırıcı deyil və belə yanaşma cəmiyyətə açıq hörmətsizlik deməkdir. O, seçiciləri bu siyasi qüvvələrə qarşı səsvermə yolu ilə münasibət bildirməyə çağırıb.
Paşinyan konkret olaraq "Güclü Ermənistan" bloku, Ermənistan Respublika Partiyası və Erməni İnqilabi Federasiyası (Daşnaksütyun) kimi qüvvələri qeyd edib və onların Robert Koçaryan ilə əlaqəli olduğunu bildirib.
Baş nazir əlavə edib ki, vətəndaşlar bu qüvvələri “siyasi mədəniyyətlərinə görə” rədd etməli və onları parlamentdən kənarda saxlamalıdır. Onun sözlərinə görə, qarşıdakı seçkilərdə bu üçlü siyasi qüvvələrin baryeri aşmaması Ermənistan üçün “yenilənmiş siyasi gündəliyin” əsas şərtidir.
E.Məmmədəliyev,
Musavat.com
08 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ