İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Rusiya ilə savaşın istiqamətini yenə dəyişir: ABŞ Ukraynanı böyük təhlükə qarşısında buraxır

Bundan sonrakı yeni mərhələdə artıq "ABŞ və Qərb Ukraynaya nə qədər silah verəcək" məzmunlu suallar daha aktual olmayacaq… Çünki "ABŞ və Qərb Ukraynanın öz hərbi sənayesini hansı səviyyəyə qədər qurmasına imkan yaradacaq" kimi suallar indi real situasiyaya daha uyğun görünür…

Ağ Evin gözlənilməz yeni qərarı rəsmi Kiyevi olduqca çətin seçim qarşısında qoyub. Belə ki, prezident Donald Tramp Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin göndərilməsini məhdudlaşdırıb. Bu isə dərhal ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyinin mövcud səviyyəsi ilə bağlı yeni geopolitik müzakirələrə yol açıb.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın bu addımı yalnız hərbi logistika problemi ilə bağlı deyil. Bu baxımdan, Ağ Ev sahibinin son qərarı, həm də ABŞ-ın qlobal təhlükəsizlik prioritetlərinin yenidən dəyişməyə başlaması kimi qiymətləndirilir. "Financial Times" nəşrinin yaydığı məlumata görə, prezident Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin yüzlərlə "Patriot" raketi ilə bağlı müraciətini hələlik təmin etmək istəmir. Ağ Evdən bunu İrana qarşı hərbi əməliyyatlardan sonra ABŞ-ın "Patriot" raket ehtiyatlarının ciddi şəkildə azalması ilə əsaslandırırlar. Və beləliklə, Ağ Ev ABŞ-ın milli müdafiə ehtiyatlarının qorunmasını Ukraynanın təcili hərbi ehtiyaclarından daha üstün tutur.

8ab43742-d3c6-4de7-b1a6-a819475218c3.jpg (199 KB)

Üstəlik, Ağ Ev sahibinin bu barədə qərarı Ukrayna üçün olduqca ağır bir hərbi-siyasi mərhələyə təsadüf edir. Prezident Volodimir Zelenski bildirib ki, 2026-cı ilin ilk yarısında Ukraynaya hava hücumundan müdafiə raketlərinin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə azalıb. Və onun sözlərinə görə, Ukraynaya müttəfiq ölkələrin arsenalında hazırda kifayət qədər raket ehtiyatı mövcuddur.

Ancaq raketlərin Ukraynaya göndərilməsi Qərbdəki siyasi qərarlardan və istehsal prosesinin sürətləndirilməsindən də asılıdır. Prezident Volodimir Zelenski xüsusilə də ballistik raketlərdən müdafiə imkanlarının zəifləməsinin Ukrayna üçün ciddi təhlükə yaratdığını vurğulayıb. Və bu səbəbdən də, prezident Volodimir Zelenski raket istehsalının qismən də olsa, məhz Ukrayna ərazisində lokallaşdırılmasının vacibliyini ön plana çıxarıb.

Bütün bunlarla yanaşı, "Reuters" agentliyi Ağ Ev və rəsmi Kiyev arasında "Patriot" raketlərinin Ukrayna ərazisində ortaq istehsalı ilə bağlı danışıqların hələ davam etdiyini bildirir. Hazırda müzakirə olunan ssenarilərdən biri raket komponentlərinin Ukraynada hazırlanması və yekun yığımın Avropa ölkələrində həyata keçirilməsi ilə bağlıdır. Eyni zamanda, digər variant isə Ukraynanın ABŞ və Avropa arasında formalaşdırılan ortaq raket istehsalı proqramına qoşulmasıdır.

6aa782ee-e61c-42a8-a755-7bcf4dc868c4.jpg (187 KB)

Belə yanaşmalar onu göstərir ki, ABŞ indiki mərhələdə Ukraynaya hazır silah tədarükünü mümkün qədər azaltmağa çalışır. Ancaq buna paralel olaraq, Ağ Ev uzunmüddətli perspektiv üçün Ukraynanın müdafiə sənayesini gücləndirməyə də üstünlük verir. Və belə model həm Ağ Evin maliyyə yükünü azalda, həm də rəsmi Kiyevin xarici hərbi tədarükdən asılılığını müəyyən qədər zəiflədə bilər.

Ukrayna ilə bağlı Qərbdə verilən digər önəmli qərara isə Avropa Birliyi müəlliflik edib. Belə ki, Avropa Birliyi hərbi xidmətə çağırıla biləcək yaşda olan ukraynalılar üçün tətbiq edilən müvəqqəti müdafiə mexanizmini dayandırmağa başlayıb. Bu addım Avropa ölkələrinin miqrasiya siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Və Ukrayna ordusunun canlı qüvvə resursları ilə bağlı imkanlarına da birbaşa təsir göstərə bilər.

Eyni zamanda, bütün bunlara paralel olaraq, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukraynaya "dondurulmuş" Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına əlavə 1,4 milyard avro ayrılacağını açıqlayıb. Üstəlik, bu maliyyə vəsaitin ilk növbədə əsasən müdafiə və təhlükəsizlik ehtiyaclarının maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Beləliklə, Avropa Birliyi bir tərəfdən, Ukraynaya maliyyə dəstəyini artırmağa çalışır. Digər tərəfdən isə Ukraynaya münasibətdə insan resursları və miqrasiya siyasətində daha sərt yanaşmaya üstünlük verir. Və bu isə Ukraynanın üzləşdiyi mövcud problemlərin hazırda yalnız hərbi deyil, həm də sosial-iqtisadi xarakter daşıdığını göstərir.

3b9ad177-9fbf-4027-aab8-8ed2214cbceb.jpg (232 KB)

Maraqlıdır ki, bütün bu proseslərə paralel olaraq, ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyalar paketinin sürətləndirilmiş qaydada qəbulunun dayandırılması da diqqət çəkir. Bu qərar Ağ Evin daxilində Rusiya siyasəti ilə bağlı vahid mövqenin hələ də formalaşmadığını nümayiş etdirir. Ən əsası isə son hadisələr onu göstərir ki, ABŞ və Qərbin Ukraynaya dəstəyi tamamilə dayanmasa da, onun forması tədricən dəyişməyə başlayıb.

Məsələ ondadır ki, ənənəvi birbaşa silah tədarükünün yerini indi tədricən ortaq istehsal layihələri, maliyyə mexanizmləri və müdafiə sənayesinin inkişafına yönəlmiş proqramlar tutur. Tramp administrasiyasının hazırda əsas məqsədinin ABŞ-ın strateji hərbi ehtiyatlarını qorumaq, eyni zamanda, müttəfiqlərin daha böyük məsuliyyət daşımasına nail olmaq istiqamətinə yönəldiyini düşünmək mümkündür. Avropa Birliyi isə daha çox maliyyə dəstəyini artırmaqla yanaşı, təhlükəsizlik və miqrasiya siyasətini də yenidən formalaşdırır.

Göründüyü kimi, Ukrayna müharibəsi ətrafında hazırda yeni və əvvəlkindən daha fərqli mərhələ başlayıb. Belə ki, bu mərhələdə artıq "ABŞ və Qərb Ukraynaya nə qədər silah verəcək" məzmunlu suallar daha aktual deyil. Çünki "ABŞ və Qərb Ukraynanın öz hərbi sənayesini hansı səviyyəyə qədər qurmasına imkan yaradacaq" kimi suallar real situasiyaya daha uyğun görünür. Və məhz bu kimi faktorlar yaxın illərdə həm Ukrayna müharibəsinin inkişaf istiqamətlərinə, həm də Avropanın məkanında təhlükəsizlik arxitekturasına ciddi şəkildə təsir göstərə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2026

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR