İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın “son şansı”na İrandan ŞOK REAKSİYA

ABŞ prezidenti Donald Tramp İranla bağlı növbəti sərt açıqlama verib. O bildirib ki, Tehran rəhbərliyi üçün diplomatik razılaşma əldə etmək baxımından “son şans” yaranıb və bu imkandan istifadə edilməyəcəyi təqdirdə ölkəni ciddi nəticələr gözləyəcək. Bununla yanaşı, Tramp İran rəhbərliyini “ikili oyun oynamaqda” ittiham edib. Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada İranla danışıqların davam etdiyini iddia edərək, bunun Tehran üçün son fürsət olduğunu bildirib.

O vurğulayıb ki, diplomatik səylər nəticə verməsə, ABŞ bütün variantları nəzərdən keçirməyə davam edəcək. Tramp daha əvvəl planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatı Yaxın Şərq ölkələrinin müraciətindən sonra dayandırdığını da xatırladıb.

MEHEMMED.jpg (68 KB)

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, bu, Trampın İrana verdiyi ilk “son şans” deyil, son aylarda o, bir neçə dəfə oxşar ritorikadan istifadə edib:

“2025-ci ilin sonlarından və xüsusilə 2026-cı ildə Tramp dəfələrlə İrana “son şans”, “indi razılaşın, sonra gec olacaq”, “hələ də diplomatiya üçün qapı açıqdır”, “əks halda ağır nəticələr olacaq” kimi xəbərdarlıqlar edib. Bunların bir hissəsi ABŞ-nin hərbi zərbələrindən əvvəl, bir hissəsi isə zərbələrdən sonra səsləndirilib. Hər dəfə də Vaşinqton diplomatik qapının tam bağlanmadığını göstərməyə çalışıb. Bu baxımdan, son bəyanat Trampın İran siyasətində yeni xətt deyil, əvvəlki ritorikanın davamıdır”.

Politoloqun fikrincə, bu cür xəbərdarlıqlara Tehranda müəyyən mənada “psixoloji immunitet” formalaşıb:

“İran rəhbərliyi hesab edir ki, ABŞ maksimum təzyiq siyasətindən danışıqlar zamanı psixoloji alət kimi istifadə edir. Son vaxtlar tez-tez “son şans” ifadəsi işlədilsə də, bunun ardınca tammiqyaslı müharibə baş verməyib. Bu da Tehranın belə bəyanatların hamısını eyni dərəcədə ciddi qəbul etməməsinə səbəb olur. Tehran hesab edir ki, ABŞ regionda böyük müharibənin siyasi və iqtisadi nəticələrini nəzərə alır və buna görə hədələr müəyyən həddə qədər blef xarakteri daşıyır. Tehran ABŞ-nin ritorikasını daxili və beynəlxalq auditoriyaya hesablanmış siyasi mesaj kimi qiymətləndirir. Ona görə də Trampın ardıcıl şəkildə “son şans” ifadəsini işlətməsi bu sözün çəkisini müəyyən qədər azalda bilər. Diplomatiyada eyni ultimatumun dəfələrlə təkrarlanması qarşı tərəfdə onun inandırıcılığını zəiflədir”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR