İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın yolu gecikir: TRIPP-i 2027-ci ilə kim saxladı?

Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan TRIPP layihəsinin praktiki icrasına başlanması gecikir. Hələ ötən ayın əvvəlində fiziki işlərin 2026-cı ilin sonunadək başlayacağı bildirilirdi. Son məlumata görə isə tikintinin başlanması 2027-ci ilin ilk aylarına keçirilib.

Musavat.com xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov əsas danışıqların ABŞ və Ermənistan arasında aparıldığını bildirib. Nazir qeyd edib ki, Vaşinqton Azərbaycanı proses barədə müntəzəm məlumatlandırır. Çünki Bakının iştirakı olmadan layihənin həyata keçirilməsi mümkün deyil. Bayramovun sözlərinə görə, danışıqlar uğurla davam edir. Buna baxmayaraq, əvvəl 2026-cı ilin sonuna gözlənilən fiziki işlərin başlanması artıq 2027-ci ilin ilk aylarına planlaşdırılır.

TRIPP-in Ermənistan ərazisindən keçəcək əsas hissəsinin təxminən 42 kilometr olacağı bildirilir. Yaradılacaq layihə şirkətində ABŞ-nin 74, Ermənistanın isə 26 faiz paya sahib olması nəzərdə tutulur. Ermənistan sərhəd, gömrük, vergi və təhlükəsizlik məsələlərinin öz suverenliyi çərçivəsində qalacağını bəyan edir. Lakin marşrutun dəqiq texniki xəritəsi, maliyyələşdirmənin tam mənbələri, yük və sərnişinlərin hansı gömrük rejimi ilə hərəkət edəcəyi, eləcə də təhlükəsizliyin kim tərəfindən təmin olunacağı barədə bütün detallar hələ ictimaiyyətə açıqlanmayıb. Buna görə başlanğıc tarixinin dəyişməsi adi texniki gecikmə ilə yanaşı, tərəflər arasında həllini tapmayan hüquqi və siyasi məsələlərin mövcudluğu ehtimalını da gündəmə gətirir.

Azərbaycan isə öz ərazisindəki işləri dayandırmayıb. Ölkənin əsas hissəsində dəmir və avtomobil yollarının Ermənistan sərhədinə qədər uzadılması davam etdirilir. Naxçıvanda təxminən 180 kilometrlik köhnə dəmir yolu xəttinin bərpasına başlanıb, layihə üçün maliyyə ayrılıb. Bu işlərin də 2027-ci ildə tamamlanması planlaşdırılır.

Azər Badamov: "Regionlarda dövlət müəssisələrinin cari təmirləri aparılmır"

Milli Məclisin deputatı Azər Badamov bu barədə fikirlərini Musavat.com-la bölüşdü: “Hesab edirəm ki, TRIPP layihəsinin gecikməsini yalnız texniki hazırlıq və mürəkkəb maliyyələşmə mexanizmi ilə izah etmək doğru deyil: “Burada bir neçə amil var və onların hər biri layihənin icra tempinə müəyyən təsir göstərir. 8 avqust 2025-ci ildə TRIPP ilə bağlı yekun razılaşmanın əldə olunması və ABŞ-ın layihəyə birbaşa cəlb edilməsi bu marşrutun artıq regional deyil, qlobal geosiyasi və iqtisadi əhəmiyyət daşıdığını göstərdi. Layihə üçün şirkətin yaradılması, maliyyə mexanizminin müəyyənləşdirilməsi və tərəflərin pay bölgüsünün razılaşdırılması da onun institusional əsaslarının formalaşdığını göstərir. Ona görə də bu mərhələdən sonra TRIPP-in qarşısını tamamilə almaq əvvəlki dövrlə müqayisədə daha çətindir. Amma hazırda layihənin praktiki icra mərhələsində müəyyən ləngimə müşahidə olunur. Mən bunu ilk növbədə ABŞ-ın diqqətinin İran və Yaxın Şərqdəki proseslərə yönəlməsi ilə əlaqələndirirəm. Vaşinqtonun qarşısında çox ciddi xarici və daxili siyasi problemlər var. Enerji qiymətlərinin artması, İran ətrafında gərginlik və ABŞ-da qarşıdakı aralıq seçkilər administrasiyanın diqqətinin böyük hissəsini özünə çəkir. Nəticədə TRIPP kimi strateji layihənin icrasında müəyyən yubanma yaranması mümkündür. Digər tərəfdən, Ermənistan faktorunu da nəzərdən qaçırmaq olmaz. İrəvan layihəni açıq şəkildə rədd etmir, amma onun mümkün qədər sürətli icrası istiqamətində də çox fəal davranmır. Burada Ermənistan daxilində müxtəlif yanaşmaların olması özünü göstərir. Xüsusilə gömrük, təhlükəsizlik, suverenlik və marşrut üzərində nəzarət məsələləri ilə bağlı müəyyən narahatlıqlar var. Ona görə Ermənistanın layihəni tam dayandırmaqdan daha çox, müəyyən mənada vaxt qazanmağa çalışdığını düşünürəm. Ancaq burada Azərbaycanın mövqeyi prinsipialdır: Azərbaycan Ermənistanın hansı addımı atacağını gözləməyəcək”.

Milli Məclis təmsilçisi onu da diqqətə çatdırdı ki, Bakı öz ərazisində nəqliyyat infrastrukturlarını paralel şəkildə inkişaf etdirir: “Naxçıvan istiqamətində dəmir yolu xəttinin yenilənməsi və bərpası ilə bağlı işlər davam etdirilir. Yəni Azərbaycan TRIPP-in reallaşmasında maraqlıdır, amma bu layihədən asılı vəziyyətdə deyil. Əgər Ermənistan prosesi süni şəkildə yubadarsa, bunun ən mühüm nəticələrindən biri Azərbaycanın alternativ nəqliyyat marşrutlarına daha çox diqqət yetirməsi olacaq. Bu isə əslində Ermənistan üçün də arzuolunan nəticə deyil. Çünki TRIPP-in əsas üstünlüklərindən biri Ermənistanın regional nəqliyyat və logistika sisteminə daha fəal şəkildə inteqrasiya olunmasıdır. Hesab edirəm ki, layihənin real icra mərhələsinə keçməsi 2027-ci ildən etibarən daha real görünür. Xüsusilə ABŞ-da aralıq seçkilər başa çatdıqdan sonra Vaşinqtonun xarici siyasət gündəliyində TRIPP-in daha ön plana çıxması və Ermənistan üzərində layihənin icrası ilə bağlı təzyiqin artması mümkündür. Azərbaycan üçün isə burada əsas məsələ vaxt itirmək deyil. Azərbaycan öz ərazisində bütün hazırlıqları görməklə həm layihənin reallaşmasına şərait yaradır, həm də alternativ ssenarilərini hazır saxlayır. Ona görə də TRIPP-in gecikməsini layihənin taleyinin qeyri-müəyyən olması kimi qiymətləndirməzdim. Əksinə, layihə artıq elə bir siyasi və geoiqtisadi mərhələyə çatıb ki, onun reallaşması regionun nəqliyyat xəritəsini ciddi şəkildə dəyişə bilər. Ermənistanın qarşısında isə seçim kifayət qədər aydındır: prosesə fəal qoşulmaq və bundan iqtisadi-siyasi dividentlər əldə etmək, yaxud prosesi yubadaraq Azərbaycanın alternativ marşrutlarını daha da sürətləndirməsinə şərait yaratmaq”.


Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR