İnsanlara hürriyət, millətlərə istiqlal!

“Turan şengeni” gəlir - Şəxsiyyət vəsiqəsi ilə….

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi istiqamətində iş aparılır. Bu barədə APA-ya açıqlamasında TDT Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

Bəs Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vətəndaşlarının pasportdan istifadə etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi hansı istiqamətlərdə əhəmiyyətli ola bilər?

Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, təşkilat daxilində inteqrasiyanın praktiki mərhələyə keçməsi diqqətəlayiqdir: “Bu təşəbbüs ilk baxışda yalnız səyahət prosedurunun sadələşdirilməsi kimi görünə bilər. Əslində isə onun iqtisadi, turizm, nəqliyyat, humanitar və sosial baxımdan daha geniş nəticələri ola bilər. Əvvəla, şəxsiyyət vəsiqəsi ilə səfər imkanının yaradılması TDT ölkələri arasında insanların sərbəst və daha rahat hərəkətliliyini təmin edəcək. Pasportun hazırlanması, yenilənməsi və səfər zamanı onun daşınması ilə bağlı prosedurların aradan qalxması qısa müddətli səfərləri əhəmiyyətli dərəcədə asanlaşdıra bilər. Bu, xüsusilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında turizm əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradacaq”.

Aydın Hüseynov: Azərbaycanın əldə etdiyi iqtisadi nəticələr dayanıqlı  inkişaf strategiyasının real göstəricisidir - AZƏRTAC

Onun fikrincə, digər mühüm istiqamət biznes əlaqələridir: “Türk dövlətləri arasında ticarət və investisiya münasibətləri genişləndikcə sahibkarların sərgilərə, biznes forumlarına, danışıqlara və digər tədbirlərə operativ şəkildə qatılması daha böyük əhəmiyyət qazanır”.

Deputat hesab edir ki, bu məsələni Orta Dəhlizin inkişafı kontekstində də qiymətləndirmək lazımdır: “Azərbaycan üzərindən Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən nəqliyyat marşrutları genişləndikcə burada yalnız yük və logistika axınlarının deyil, insan hərəkətliliyinin də artırılması vacibdir”.

A.Hüseynov qey edib ki, təşəbbüsün təhsil və elm sahəsində də ciddi potensialı var: “TDT ölkələrində universitetlər arasında mübadilə proqramları, tələbə və müəllim səfərləri, elmi konfranslar və birgə tədqiqat layihələri genişlənir. Sənədləşmə prosedurlarının sadələşdirilməsi bu əlaqələrin daha intensiv xarakter almasına şərait yarada bilər. Əgər təşəbbüs bütün üzv ölkələri əhatə edən davamlı mexanizmə çevrilərsə, TDT-nin insanların gündəlik həyatında hiss etdiyi ən mühüm inteqrasiya layihələrindən biri ola bilər”.

Qeyd edək ki, TDT-yə üzv ölkələr Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Türkmənistan isə müşahidəçi ölkədir.

Etibar Seyidağa,
Musavat. com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR