İnsanlara hürriyət, millətlərə istiqlal!

“Turan Tovuz” “Fənərbaxça” ilə qarşılaşacaq - 32 il sonra

Azərbaycan futbolunda diqqətçəkən əməkdaşlıqlardan birinə doğru mühüm addım atılıb. Musavat.com xəbər verir ki, “Turan Tovuz" klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakıda Türkiyənin nəhəng futbol klublarından olan “Fənərbaxça”nın prezidenti Aziz Yıldırımla işgüzar görüş keçirib. Bu barədə Tovuz klubunun feysbuk səhifəsi məlumat yayıb.

Görüş zamanı tərəflər arasında əsas müzakirə mövzusu “Turan Tovuz”la “Fənərbaxça” arasında keçiriləcək yoldaşlıq oyununun təşkili olub. Aparılan fikir mübadiləsinin nəticəsi olaraq qarşılaşmanın növbəti milli komandaların oyunları ilə əlaqədar fasilə dövründə keçirilməsi barədə razılıq əldə olunub.

Əziz Yıldırım Bakıda: "Turan Tovuz" "Fənərbağça" ilə oyun keçirəcək? -  Globalinfo.az

Bununla yanaşı görüşdə iki klub arasında uzunmüddətli əməkdaşlıq imkanları da geniş şəkildə müzakirə edilib. Tərəflər futbolun müxtəlif istiqamətləri üzrə birgə layihələrin reallaşdırılması, qarşılıqlı təcrübə mübadiləsinin aparılması və əlaqələrin davamlı inkişaf etdirilməsi barədə ortaq mövqe nümayiş etdiriblər.

Heç şübhəsiz ki, bu görüş Azərbaycan və Türkiyə futbolu arasında əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm addımdır. Xüsusilə “Turan Tovuz”-“Fənərbağça” yoldaşlıq oyununun baş tutacağı təqdirdə, qarşılaşmanın hər iki ölkənin futbolsevərləri tərəfindən böyük maraqla izlənəcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, “Turan” və “Fənərbaxça” arasında əlaqələr yeni deyil. Tovuz təmsilçisi 1994-cü ildə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində məhz "Fənərbaxça" ilə üz-üzə gəlmişdi. Türkiyə klubu iki oyunun cəminə görə 7:0 hesabı ilə növbəti mərhələyə yüksəlmişdi.


Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR