İnsanlara hürriyət, millətlərə istiqlal!

Türk Dövlətləri İstanbulda toplaşır - İranla bağlı kritik qərar verilir

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində sabah İstanbulda qurumun Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək. Heç şübhəsiz ki, əsas müzakirə mövzusu regionun “barıt çəlləyi”nə dönməsi olacaq.

Toplantının məhz indiki həssas mərhələdə çağırılması müxtəlif suallar doğurur.

Türk dünyasının diplomatik platformasında hansı mesajlar veriləcək? Təşkilat üzvləri regionda artan gərginliyə qarşı ortaq mövqe formalaşdıra biləcəklərmi? Türk Dövlətləri Təşkilatı qarşıdurmanın genişlənməsi və üçüncü ölkələrin hədəfə alınması ilə bağlı hansı mövqeni ortaya qoyacaq? Tehranla bağlı proseslər Türk dünyasının təhlükəsizlik gündəliyinə necə təsir edəcək?

MİRZEBEY.jpeg (77 KB)

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirib ki, İstanbulda keçiriləcək Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası sadəcə məsləhətləşmə xarakteri daşımır:

“Bu toplantı faktiki olaraq Türk dünyasının regionda sürətlə dəyişən geosiyasi vəziyyətə reaksiyasını formalaşdırmaq baxımından mühüm diplomatik platformaya çevrilir. İclasın məhz ABŞ, İsrail və İran arasında davam edən hərbi qarşıdurmanın kəskinləşdiyi bir mərhələdə çağırılması göstərir ki, Türk Dövlətləri Təşkilatı regional təhlükəsizlik və siyasi koordinasiya platforması kimi də fəaliyyətini genişləndirir. Toplantıya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın qatılması təşkilatın əsas siyasi nüvəsinin eyni mövqedən çıxış etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu dövlətlər Avrasiyanın strateji kəsişmə nöqtəsində yerləşir və Yaxın Şərqdə baş verən hər hansı hərbi eskalasiya onların təhlükəsizlik mühitinə, enerji və nəqliyyat dəhlizlərinə, eləcə də regional sabitliyə birbaşa təsir göstərir. Məhz buna görə də İstanbul görüşü bir növ Türk dünyasının geosiyasi refleksinin necə formalaşdığını nümayiş etdirə bilər”.

Deputatın sözlərinə görə, ABŞ və İsrail ilə İran arasında davam edən müharibə regionda balansın ciddi şəkildə dəyişməsi riskini yaradır:

“Bu qarşıdurmanın genişlənməsi yalnız Yaxın Şərqlə məhdudlaşmaya və onun təsirləri Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada hiss oluna bilər. Türk Dövlətləri Təşkilatının üzv ölkələrinin əksəriyyəti İranla ya birbaşa sərhədə malikdir, ya da yaxın coğrafiyada yerləşir. Bu baxımdan, Tehran ətrafında baş verən proseslər təkcə beynəlxalq siyasətin hadisəsi deyil, Türk dünyasının təhlükəsizlik gündəliyinin bir hissəsidir. İstanbul iclasının gündəliyində əsas müzakirə mövzusunun məhz İran faktorunun olması təsadüfi deyil. Müharibənin gedişində üçüncü ölkələrin hədəfə alınması ehtimalı, enerji infrastrukturlarına və nəqliyyat marşrutlarına təhlükə yaranması kimi risklər TDT ölkələrinin ortaq mövqedən çıxış etməsini zəruri edir. Bu baxımdan toplantıda verilə biləcək ən mühüm mesajlardan biri qarşıdurmanın genişlənməsinin qarşısının alınması və diplomatik həll mexanizmlərinin dəstəklənməsi ilə bağlı kollektiv çağırış ola bilər”.

Müsahibimiz hesab edir ki, Türk Dövlətləri Təşkilatının diplomatik mövqeyi böyük ehtimalla balanslaşdırılmış və praqmatik olacaq:

“Təşkilatın üzv ölkələri müxtəlif geosiyasi mərkəzlərlə paralel münasibətlərə malikdirlər. Bu səbəbdən TDT-nin əsas məqsədi regionun daha geniş müharibə zonasına çevrilməsinin qarşısını almaq və siyasi dialoqu təşviq etmək olacaq. Belə bir mövqe həm təşkilatın kollektiv maraqlarına, həm də onun beynəlxalq nüfuzunun artmasına xidmət edir.

Eyni zamanda bu iclas Türk Dövlətləri Təşkilatının institusional inkişafı baxımından da əhəmiyyətlidir. Son illərdə təşkilatın fəaliyyəti iqtisadi əməkdaşlıq, nəqliyyat dəhlizlərinin inkişafı və siyasi koordinasiya sahələrində əhəmiyyətli dərəcədə genişlənib. Orta Dəhliz layihəsi, enerji əməkdaşlığı və təhlükəsizlik sahəsində artan koordinasiya göstərir ki, Türk dünyası artıq regional geosiyasətdə kollektiv aktor kimi çıxış etməyə başlayır. İstanbul görüşü bu tendensiyanın davam etdiyini və təşkilatın beynəlxalq hadisələrə reaksiyasının daha sistemli xarakter aldığını göstərən növbəti addım kimi qiymətləndirilə bilər.

Mümkün qərarlara gəldikdə, ilk növbədə regionda hərbi eskalasiyanın dayandırılması və diplomatik danışıqların bərpasına çağırış edən ortaq bəyanatın qəbul olunması gözləniləndir. Bundan əlavə, təhlükəsizlik sahəsində məsləhətləşmə mexanizmlərinin gücləndirilməsi, informasiya mübadiləsinin artırılması və potensial humanitar risklərə qarşı koordinasiyanın genişləndirilməsi kimi addımların müzakirə olunması mümkündür. Xüsusilə də enerji infrastrukturlarının təhlükəsizliyi və nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi TDT ölkələri üçün strateji əhəmiyyət daşıyır.

Tehranla bağlı proseslər Türk dünyasının təhlükəsizlik gündəliyini aktual edir. İran ətrafında baş verən hər hansı hərbi-siyasi dəyişikliklər Cənubi Qafqaz və Mərkəzi Asiya üçün yeni risklər yarada bilər. Bu vəziyyət TDT ölkələrini daha sıx koordinasiya və qarşılıqlı məsləhətləşmələrə sövq edir. İstanbul görüşü məhz bu koordinasiyanın gücləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR