Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Bakıda təşkil olunan "Türk dünyası dialoqları: ortaq gələcək, ortaq vizyon" adlı panel iştirakçılarına müraciət edib.
Musavat.com-un məlumatına görə, Burhanettin Duran tədbir iştirakçılarına müraciətində türkdilli xalqların inteqrasiyasının strateji əhəmiyyətini vurğulayıb.
Türkiyə rəsmisi bildirib:
"Türk dünyası dedikdə ortaq tariximizlə yoğrulmuş, köklü türk sivilizasiyamızdan, müştərək dil və mədəniyyət arealımızdan bəhs edirik. Güclü irsimiz bizi bir-birimizə möhkəm bağlamaqla yanaşı, bu günümüzə istiqamət, ortaq gələcəyimizə isə üfüq açır.
Türk dünyasının gələcəyi köklü irsimizdən aldığımız ilham və dövrümüzün tələblərinin yerinə yetirilməsi əsasında formalaşacaq. Bildiyiniz kimi, bu gün beynəlxalq sistem getdikcə dərinləşən böhranlar, artan geosiyasi rəqabət, kövrək təchizat zəncirləri, enerji və ərzaq təhlükəsizliyi problemləri, iqlim dəyişikliyi, nizamsız miqrasiya, kiber təhdidlər və dezinformasiya kimi çoxşaxəli çağırışlarla üz-üzədir. Belə bir dövrdə türk dünyasının ortaq ağıl və güclü koordinasiya şəraitində hərəkət etməsi tarix qarşısında daşıdığımız məsuliyyətin və zamanın tələblərinin təbii nəticəsidir. Qarşılaşdığımız şərtlər aramızdakı həmrəyliyi daha möhkəm və təsirli zəmində gücləndirməyimizi zəruri edir. Türk Dövlətləri Təşkilatı bu baxımdan açıq və aydın bir vizyonun daşıyıcısıdır".
Burhanettin Duran əlavə edib ki, hazırkı dünyada üzləşdiyimiz şərait aramızdakı həmrəyliyi daha da möhkəmləndirməyimizi və müəyyən olunmuş hədəflərə çatmağımızı zəruri edir:
"Bu tədbir də tarixi boyu daşıdığımız məsuliyyətin və zamanın tələblərinin təbii nəticəsidir. Türk Dövlətləri Təşkilatı bu baxımdan regional əməkdaşlıq platformasına, koordinasiyanı artıran, iqtisadi artımı dəstəkləyən və beynəlxalq əməkdaşlığa açıq bir baxışa sahibdir. Xəzər keçidli Orta Dəhlizdən tutmuş enerji və nəqliyyat sahələrinə, ticarət inteqrasiyasından rəqəmsal iqtisadiyyata, süni intellektdən fəlakət və fövqəladə halların idarə olunmasına qədər bir çox sahədə genişlənən tərəfdaşlıqlar Türk dünyasının malik olduğu böyük potensialın göstəriciləridir".
O qeyd edib ki, bu prosesdə media və kommunikasiya sahəsindəki əməkdaşlıq da strateji əhəmiyyət kəsb edir:
"Rəqəmsal dövr bizə mühüm imkanları təqdim edərkən həqiqəti hədəf alan yeni təhdidləri də bərabərində gətirir. Dezinformasiya, rəqəmsal manipulyasiya cəmiyyətlərimizin dinc həyatına, qurumlarımıza olan inama və ölkələrimiz arasındakı həmrəyliyə mənfi təsir göstərə bilər. Bu səbəbdən Türk dövlətləri olaraq media və kommunikasiya sahəsindəki əməkdaşlığımızı daha da gücləndirməli, məlumat və təcrübə mübadiləsini artırmalı, birgə platformalar yaratmalı və xüsusən də böhran dövründə əlaqələrimizi daha da möhkəmləndirməliyik".
Burhanettin Duran bildirib ki, ortaq dilimizin, mədəni irsimizin rəqəmsal dünyada daha çox görünməsi böyük əhəmiyyət kəsb edir:
"Süni intellekt və yeni kommunikasiya texnologiyaları yalnız izlədiyimiz inkişaflar deyil, birlikdə istiqamət verəcəyimiz sahələrdir. Birgə səylərimiz sayəsində ortaq baxışımızı rəqəmsal gələcəyə daşımaqla qlobal nizama daha güclü və təsirli töhfə verə bilərik".
O əlavə edib ki, yaxın gələcəkdə, Türkiyə Cümhuriyyətinin yaranmasının növbəti ildönümü günü - 29 oktyabrda keçiriləcək Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası və 30 oktyabrda təşkil olunacaq Liderlər Sammiti bu ortaq yürüşdə yeni dönüş nöqtəsi olacaq.
E.Paşasoy,
Musavat.com
12 Oktyabr 2026
11 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ