İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada qanlı gecə: Kiyevdə uşaq, Odessada 6 mülki şəxs həlak oldu

Rusiya ordusu aprelin 16-na keçən gecə Ukraynanın iri şəhərlərinə son dövrlərin ən genişmiqyaslı hava hücumlarından birini reallaşdırıb.

Musavat.com xəbər verir ki, kütləvi raket və PUA zərbələri nəticəsində paytaxt Kiyev başda olmaqla, Dnepr, Odessa, Zaporojye və Xarkovda ciddi dağıntılar baş verib, mülki əhali arasında itkilər qeydə alınıb.

Paytaxtın mərkəzi rayonlarına düşən raket qalıqları nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən birinin 12 yaşlı oğlan uşağı olduğu bildirilir. Şəhər meri Vitali Kliçkonun məlumatına görə, 45 nəfər xəsarət alıb, onlardan 26-sı ağır vəziyyətdə xəstəxanalara yerləşdirilib. Hadisə yerinə gələn təcili yardım briqadaları təkrar atəşə məruz qalıb, 4 tibb işçisi yaralanıb.

Dnepr şəhərində 2 nəfər həlak olub, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhərdə yaşayış binaları, qarajlar və avtomobillər yanır, təhsil müəssisələri ciddi zərər görüb. Vilayətin digər bölgələrində, o cümlədən Nikopolda da itkilər var.

Liman şəhəri gecə ərzində bir neçə hücum dalğasına məruz qalıb. Nəticədə 6 nəfər həlak olub, 11 nəfər yaralanıb. Xadjibəy rayonunda yaşayış binası və infrastruktur obyektləri dağılıb, partlayış dalğası bir neçə binanın 300-dən çox pəncərəsini sıradan çıxarıb.

Zaporojyedə 1 qadın həlak olub, şəhərə azı 5 raket zərbəsi endirilib. Xarkovun Nemışlyanski rayonunda isə 2 nəfər yaralanıb, yaşayış evləri və qaz kəməri zədələnib.

Ukrayna Hərbi Hava Qüvvələri hücumun ballistik raketlər və "Geran-2" tipli kamikadze dronları ilə həyata keçirildiyini bildirib. Hazırda dağıntılar altında qalanların axtarış-xilas etmə işləri davam edir. Beynəlxalq müşahidəçilər bu hücumu Rusiyanın Ukraynanın mülki infrastrukturunu çökdürmək üçün həyata keçirdiyi ən amansız aktoalardan biri kimi qiymətləndirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR