Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Cənubi Qafqaza səfərə yola düşüb. Məlumata görə, Vensin Ermənistan və Azərbaycana səfəri ABŞ Administrasiyasının sülh səylərinin, eləcə də “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.
Maraqlıdır ki, Vensin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə bağlı ehtimal səslənir.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da şəxsi sosial media hesabında bu barədə paylaşım edib.
“Təzyiqlərə əla cavab Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması olacaq”, - deyə diplomat yazıb.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev hesab edir ki, vacib olan Azərbaycan və ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması barədə hər iki ölkənin siyasi liderinin verdiyi qərar və bununla bağlı həyata keçirilən prinsipial siyasətdir.

Musavat.com-a şərhində deputat xatırladıb ki, ötən ilin avqustun 8-də münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması ilə bağlı Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrup təsis olundu. Bu barədə Prezident İlham Əliyev və Donald Tramp Azərbaycan Respublikası Hökuməti və ABŞ Hökuməti arasında Anlaşma Memorandumu imzaladılar:
“Müstəqillik əldə etdiyi gündən bu günə qədər Azərbaycan Respublikasının 30 dövlətlə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıb. Bəzi ölkələrlə isə strateji müttəfiqlik barədə ikitərəfli müqavilə imzalanıb. 25 ölkə ilə strateji tərəfdaşlıq haqqında yazılı şəkildə siyasi sənəd mövcuddur. Böyük Britaniya, İsrail, ABŞ, müəyyən mənada Səudiyyə Ərəbistanı ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsində olsa da, hər hansı siyasi-hüquqi sənədlə hələ ki, təsbit olunmayıb.
Strateji tərəfdaşlıq münasibətləri saxladığımız dövlətlərdən 10-u Avropa İttifaqının üzvüdür. ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının əməkdaşlıq sferası çox genişdir: enerji, nəqliyyat, tranzit daxil olmaqla regional bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur, təhlükəsizlik və terrorla mübarizə, müdafiə təyinatlı məhsulların alışı ilə bağlı məsələlər və s.”
Xarici İşlər Nazirliyi də Prezident İlham Əliyevin tarixi Vaşinqton səfərindən sonra yaydığı açıqlamada məsələyə “ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edən” sənəd kimi qiymət verib.
Rizvan Nəbiyev bildirib ki, bizim müqavilə-hüquq təcrübəmizdə strateji tərəfdaşlıq sənədləri bir qayda olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanır, lakin qarşı tərəfin protokol əsasnamələri, müqavilə-hüquq təcrübəsi də nəzərə alınır və ortaq məxrəcə gəlinir:
“Bəzən sənədlər imzalanmır, qəbul olunur, bu forma, qəbuletmə həmin sənədin yaratdığı öhdəliklərə heç bir təsir etmir. ABŞ və Azərbaycan arasında son 6 ayda olan aktiv siyasi dialoqu və imzalanan sənədləri nəzərə alsaq, önəmli olan Strateji Tərəfdaşlıq Xartiyasının məzmunu, münasibətlərin həqiqətən strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması və sənəddə əks olunan məsələlərin implementasiyası üçün hər iki ölkənin siyasi liderinin prinsipial mövqeyi və iradəsidir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ