Onlayn ictimai-siyasi qəzet
İranın ali lideri ayətullah Əli Xamenei ölkədə artan daxili gərginlik və ABŞ-la hərbi toqquşma riskinin pik həddə çatdığı bir vaxtda xalqa müraciət edib.
Musavat.com xəbər verir ki, fevralın 11-də qeyd olunacaq İslam İnqilabının 47-ci ildönümü münasibətilə videoçarx yayımlayan Xamenei iranlıları kütləvi şəkildə mitinqlərə qatılmağa səsləyib. Öz çıxışında hərbi gücdən daha çox mənəvi iradəyə diqqət çəkən ali lider, "milli güc raketlərdən və təyyarələrdən daha çox millətlərin iradəsi və dözümlülüyü ilə bağlıdır; siz bu dözümlülüyü nümayiş etdirmisiniz və digər anlarda da bunu sübut etməlisiniz" deyə bildirib.
Lakin bu müraciətin ən diqqətçəkən tərəfi onun məzmunu deyil, zamanlaması və yayımlanma forması olub. Belə ki, ali lider fevralın 8-də 37 illik qəti ənənəni pozaraq Hərbi Hava Qüvvələrinin komandanları ilə hər il keçirilən görüşə qatılmayıb. 1989-cu ildən bəri ilk dəfə baş verən bu "qayıb" rəsmi dairələrdə və beynəlxalq kəşfiyyatda böyük suallar doğurub. Xüsusilə Donald Tramp administrasiyasının bölgəyə əlavə hərbi qüvvələr yerləşdirdiyi və İsrailin "təkbaşına vurarıq" ultimatumu verdiyi bir şəraitdə Xameneinin hərbçilər qarşısına çıxmaması onun səhhəti və ya təhlükəsizlik səbəbi ilə gizli bunkerə çəkilməsi barədə şayiələri alovlandırıb.
Tehrandakı siyasi analitiklər hesab edirlər ki, ali liderin fiziki olaraq görünməməsi və video müraciətində raket gücünü arxa plana keçirməsi, rejimin hərbi deyil, yalnız "xalq dəstəyi" görüntüsü ilə qorunmağa çalışdığının etirafıdır. İnqilab günü ərəfəsində islahatçı liderlərin kütləvi həbsi ilə müşayiət olunan bu çağırış, rejimin fevralın 11-də baş verə biləcək mümkün etiraz aksiyalarından nə qədər narahat olduğunu bir daha nümayiş etdirir.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ