Onlayn ictimai-siyasi qəzet
Bir çox insan kifayət qədər yatmasına baxmayaraq səhərlər yorğun oyanır.
Demokrat.az-ın məlumatına görə, fen-şuy mütəxəssisləri hesab edirlər ki, bunun səbəblərindən biri yataq otağındakı atmosfer və əşyaların yerləşdirilməsi ilə bağlı ola bilər.
Fen-şuy üzrə mütəxəssis Patrisiya Traversanın sözlərinə görə, yuxu zamanı insanın bədəni bərpa prosesinə keçir və buna görə də yataq otağında sakit və rahat mühit yaratmaq vacibdir.
Yataq otağında İnyan balansı
Mütəxəssis bildirir ki, yataq otağında əsasən sakitlik və rahatlıqla əlaqələndirilən "İn" enerjisi üstün olmalıdır. Bununla yanaşı, az miqdarda "Yan" enerjisi də otağın cansıxıcı görünməməsi üçün lazımdır.
Açıq və yumşaq rənglərin rahatlamağa kömək etdiyi, çox parlaq rənglərin isə (qırmızı, narıncı və həddindən artıq yaşıl tonlar) insanı gərgin saxlaya biləcəyi iddia olunur. Güclü işıqlandırmanın da yuxuya mənfi təsir göstərə biləcəyi qeyd edilir.
Yatağın yerləşməsi önəmlidir
Fen-şuya görə, yataq otağının əsas elementi yataqdır. İdeal variant kimi başlığın pəncərə və qapı olmayan möhkəm divara söykənməsi göstərilir.
Eyni zamanda yatağın giriş qapısını görməsi, lakin birbaşa qapının qarşısında yerləşməməsi tövsiyə olunur. Bunun insanda təhlükəsizlik və rahatlıq hissi yaratdığı düşünülür.
Güzgülərə diqqət
Mütəxəssis yataq otağında güzgülərin yerləşdirilməsinə xüsusi diqqət yetirməyi məsləhət görür. İddiaya görə, yuxu zamanı insan öz əksini görürsə, güzgünü örtmək və ya başqa yerə köçürmək daha yaxşıdır.
Fen-şuy inanclarına əsasən, güzgülər otaqdakı enerjini "çoxalda" və dincəlməyə mane ola bilər.
Səliqə və havalandırma vacibdir
Yataq otağında artıq əşyaların, dağınıqlığın və istifadə olunmayan predmetlərin saxlanılması tövsiyə edilmir. Mütəxəssislər hesab edir ki, səliqəli məkan beyində təhlükəsizlik və rahatlıq hissini gücləndirir.
Həmçinin otağın mütəmadi havalandırılması məsləhət görülür. Səhərlər qısa müddətə pəncərənin açılmasının havanı yenilədiyi bildirilir.
Dekor da əhval-ruhiyyəyə təsir edir
Fen-şuya görə, yataq otağında istifadə olunan şəkillər və dekor elementləri də önəmlidir. Kədər, zorakılıq və konflikt hissi yaradan təsvirlərdən uzaq durmaq tövsiyə edilir.
Cütlüklərin yataq otağında sevgi və harmoniya simvollarından istifadə edə biləcəyi, lakin böyük su mənzərələri və uşaqların fotolarının yerləşdirilməsinin məsləhət görülmədiyi qeyd olunur.
Bundan əlavə, fen-şuy yanaşmasına görə, otaq bitkiləri aktiv "Yan" enerjisi daşıdığı üçün yataq otağından daha çox qonaq otağı və digər məkanlar üçün uyğun hesab edilir.
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ