Onlayn ictimai-siyasi qəzet
Bu yaxınlarda Avropaya səfər etmiş və ölkəmizə qayıtmış üç ayrı-ayrı həmvətənimizin səfər təəssüratlarını dinlədim və “qoca qitə”dəki son durumun çox da qənaətbəxş olmadığını yəqin etdim.
Söhbət Almaniya, Avstriya, Çexiya, Macarıstan kimi ölkələri gəzib-gəlmiş həmvətənlərin təəssüratlarından gedir. Onların sözlərindən ümumi şəkildə belə çıxır ki, necə deyərlər, Almaniya dağılır.
Düzdür, bu, AzTV-nin dediyi dağılmaqdan deyil, namxuda, binaları, küçələri, sarayları yenə abaddır, ictimai nəqliyyatları saniyə dəqiqliyi ilə işləyir, insanlar çalışır, yüksək maaş, təqaüd alır, səliqə-səhman, qanunun aliliyi, dürüstlük-filan öz yerindədir, amma əsas məsələ odur ki, dəhşətli bahalıqdır. Deyirlər, təsəvvür edin ki, yarım litrlilk şüşə cürdəkdəki suyu 3 avroya (bizim pulla 6 manata) alırsan. Biri danışır ki, yoldaşı, özü və azyaşlı övladı ilə birlikdə hər dəfə yüngülvarı kafeteriyada oturub nahar edəndə 60 avro (120 manat) pul verirmiş.
Onlarla söhbət edəndə yadıma bir lətifə düşdü. İndi onu burada yazıram, sonra söhbətə davam edərəm.
Lətifə belədir: Yaxşı bir insan ölür və gözlənildiyi kimi cənnətə düşür, rahat yaşamağa başlayır. Bir gün şeytanlar onun yanına gəlir, deyirlər: “Gəl, bizimlə gedək o tərəfə, bizdə cürbəcür içkilər, model qızlar, hər şey var. Gedək, kef elə!”.
Cəhənnəm haqqında alternativ təbliğat-təşviqatın təsirinə düşən kişi sıyılır, Rəbbin yanına gedir, xahiş edir ki, bir cəhənnəm turu üçün ona icazə versin.
Rəbb səslənir ki, a kişi, burda nəyin çatmır, gül kimi cənnətdəsən.
Kişi dirəşir ki, sadəcə, gedib ordakı vəziyytəti görmək istəyir, maraq güc gəlir.
Gözəgörünməz ona üç günlük icazə verir, şeytanlar kişini aparır. Halal adam gedib görür ki, şeytanlar deyən kimidir: kef-damaq, eyş-işrət və s. O, xoş təəssüratlarla yenidən cənnətə qayıdır. Bir müddət sonra şeytanlar yenidən onun yanına gəlir, yenə dəvət edirlər. Kişi bir dəfə də icazə istəyir, alır, gedir, kef edir, qayıdır.
Bir neçə səfərdən sonra ağsaqqal uzun-uzun düşünür, bir qərara gəlir, Yaradana müraciət edir ki, mənə heç cəhənnəm də pis deyil, orda yaxşı “kruq”um var, icazə ver əbədi orda qalım.
Rəbb görür ki, adam israrlıdır, deyir, ta özün bilərsən, getmək istəyirsən, get.
Şeytanlar kişini aparırlar. Adam çatır, görür ki, keçən dəfələrdəki atmosferdən əsər-əlamət yoxdur: nə içki məclisləri, nə modellər, nə şou-əyləncə, adi cəhənnəmdir, qır qazanları da pıqqapıq qaynayır. Zəbanilər onu qazana basmaq istəyəndə müəllim qışqırır ki, lənət olsun sizə, keçən dəfə mənimlə badə toqquşdururdunuz, nə oldu indi?
Şeytanlar ona deyir ki, ağsaqqal, səni turizmlə mühacirəti qarışdırma.
Yəni bir var, Avropaya bir həftəliyə gedib, gəzib, yeyib-içib, əylənib gələsən, bir də var, köçüb orada yaşayasan, real həyatın çətinliklərini öz dərində hiss edəsən.
İndi belə anlaşılır ki, artıq Avropada turistlərə də çətindir. İndi görün, buradan gedib Avropada yerləşən adamlar nə çəkir. Onlar ya yerli şəraitə uyğunlaşmalı, avropalılar kimi işləyib, onlar kimi yaşamalıdır, ya da cəhənnəm əziyyəti çəkəcəklər.
Ölkəmizdə Avropadakı həyata dair yekə bir yanlış təəssürat var, çox adam elə bilir ki, orda çox pul qazanmaq asandır, xəzəl kimi küçəyə tökülüb, sadəcə, ərinmədən süpürgə-xəkəndaz götürüb çuvala yığmaq lazımdır. Elə deyil. Mühacir dostlar danışır ki, işləməyən adamlara verilən sosial yardımla zülm-zillətlə dolanmaq olur, işləyənlər isə çox maaş alsalar da, yüksək məbləğli vergi verirlər və ölkədə hər şey bahadır deyə ayın sonunda əllərində, ovuclarında bir şey qalmır. Gərək, deyirlər, ailə üzvlərinin hamısı işləsin ki, pul artırmaq olsun.
Bizimkilər də burda oturub düşünürlər ki, Avropadakı qohumlar ayda 1-2 min avro pul göndərsələr, qızın təhsil haqqını verərdik, gədəyə “prava” alardıq, toya-yasa getməyə pul olardı.
Dediyim odur ki, şeytanlar sizi aldatmasın, turizmlə emiqrasiyanı qarışdırmayın. İndi əvvəlki vaxt deyil, Avropanın şəhərlərinin aeroportlarında hazır deportasiya təyyarələri saxlayırlar, bir də görürsən, Avropaya kabab iyinə getmiş umsuqları uçağa doldurub geri göndərirlər. Qurulu evlərini satıb gedənlər qayıdıb kirayədə yaşayrlar.
Londonda, Parisdə, Cenevrədə və sair şəhərlərdə imarət alan, şirkət açan həmvətənlərimiz başqadır, onlar burda da cənnətdəki kimi yaşayırdılar, gedib orda da cənnətə düşüblər.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ