Onlayn ictimai-siyasi qəzet
Bazar günü olduğu üçün qəmgin mövzulara yer vermək istəmirəm. Bu gün sizə yalnız müsbət hadisələrdən bəhs edəcəyəm. Şair demişkən: “Bir üzümüz güləndə, bir üzümüz ağlayar, Gələr icra hakimi, bizə buket bağlayar” (Bəlkə də belə bir şeir yox idi, indicə özüm yazdım. Dünyanın işini kim bilir? Bəlkə də biz hamımız kiminsə yuxusunda yaşayırıq. Mən özüm gecə yuxuda Almaniyaya getmişdim və inanırsınız, küçədə 2 nəfər məni soymağa çalışdı, axırda məlum oldu soydaşlarımızdır, qucaqlaşıb ağlaşdıq. Ancaq yuxarıda söz verdiyim kimi, kədərli söhbətləri hazırda dayandırırıq).
Son çağlar rastlaşdığım ən qeyri-adi müsbət hadisələrin başında, şübhəsiz, bir kitab nəşriyyatı müdirimizin açıqlaması gəlir. Demək bunlar bir dənə mini-avtobus alıblar, onu səyyar kitab dükanı şəklində qayırıblar, ora-bura sürüb kitab satmaq istəyirlər. Lakin deyir bizi çox yerdən camaat qovur! Polis, icra, prokurorluq, JEK, bələdiyyə, müxalifət, BMT, Ərəb Dövlətləri Liqası, ASEAN təşkilatı və sairə orqanlara şikayət ərizələri yazırlar, tələb edirlər ki, məhəllədə kitab satanlar rədd olunsun.
Doğrudan da, həm gülməlidir, həm ağlamalıdır. Gülməlidir ona görə ki, məhəllədə dana kəsib satmaq imkanı varkən, kitab satmaq nəyə lazımdır? Ağlamalıdır ona görə ki, hələ də bəzi cahil naşirlər bu həqiqəti anlamaqdan imtina edir. Sən kitab sat, xalqın uşağının beynini poz, o da sabah gedib kuryer işlədiyi müdirdən insan hüquqları tələb eləsin, tutub bassınlar içəri. Bizə lazımdırmı? Heç kimə lazım deyil. Kitabdan xeyir görən olsaydı, Axundov kitabxanasının qabağında növbə uzanardı. Ara yerdə oxuyan uşağın gözü-başı xarab olur.
İkinci gözəl, optimist xəbəri Masallıdan aldıq. Orda rayonun icra başçısı gəzə-gəzə gedib bir təpənin ətəyinə çatmışdı. (Nədənsə xəbərdə “dağ” adlanırdı, ancaq olsun, hərənin öz dağı var). Ətrafındakı naiblərdən biri buyurdu ki, dağın başına maşınla çıxırıq, icra hakimi çox təəccüb elədi, dedi niyə maşınla, mən buranı 3 dəqiqəyə qalxaram. Ondan sonra hamısı birlikdə dağa yürüş başladılar. Az sonra artıq zirvədən ətrafı seyr edirdilər. Doğrudanmı 3 dəqiqəyə qalxdılar, bunun hansısa əhəmiyyəti var idimi, icra başçısı hələ də orda durub rayon əhalisinin maddi-mənəvi rifah halını yüksəltməyə çalışırmı, ərazini nəzarətdə saxlayırmı, xalq ona zirvədə qidalanmaq üçün ərzaq məhsulları aparırmı, dağın başına duman gəlsə başçı xalqı necə görəcəkdir və sairə - hələlik bu suallara mən heç bir cavab tapa bilməmişəm. Düzdür, bəzi cavablar tapmışam, lakin o cavabların bu suallara aid olub-olmadığına çox əmin deyiləm.
Bütün hallarda Masallı rayon icra başçısının piyada gəzmək meyli alqışa layiqdir, arzu edirik başqa rayonlarda da tətbiq olunsun. Məsələn, mən hələ indiyəcən Binəqədi rayon icra hakimini ərazidəki heç bir dağın başında görməmişəm. Rayonda bu qədər palçıq vulkanı var, gəl, bax, bəlkə onlar həvəsə gəlib püskürəcəkdir? Niyə biz başqa rayonlardakı vulkanları izləməliyik?
Universitetlərimizin hansındasa tələbənin doğum günü idi, bu münasibətlə müəllim onun valideynlərinə zəng vurdu, “nə yaxşı belə qiymətli, ağıllı uşaq böyütmüsünüz” söylədi. Bu xəbəri də xalqımız yüksək səviyyədə, sevinclə qarşıladı. Görünməmiş hadisədir. Təhsilimizin böyük uğurudur. Əgər bir-iki uşağın da valideyninə belə zənglər edilsə dünya reytinqində yüksələcəyimiz şübhəsizdir.
Bakı metrosu ilə bağlı yeniliklər isə, düşünürəm ki, ayrıca, geniş yazının mövzusudur, bir bazar günü köşəsinə sığışdıra bilmərəm. Hələlik, özünüzdən muğayat olun.
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ