Onlayn ictimai-siyasi qəzet
Videoya baxırsan və düşünürsən: bunlar nə yeyib-içirlər, nə çəkirlər, nə iynəsi vururlar ki, bu qədər eyforik durumdadırlar. Yəni insan reallıq hissini bu qədərmi itirə bilər?
SSRİ-nin dağılmasından, qırmızı Rusiya imperiyasının süqut etməsindən 35 il keçir, o zaman gənc yaşda olan bu şəxslər artıq ahıllaşıblar, bir ayaqları gordadır, amma hələ də “əzəmətli tarix”, “şanlı keçmiş” barədə uydurduqları nağılları təkrar edə-edə dururlar.
Bir insanın keçmişdən qopa bilməməsinin, xroniki nostalji yaşamasının sonda öz psixoloji durumunu sarsıtdığı elmi baxımdan sübut olunub. Bir də var, bütöv bir xalq, onun savadlı, normal cümlə quran, fikir yürüdə bilən kəsimi bu mərəzə mübtəla olsun.
Rusiya telekanallarının tok-şoularında bu mərəzə tutulmuşların çıxışları tez-tez verilir. Bəzən eyni fikirləri deputatlar da dilə gətirir, amma onların ağzından rəsmi şəkildə vuranlar tapılır deyə, orda-burda donquldanmaqla keçinirlər. Bir də keçmiş hərbçilərdən belə sözləri eşitmək olur. Onlar içlərindəki aqressiv və əyyaş İvanın ağzını yuma bilmirlər.
Bu, bədnam Jirinovskinin yoludur. O həmişə postsovet məkanındakı ölkələrə qarşı bu cür aşağılayıcı ifadələr işlədridi. Son vaxtlarda onun qəzəb tutmalarını ciddiyə alan, sözünə məhəl qoyan yox idi. Elə bu cür danışa-danışa, zəvzəyə-zəvzəyə də ölüb getdi. Amma belə görünür ki, Volfoviçin qeyri-müqəddəs yeri boş qalmayıb, əksinə, o rolu öz üstünə götürmək istəyən onlarca oxumuş adam var.
Bu şəxslər heç cür anlamaq istəmirlər ki, qatar gedib, Rusiyanın əsarətindən qopan respublikalar artıq 35 ildir ki, müstəqil dövlətlərdir, BMT üzvləridir, dünyaya inteqrasiya olunublar və mənfur “pioner”, komsomol”, “partiya”, “sosializm quruculuğu” kimi terminlərdən xəbərsiz böyüyən insanların ən kiçiyinin artıq 40 yaşı var.
Bu adamların ondan da xəbəri yoxdur ki, həmin müstəqil dövlətlərdə doğulan, böyüyən gənclərin böyük əksəriyyəti artıq rusdilli deyillər, başda ingilis dili olmaqla özlərinə sərf edən xarici dilləri öyrənirlər və ali təhsil almaq üçün yüzdə 90-nı Avropaya, Amerikaya, Asiyaya (Yaponiya, Çin, Cənubi Koreya) yollanırlar, Moskva onlar üçün daha cəzbedici yer deyil.
Bu cür danışıqlar onu da sübut edir ki, SSRİ heç də ideoloji müstəvidə, xalqlar dostluğu əsasında, könüllü şəkildə qurulmuş bir dövlət olmayıb, bu Rusiyanın hegemon olduğu imperialist bir dövlət olub, sadəcə, total təbliğat vasitəsilə əsl həqiqət pərdələnib, ittifaq sakinlərinə retuşlanmış şəkildə təqdim edilib.
İndi onlar öz “əzəmətli imperiya”larının xiffətini çəkir, keçmiş müstəmləkələrinin onlarsız inkişaf etməsini həzm edə bilmirlər. Hamı zö başının çarəsinə baxır, amma Rusiya ortada qalıb, çabalayır.
Belə çıxır ki, SSRİ-ni qüdrətli dövlət edənlər də elə digər 14 respublikanın ucqarlarında doğulub-böyüyən müdrik siyasətçilər, böyük alimlər, bacarıqlı idmançılar, istedadlı mədəniyyət və incəsənət işçiləri olub. “Möhtəşəm Rus diyarı” onları itirəndən sonra yerində sayır, bişbilənlərinin qəbul etdiyi ağılsız qərarlar üzündən uçurumun kənarında, bataqlığın üstündədirlər.
4 il 6 aydır Ukraynaya qarşı aparılan “xüsusi hərbi əməliyyat” bunun sübutudur. Nasist Almaniyasına qarşı müharibə 4 il tamam olmadan bitmişdi, “xüsusi əməliyyat” hələ davam edir.
Qonşu xalqlara, onların dövlətçiliyinə və liderlərinə dil uzadan bu zavallılar öz yarımçıqlıq komplekslərindən əziyyət çəkirlər, görürlər ki, başqa xalqların istedadlı övladları olmadan keçinə bilmirlər. Anlayırlar ki, rus xalqının artması, böyüməsi, dünya miqyasında söz sahibi olaraq qalması üçün itirilmiş ölkələr yenidən “fəth” (yəni işğal) edilməlidir.
Bunlara torpaq lazım deyil, öz torpaqları 3 milyard insanın barınmasına bəs edər. Bunlar o torpaqların üstündə yaşayan insanlar lazımdır ki, adi insanları qul-kölə kimi işlətsinlər, parlaq istedadlarını isə üzlərinə tutub “böyük”lüklərini göstərsinlər..
Bu da bir mərhələdir, danışıb-danışıb kiriyəcəklər, amma o vaxta qədər də qonşu ölkələrdəki insanların qanını qaraldacaq, əfi ilanlar kimi ətrafa zəhər püskürəcəklər.
Tarixdə hansısa xalqın qurduğu böyük dövlətin tərəqqi və tənəzzül deyilən mərhələləri olur. Rus xalqının tərəqqisi 1980-ci illərdə öz pik nöqtəsinə çatdı və yerini tənəzzülə verdi. İndi dağılma, kiçilmə prosesi gedir. Bu xalqın oxumuş adamları bununla barışmağa məhkumdurlar.
Araz Altaylı, Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ