Onlayn ictimai-siyasi qəzet
“Şikayətlərimiz ictimailəşəndən sonra məni təhdid etməyə başlayıblar. Onların Azərbaycandan qaçacaqlarını ehtimal etdiyimdən Binəqədi Rayon Prokurorluğuna müraciət etməklə ölkədən çıxışlarına “Stop” qoyulmasını istəyirəm”.
Bu sözləri Musavat.com-a aktyorluq təlimi və film-serial çəkilişlərinə cəlb olunmaq üçün “Devin Medya”ya müraciət etmiş iki qadından biri, Leyla (ad dəyişdirilib) deyib.
Onun sözlərinə görə Baş Prokurorluğa şikayətlərindən sonra Binəqədi Rayon Prokurorluğunda başlarına gələn hadisə yenidən araşdırılmağa başlayıb. Lakin hələlik iş üzrə bir nəticə yoxdur.
İki qadın qurumun fəaliyyəti ilə bağlı Musavat.com-a videomüraciət yollayaraq qurumdan şikayətçi olduqlarını bildiriblər. Əllərində səs yazıları, WhatsApp yazışmaları və digər sənədlərin olduğunu açıqlayıblar.
Musavat.com-a daxil olan müraciətlərdə “Devin Medya”nın fəaliyyəti ilə bağlı müxtəlif iddialar yer alır. Zərərçəkmiş olduğunu bildirən Leylanın (ad dəyişdirilib) sözlərinə görə, o, aktyorluq təliminə qoşulmaq üçün quruma müraciət edib. Onun iddiasına əsasən, dərslərə başladıqdan sonra kartından 700 manat çıxarılıb. Daha sonra ona “Dark Shopper” səhifəsində iki bölüm oynayacağı, bundan sonra ödədiyi pulun geri qaytarılacağı bildirilib. Leyla videomüraciətində daha sonra son dərəcə ağır ittiham irəli sürür. O bildirir ki, Şüvəlandakı bağ evinə dəvət olunub və orada zorakılığa məruz qalıb.
Onun sözlərinə görə, hadisədə Atilla Uysal və Recep Katı adlı şəxslər iştirak edib.
Zərərçəkmiş iddia edir ki, hadisədən sonra polisə müraciət etmək istəsə də, Recep Katı tərəfindən hədə-qorxu və təzyiqlərlə üzləşib: “Bizim burada adamlarımız var, səni öldürərlər və s. İşin altından çıxarıq, bizi heç kim mühakimə edə bilməz”.
Leylanın sözlərinə görə, uşağının həyatı ilə bağlı təhdidlərdən sonra qorxaraq şikayətindən geri çəkilib. O, sonradan psixoloji vəziyyətinin pisləşdiyini, həkim və dərman müalicəsinə ehtiyac yarandığını bildirərək ona dəymiş ziyanın ödənilməsini tələb edir.
Səmla (ad dəyişdirilib) adlı digər qadın isə “Devin Medya”nın fəaliyyət göstərdiyi Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsi 4 ünvanındakı “Amay” ticarət mərkəzinin 3-cü girişinin 2-ci mərtəbəsində aktyorluq təlimi almaq üçün müraciət etdiyini bildirir.
Onun sözlərinə görə, “Devin Medya”nın qeyri-rəsmi işçiləri kimi təqdim etdiyi Sevinc Vəliyeva və Şəlalə Atayeva ilə tələbəlik müqaviləsi bağlanıb.
Səmla qeyd edir ki, qeydiyyat zamanı 20 manat, müqavilə bağlanarkən isə 1000 manat ödəyib və ümumilikdə 1020 manat pul verib. Onun iddiasına görə, ödənişlərin bir hissəsi nağd, bir hissəsi isə kartdan-karta həyata keçirilib və ödənişlərin hamısına fiskal çek təqdim olunmayıb.
Şikayətçinin sözlərinə görə, ona peşəkar aktyorluq təlimi keçiriləcəyi və gələcəkdə film və seriallarda iştirak etmək imkanı yaradılacağı vəd edilib. Lakin sonradan təlimlərin vəd olunan səviyyədə olmadığını düşünərək ödədiyi pulun geri qaytarılmasını tələb edib. O, pulunun qaytarılmadığını bildirir.
“Məni Şüvəlandakı bağa dəvət etdi”
Səmlanın müraciətində daha ağır ittihamlar da yer alır. O iddia edir ki, “Devin Medya” əməkdaşı Atilla Uysalın yaxın dostu olduğunu bildirdiyi Recep Katı onunla evlənmək məqsədilə münasibət qurub.
Daha sonra isə onu Atilla Uysalın Şüvəlandakı bağına dəvət edib. Səmlanın sözlərinə görə, həmin ünvanda onun razılığı olmadan cinsi zorakılığa məruz qalıb. O, hadisədən sonra Recep Katının ona təzyiq göstərdiyini və “bizim əlimiz uzundur, bizə heç kim heç nə edə bilməz” məzmununda ifadələr işlətdiyini bildirir. Səmla həmin ifadələrin səs yazısının onda olduğunu deyir. Onun iddiasına görə, hadisə barədə Atilla Uysala məlumat verdikdən sonra Recep Katı Azərbaycandan çıxaraq Türkiyəyə gedib.
Səmla həmçinin Atilla Uysalın “Azərbaycanda get haraya istəyirsən şikayət et” məzmununda ifadələr səsləndirdiyini iddia edir və bu danışığın da səs yazısının olduğunu bildirir.
Şikayətçi qadın məsələnin araşdırılması üçün əlində rəsmi sənədlər, WhatsApp yazışmaları və səs yazılarının olduğunu, bunları hüquq-mühafizə orqanlarına təqdim etməyə hazır olduğunu açıqlayıb. O, ölkə rəhbərliyinə, daxili işlər naziri Vilayət Eyvazova və baş prokuror Kamran Əliyevə müraciət edərək araşdırma aparılmasını xahiş edib.
Musavat.com “Devin Medya” rəhbəri Atilla Uysalla əlaqə saxlayaraq ittihamlara münasibətini öyrənib. O, baş verənlərlə bağlı mətbuat üçün açıqlama hazırladıqlarını, həmin müraciəti redaskiyamıza da təqdim edəcəklərini bildirib. Həmin müraciəti də təqdim edəcəyik.
E.Məmmədəliyev,
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ