İnsanlara hürriyət, millətlərə istiqlal!

149 yaşlı Azərbaycan teatrı

Bu gün Azərbaycan teatrının yaranmasından 149 il ötür. Bu illər ərzində teatr sənəti qədim və zəngin tarixi yol keçib. Elə bir yol ki, geriyə boylananda acılı-şirinli, işıqlı-qaranlıqlı bir ömür yolunun keçildiyinin şahidi oluruq. 

Medianews.az kollektivi adından biz də teatr camiəsində çalışanları təbrik edib, onlardan teatrımızın bugünkü gününü xəbər aldıq. Əsr yarım yol qət edən Azərbaycan teatrının bugünkü problemləri və əldə etdiyi nailiyyətləri öyrəndik.

Xalq artisti Afaq Bəşirqızı bu günün onun üçün xüsusi bir önəm daşıdığını və bütün teatrsevərləri təbrik etdiyini bildirdi. Qeyd etdi ki, sənətkar əgər öz sənəti ilə məşğul olursa və yaradırsa, sənət ona heç vaxt borclu qalmayacaq: “Bütün həmkarlarımı bu gözəl gün münasibətilə təbrik edirəm. Can sağlığı müvəffəqiyyətlər, peşələrində onlara uğur arzu edirəm. Qoy, tükənməsinlər, bezməsinlər, sənəti yaşatsınlar. Çünki sənət ölməməlidir, yaşamalıdır. Sənəti şəxsi ambisiyalar üçün deyil, sənəti yaşatmağa görə sevmək lazımdır. İndi tamamilə şərait başqa cürdür. Hər şeyi başa düşürəm, bütün bunlarla bərabər sənəti sevmək və yaşatmaq lazımdır.

Bu gün əgər sənin adın o qədər də çəkilmirsə, buna görə narahatlıq keçirməyə dəyməz. Əgər bu gün sənət üçün çalışırsınızsa və böyük kütlə sizi tanımırsa, zaman gələcək sizin sənət üçün etdiklərinizi sənət sizə qaytaracaq. Sənət sizi yaşadacaq. Bu gün sənətkar əgər öz sənəti ilə məşhur olursa və yaradıcılıqla məşğuldursa, sənət ona heç vaxt borclu qalmayacaq. Bütün həmkarlarımı bu gün münasibətilə təbrik edirəm”.

Xalq artisti İlham Namiq Kamal Medianews.az-a açıqlamasında 10 Martın özəl və önəmli gün olduğunu vurğuladı: “Bu gün Azərbaycan Teatr camiəsində çalışanlar üçün şad gündür. Belə ki, teatrımızın 149 illi tamam olur. Azərbaycan teatrı şərqdə ən yüksək səviyyəli teatrlardan biridir. Bir əsr yarım yaşı var. Azərbaycan Teatrının uğurlu və çətin, ağır günləri də çox olub. Teatrımız ağır mərhələlərdən keçib, mənim də yaradıclığımın Azərbaycan teatrının keçdiyi bu mərhələlərdə müəyyən izi olub. Teatrların beyni onun baş rejissorudur.

Bu, hər zaman belə olub. Gəlin qəbul edək ki, bu gün teatrlarımızın əksəriyyəti məmur teatrına çevrilib. Bu yaxınlarda mədəniyyət Nazirliyində də bu mövzuda müzakirə oldu. Onda da qeyd etdim ki, Azərbaycan Teatrı o zaman yenidən öz simasını tapacaq ki, öz baş rejissorunu, repertuar siyasətini özü müəyyənləşdirəcək. Bu repertuarı əlbəttə ki, baş rejissor həll etməlidir. Azərbaycan teatrına sabah arzulayıram. Sabahı bundan da gözəl olsun”.

Əməkdar artist, rejissor Nicat Kazımov isə açıqlamasında Azərbaycan teatrının bir məbəd olduğunu vurğuladı: “Teatrı hər zaman gözəl görmüşəm, gözəl də görəcəm. Hər bir insan həyatında olduğu kimi teatrın da yaşadığı dönəmlərdə tənəzzülləri, yüksəlişləri, məğlubiyyətləri olub. Bu, normal haldır. Çünki teatr canlı sənətdir. Çox istərdim ki, aidiyyati qurumlar teatra daha istiqanlı yanaşsınlar, diqqətli olsunlar. Həm teatrın özü, həm də teatrda çalışan insanlar çox zərifdirlər. Onların diqqətə, qayğıya hər zaman ehtiyacı olur. İnanıram ki, Azərbaycan teatrı bundan sonra da daha yüksək zirvələrdə olacaq. Heç də Azərbaycan teatrı dünya, Avropa teatrından geridə qalmır və qalmayacaq da. Milli Teatr Günü münasibətilə bütün həmkarlarımı təbrik edirəm. Teatrı yaşatmaqdan ötrü teatrı sevmək lazımdır. Teatrı sevmirsənsə, teatr sənə xəyanət edir. Sən teatra xəyanət edəndə teatr da sənə xəyanət edir. Teatrı sevirəm və hər kəsi teatrı sevməyə dəvət edirəm”.

Doğrudur, bu gün Azərbaycan teatrına böyük dövlət dəstəyi göstərilir. Yeni teatr binaları tikilib, yeni akustika, eyni zamanda səhnə tərtibatı da yenilənib. Amma bir məsəl var, üstü bəzək, içi təzək. Yəni bizim teatrlarımız onu xatırladır. Bu gün teatrlarımız nə qədər “Rəngarəng repertuar siyasətimiz var” desələr də, elə deyil. Çünki Azərbaycanın paytaxt və bölgə teatrlarının əksəriyyətini klassik əsərlər təşkil edir və bu da heç kimə maraqlı deyil. Ona görə də bu gün bizim tamaşaçılar üçün teatr toz yığınağından başqa bir şey deyil. İnsanlara teatrı təqdim edəndə, onlar elə başa düşünürlər ki, teatr köhnədən qalma, qədim, klassik əsərləri səhnələşdirən, o pafosdan çıxa bilməyən bir mədəniyyət ocağıdır. Ancaq bu, əsla elə deyil. Könül istər ki, teatra gənclər gəlsin və onlar tamaşaçıya yeni əsərlər təqdim etsinlər. Gənc rejissorlara, dramaturqlara şərait və meydan yaradılsın. Teatrın doğrum günündə problemlərdən danışmaq xoş olmasa da, bölgə teatrlarımızın vəziyyəti olduqca acınacaqlıdır. Teatrların direktorları hər dəfə çıxışlarında hər nə qədər “Teatrımızda yaradıcı mühit yüksək səviyyədədir” desələr də, vəziyyət elə deyil. Bölgə teatrlarımızda böyük bir kollektivin yalnız 2, uzağı 3 nəfəri ali təhsillidir. Digərlərinin heç diplomu belə yoxdur. Onlar teatrların studiyalarında yetişdirdikləri özfəaliyyət aktrisalarını teatrlara cəlb edirlər. Universiteti bitirən, ya da burada hər hansı teatrda çalışan aktyorlar isə bölgə teatrlarına gedib işləmək istəmirlər. Belə olduqda peşəkarlıq bölgə teatrlarımızdan kənar gəzir. Nə qədər ki, teatrların rəhbərlərinin məsələyə yanaşması dəyişməyəcək, bu problemlər elə problem olaraq da qalacaq. Ümid edək ki, gələn il teatrımızın 150 illik yubileyində biz bu problemlərlə qarşılaşmayacağıq. Ümidin ən sonda öldüyünü nəzərə alsaq, Yaşasın Azərbaycan Teatrı!

Xəyalə Rəis,
Medianews.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2022

BÜTÜN XƏBƏRLƏR