İnsanlara hürriyət, millətlərə istiqlal!

Qənirə Paşayeva Macar-Turan Fondunun başqanı və təşkilatın fəalları ilə görüşüb

 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “NƏFƏS” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva "Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında keçirilən V Dünya Etnoidman Forumu”nda iştirak üçün Bakıda səfərdə olan Macar-Turan Fondunun başqanı Androş Biro və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Hörmətli qonaqları yenidən Azərbaycanda salamlamaqdan şad olduğunu bildirən Komitə sədri ürək sözlərini bölüşüb: “Macar-Turan Fondunun, şəxsən Fondun başqanı Androş Bironun iki qardaş ölkə, ümumən türk ölkə və topluluqları arasında mədəni əlaqələrin qurulmasında səmərəli rolu yüksək qiymətə layiqdir. Biz Fondun təşkil etdiyi ənənəvi Turan Qurultaylarında, “Ataları Anma Günləri”ndə iştirak etmiş, macar qardaş-bacılarımızın Azərbaycana, Türk dünyasına sevgi-sayğısının yaxından şahidi olmuşuq.

Məmnuniyyətlə bildirmək istərdim ki, ötən il biz, Macar ədəbiyyatının klassiki Şandor Petefinin şeirlər kitabını tanınmış şairimiz AĞASƏFAnın tərcüməsində nəşr etdik. Mənim Macarıstana səfər təəssüratlarımın toplandığı “Addım-addım Macarıstan” kitabı isə yaxın günlərdə gün üzü görəcək. Ümidvaram ki, bu kitablar, eləcə də, hazırlanmasını planlaşdırdığımız digər nəşrlər mədəni-mənəvi bağlarımızın möhkəmlənməsinə özünəməxsus töhfələr olacaq.

Fürsətdən istifadə edib, sizlərin timsalında Macar ziyalılarına, Macarıstanın vətəndaş cəmiyyəti institutlarına, Macarıstan hökumətinə, bütövlükdə macar dövlətinə, xalqına 44 günlük Vətən Müharibəsində bizə göstərdiyiniz diqqət-qayğıya görə təşəkkür edirik. Xahiş edirik, bizim salam-sayğılarımızı ölkənizə çatdırasız. Bir daha xoş gəlmisiz”!

“NƏFƏS” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva Macar-Turan Fondu nümayəndə heyəti ilə “NƏFƏS”in qərargahında keçirilən görüşdən çox məmnun olduğunu söyləyib, ictimai təşkilatlar arasındakı əməkdaşlığın yeni layihələrə rəvac verəcəyinə inam ifadə edib.

Macar-Turan Fondunun başqanı Androş Biro səmimi sözlərə görə təşəkkür edərək, bu il növbəti dəfə düzənlənəcək Turan Qurultayında Azərbaycanın böyük nümayəndə heyəti ilə iştirakına, mədəniyyət və sənət xadimlərinin öz maraqlı çıxışları ilə seçiləcəyinə inandığını bildirib.

Görüşdə, avqustda keçiriləcək Turan Qurultayında Azərbaycan mədəni irsinin nümayişi, dekorativ tətbiqi sənət örnəklərinin, rəsmlərin, xalçaların sərgisinin təşkili, sənətçilərin konsert proqramı ilə çıxışı, habelə digər vacib mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Komitə sədri və “NƏFƏS” rəhbəri qonaqlara Qarabağ və Turan motivli xatirə hədiyyəsi bağışlayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Mart 2022

BÜTÜN XƏBƏRLƏR