İnsanlara hürriyət, millətlərə istiqlal!

Əcəli C2H5OH-da olanlar...

Belə bir xəbər var ki, Rusiyanın İrkutsk vilayətində alkoqol asılılığına qarşı pilot layihə həyata keçiriləcək. Bu ona görə vacib olub ki, alkoqol rus millətinin axırına çıxmaqdadır və oxumuş adamlar həyəcan təbili və şeypuru çalırlar.

Layihə bundan ibarətdir ki, vilayətin altı kənd və qəsəbəsində 1 sentyabr 2026-cı ildən etibarən spirtli içkilərin pərakəndə satışı tamamilə qadağan olunacaq. Yəni təxminən 9 aydan sonra. Göründüyü kimi, çox operativdirlər, tez başlayıblar. Həm də əhatəni geniş götürüblər – cəmi 6 kənd.

Sınaq üçün belə edirlər. Əgər bu 6 kənddə yerli alkoqoliklər üsyan etməsələr, qırılıb getməsələr, o bir şəhər və kəndlərdə də alkoqolizmə qarşı mübarizə başlanacaq.

O vaxt (1985-ci ildə) Qorbaçov da belə bir təşəbbüslə çıxış etmiş, alkoqolizmə qarşı sərt mübarizə başlamışdı. Yeyib-içən adamlar hələ də əmindirlər ki, SSRİ məhz bu üzdən dağıldı: insanlar yaxşı spirtli içki tapa bilmədi, hökumətdən narazı qaldı, onun əleyhinə çıxdı, nəticəsi də belə oldu.

Ancaq yadımdadır, o vaxtlar bilgili universitet müəllimləri danışırdılar ki, Qorbaçov məcburən belə addım atıb. Guya bir gün o, əvvəlcədən planlaşdırmadan Leninqradda nümunəvi bir zavoda gedib, qapıçıdan baş direktora qədər qabağına kim çıxıbsa, hamısı spirt iyi verib. Özü də səhər-səhər.

Qorbaçovun tapşırığına əsasən araşdırma aparılıb, məlum olub ki, ittifaq əhli səhər açılandan gecə yarısına qədər araq-çaxır-pivə içir. Ondan sonra baş katib qərar verib ki, alkoqolizmlə mübarizə aparmaq lazımdır, yoxsa rus xalqı sıradan çıxacaq.

Düzdür, o vaxtlar bizdə də yeyib-içən adamlar çox idi. Hətta düzünə qalsa, cavanlar kütləvi şəkildə arağa qurşanmışdılar, amma vəziyyət faciəvi deyildi. Alkoqolizmə qarşı mübarizənin isə isə bizə ziyanı çox oldu. Üzümçülük rayonlarının istehsal etdiyi milyon tonlarla (3 milyon ton deyirdilər) üzüm çaxıra, spirtə getmədi, bir yarısı vaqonlarla Rusiyanın şəhərlərinə yola salındı və xəbər gəldi ki, xəşilə dönüb, qıcqırıb, zay olub, o biri yarısından da guya kompot qayırdılar, onu da alıb içən olmadı.

Beləcə, şimal ellərindəki alkaşlara görə rentabelli təsərrüfatlarımız böyük ziyanlara düşdülər.

4-5 ildən sonra Kreml səhvini başa düşdü, bildi ki, İtaliyada mafiya ilə mübarizədə uğur qazanmağın əmsalı nə qədərdirsə, Rusiyada da alkoqolizmlə mübarizədə nailiyyət əldə etməyin əmsalı o qədərdir. Yəni sıfıra bərabərdir. Odekolondan antifrizə qədər əlinə düşən və spirt iyi verən hər şeyi içən, etil-metil fərqi bilnəyən camaatla çətindir.

Rusiyanın şəhər və kəndlərində yerli dəmirçilər yüz minlərlə adama samoqon aparatı düzəldib satmışdılar. Xalq spirtə olan tələbatını daxili imkanlar hesabına, zirzəmilərdə araq çəkərək ödəyirdi. Bu dəfə də şəkər məhsulları qıtlaşdı. Çünki cənub ellərindən fərqli olaraq şimalda tut və sair özündə spirt daşıyan meyvələr yox idi. Onlar spirti şəkərdən alırdılar.

Bu minvalla rus xalqı alkoqola olan ehtiyacını pis-yaxşı ödədi, pislik Qorbaçova qaldı. Bir də keyfiyyətsiz araqlar serroz xəstələrinin sayını birə beş artırdı. Araq cürdəklərinin forması dəyişdi, amma araqdan ölənlərin tabutlarının sayı dəyişmədi.

Şimalın havasındandır, cənubda müxtəlif səbəblərdən içməyən (dini baxımdan, spirtə allergiyası olduğu üçün) adamlar Rusiyaya işləməyə gedir, alkaş olub qayıdırdılar. Özləri deyirdi ki, orada içməsən, mümkün deyil. Birincisi, soyuq hava məcbur edir. İnsanda daxili yanma prosesi getməlidir ki, orqanizm donmasın. İkincisi, deyirdilər, orada içməyənə pis baxırlar – biz də təxminən cinsi azlıqlara baxılan kimi. Ona görə də heç kim içməyən azlıqlardan olmaq istəmirmiş. “Palaza bürün, elnən sürün” məsələsi. 

Ona görə də, düzü, İrkutskda yaradılacaq “ayıq kəndlər” modelinin uğurlu olacağını gözləmək sadəlövhlük olardı. O kəndlər boşalacaq, camaat başqa, normal kəndlərə köçəcək. İnsanların yeganə həzz mənbəyini əlindən almağın axırı yaxşı olmayacaq. Bəlkə də kütləvi intiharlar olacaq o kəndlərdə.

Bəs necə olsun, xalq qırılıb-gedir axı. Heç necə. Tale ilə barışmaq lazımdır. Rusları spirt qırır, amerikalıları - narkotik maddələr, hindistanlıları – kasıbçılıq, Afrika ölkələrini – aclıq, bizi də - yol qəzaları.

O gün kimsə paylaşmışdı, məlum olub ki, bu il Helsinkidə yol qəzasında bir nəfər də ölməyib. İndi bizim müvafiq statistikaya baxın: son 35 ildə 35 min adamdan çox yol qəzasında ölən var.

Yəni hər millətin əcəli bir şeydədir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026

24 Mart 2026