İnsanlara hürriyət, millətlərə istiqlal!

21915-ci gün: Gələcəkdən salamlar

Savaşların, sürəclərin, dava və çəkişmələrin, yaşadığım 21 915 günün ağrısı-acısı, yorğunluğu dünən çıxdı.

Adı Türk-İslam və Azərbaycan tarixində əbədi qalacaq Böyük Liderin imzası ilə "Vətənə xidmət" ordeni bütün bunların ödülü oldu!

*
Onilliklərlə arzuladıqlarımız, dua etdiklərimiz, uğrunda mübarizə apardıqlarımız, ssenarisini yazdıqlarımız, bəzən düşünməyə belə cəsarət etmədiklərimiz bu gün həyatımızın adi bir parçasına çevrilib.
Bir zamanlar xəyal olanlar indi reallıqdır.
Bu baxımdan, bəli, biz gələcəkdə yaşayırıq.

Buraya qədər isə…

Milli Azadlıq Hərəkatı, iki Qarabağ müharibəsi, meydanlar, inqilablar, çevrilişlər, Qarabağın itkisi, acı məğlubiyyətlər, ümidsiz savaşlar, milli mətbuatın yenidən doğuluşu, “Yeni Müsavat” qəzeti…
Minlərlə məqalə.
Qurğuşunlu qəzet səhifələri.
Qurğuşun güllələr.
Şəhid dostlar.
8877-ci sayına qədər yaşatdığım qəzet.
Diskli ev telefonlarından görüntülü cib telefonlarına qədər uzanan texnoloji inqilab.
İnternet möcüzəsi.
Facebook, YouTube, Instagram, TikTok…
Bayıl, Güzdək, 8-ci kilometr…
Qurtuluşçu Liderin kəşfi...
Məhz onunla, onun sayəsində... -
Şuşa, Xudafərin, Xankəndi, Xocalı, azad Qarabağ…
Zəfər!
*
Bir zamanlar ürəyimizə endirdiyimiz üçrəngli bayrağımız bu gün Şuşada, Xankəndidə, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Zəngilanda, Qubadlıda, Cəbrayılda - bütün Qarabağda dalğalanır.

*

Zaman vardı, üç rəngli bayrağımızı sadəcə başımızın üstünə qaldırdığımıza görə həbs olunurduq.
Rus komendantlar bizi təqib edirdi...
Bu gün isə bayrağımız hər yerdədir - dövlətin və millətin gerçəkliyidir.
Turan deyə-deyə böyüdük.
Bütöv Azərbaycan deyə mübarizə apardıq.
Çox xəyal qurduq.
Bu gün o xəyalların da bir hissəsinin gələcəyini yaşamaqdayıq.

*
Bəzən dönüb geriyə baxanda anlayıram ki, Allah həqiqətən də çox ədalətli və çox böyükdür.
Çünki erkən gəncliyimizdə bir millət fərdi olaraq arzuladığımız, uğrunda savaşdığımız, bəzən əlçatmaz hesab etdiyimiz hədəflərin böyük hissəsini bu gün öz gözlərimizlə görürük, onun içində yaşayırıq.
Əlbəttə, yol bitməyib.

Qızıl Alma ruhumuzdadır!

Qarşıda hələ Güney Azərbaycan arzusu var.
Azərbaycanın bütövlüyü arzusu var.
İrəvan hədəfi var.

Amma qəribədir ki, bir vaxtlar əlçatmaz görünən bu məqsədlər də artıq bizə çox da uzaq görünmür.
Çünki geridə qalan ömür bizə bir həqiqəti öyrədib:
Millət böyük arzularından vaz keçməyəndə, başında da cəsur və ağıllı lider olanda tarix gec-tez onların üzünə gülür.
...İndi mənə elə gəlir ki, biz təkcə böyük keçmiş yaşamamışıq.
Biz həm də böyük gələcəyin içində yaşayırıq.
Xoş gəldin gələcəyim, xoş gəldin 60 yaşım.

Rauf Arifoğlu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR