Onlayn ictimai-siyasi qəzet
Avropanın təhlükəsizlik quruluşunda növbəti gərginlik siqnalı Norveçdən gəlib. ABŞ-nin orta və yaxın mənzilli raket sistemlərinin bu ölkəyə yerləşdirilməsi Moskvanın sərt reaksiyasına səbəb olub.
Məsələ ilə bağlı açıqlama verən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Norveçdə ABŞ raket komplekslərinin yerləşdirilməsini NATO daxilində hərbi-strateji balansı daha da gərginləşdirən addım kimi qələmə verib.
Söhbət “Mk 70” mobil buraxılış qurğusundan gedir. Bu sistem müxtəlif raketlərin, o cümlədən “Tomahawk” qanadlı raketlərinin buraxılması üçün istifadə oluna bilər. Kompleksin Norveçə ABŞ, Böyük Britaniya və Norveçin iştirakı ilə keçirilən birgə hərbi təlimlər çərçivəsində gətirilməsi də Moskvanın diqqətindən yayınmayıb.
Ukrayna müharibəsindən sonra Avropada onsuz da kəskinləşən təhlükəsizlik böhranı fonunda NATO ölkələrində ABŞ silah sistemlərinin yerləşdirilməsi hansı nəticələrə gətirib çıxara bilər?
Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a dedi ki, Avropanın təhlükəsizlik memarlığı “soyuq müharibə”dən bəri ən ağır və mürəkkəb sınaq dövrünü yaşayır: "Ukraynadakı müharibə fonunda Norveç ərazisində ABŞ-yə məxsus Mk 70 mobil raket buraxılış sistemlərinin sınaqdan keçirilməsi və yerləşdirilməsi məsələsi Avropada raket sistemlərinin qarşılıqlı şəkildə artırılması böyük suallar doğurur. NATO-nun Avropaya "Tomahawk" qanadlı raketləri və "SM-6" sistemlərini gətirmək planlarına cavab olaraq Rusiya da Kalininqrad eksklavında, Belarusa ötürdüyü bazalarda və Kola yarımadasında "İskander-M", hipersəs "Sirkon" və "Xincal" raketlərinin sayını və döyüş hazırığını maksimal həddə qaldırır. Bu mənzərədə Norveçdəki “Mk 70” sistemləri Moskvanı narahat etməyə bilməz və ruslar bunu qırmızı xəttin keçilməsi kimi qiymətləndirir. ABŞ hərbi dəniz qüvvələrinə aid konteyner tipli mobil Mk 70 raket sistemlərinin Norveçə gətirilməsi təsadüfi bir hərbi təlim elementindən çox daha böyük məna kəsb edir. Çünki bu platforma həm "SM-6" kimi hava hücumundan müdafiə raketlərini, həm də 1600 kilometrdən çox mənzilə malik hücum xarakterli "Tomahawk" qanadlı raketlərini buraxmaq qabiliyyətinə malikdir".
Hərbi ekspertin dediyinə, Norveçin Rusiya ilə birbaşa sərhəddə yerləşməsi və Rusiyanın şimal donanmasının, eləcə də strateji nüvə sualtı qayıqlarının ana bazası olan Murmansk və Kola yarımadasına tam yaxınlığı vəziyyəti daha da gərginləşdirir: "Rusiya hərbi rəhbərliyi bu addımı özünün strateji nüvə çəkindirmə imkanlarına birbaşa təhlükə hesab etdiyi üçün Kremlin cavab tədbirləri qaçılmaz olur. Moskva artıq Norveçdəki hərbi obyektləri və infrastrukturu öz raketlərinin potensial zərbə hədəfləri siyahısına daxil edir, eyni zamanda Kola yarımadasında radioelektron mübarizə (REB) və S-400/S-500 müdafiə sistemlərinin sıxlığını artırır. Artıq NATO ilə Rusiya arasında balans "əsəb müharibəsi" və "asimmetrik qarşıdurma" modelinə keçir. Əvvəllər nisbətən dinc və beynəlxalq əməkdaşlıq zonası sayılan Arktika və Barens dənizi hövzəsi indi tərəflər arasında ən qaynar hərbi poliqonlardan birinə çevrilir. Yüksək dəqiqlikli və hipersəs raketlərin sərhədlərə maksimal dərəcədə yaxınlaşdırılması tərəflərin hər hansı təhdid anında qərar vermək üçün sahib olduğu vaxtı cəmi bir neçə dəqiqəyə endirir.
Beləliklə, Avropada təhlükəsizliyi təmin etmək və müdafiəni möhkəmləndirmək məqsədilə atılan addımlar paradoksal olaraq qitəni daha riskli bir qarşıdurma mərhələsinə sürükləyir. NATO və onun şimal müttəfiqi olan Norveç üçün ölkə ərazisini və alyansın şimal cinahını müdafiə etmək zərurəti anlaşılandır. Ancaq bu müdafiənin raket sistemlərini Rusiya sərhədlərinə yaxınlaşdırmaq hesabına aparılması qarşı tərəfi də adekvat və daha aqressiv addımlar atmağa sövq edir. Nəticədə ortaya çıxan mənzərə təhlükəsizliyin artırılması deyil, risklərin kəskin şəkildə pik nöqtəsinə çatmasıdır. Avropa addım-addım elə bir həddə doğru irəliləyir ki, burada kiçik bir siyasi və ya texniki səhv bütün qitəni əhatə edəcək qarşıdurmaya yol aça bilər".
Cavanşir Abbaslı
Musavat.com
09 Sentyabr 2026
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ