Onlayn ictimai-siyasi qəzet
O gün mənə toy təşkilatçılığına dair bir əhvalat danışıblar, bir qədər ibrətamiz, xeyli dərəcədə də ikrahamiz söhbətdir. Deputatların parlamentdə toylardakı israfçılıq haqqında danışmasından sonra lazım bilirəm ki, onu qulluğumuza ərz edim.
Düzdür, əhvalatı danışan adam ənənəvi azərbaycanlı ehtiyatkarlığı ilə “aramızda qalsın” xəbərdarlığı etmiş, demişdi ki, bu toy yiyəsinin qulağına çatar və ondan inciyərlər, amma güman və ümid edirəm ki, o cür adamlar qəzet-sayt oxumurlar. Hər halda əhvalatı danışan adamın ikinci xəbərdarlığına, “mənim adım olmasın”a riayət edirəm.
Deməli, Ərşad adlı eloğlu danışır ki, bu yaxınlarda məhəllə qonşusu ona toy dəvətnaməsi verib, bu da “Allah mübarək eləsin” alqışı ilə dəvətnaməni alıb, elə qonşusunun yanındaca toyun yerini və vaxtını öyrənmək məqsədilə açıb baxanda görüb ki, mübarək karton kağızda cəmi bir nəfərin – təzəbəy Ülvinin adı yazılıb.
Ərşad əvvəlcə hesab edib ki, qonşusu son vaxtların dəbinə uyğun olaraq, dini toy təşkil etmək istəyir, yəni məclisdə qadınlar, o cümlədən gəlin olmur, yalnız kişilər yığışır, yeyib-içib dağılışırlar. Ancaq yadına düşür ki, qonşusu hara, dini toy keçirmək hara, adam alkaş şeydir.
Ona görə də Ərşad soruşub ki, qonşu, bəs gəlinin adı niyə dəvətnamədə yoxdur, kimlə qohum olursan, haralıdırlar və s.
Bu yerdə dəvətnamə verən kişi sövq-təbii şəkildə peysər nahiyəsini qaşıyaraq səmimi bir etiraf edib: “Qonşu, əslində gəlin-zad yoxdur”.
Ərşad mat qalıb və soruşub ki, necə yoxdur, gəlinsiz toy olarmı.
Qonşu suala yenə səmimi cavab verib: “Məsələ belədir, ölüm-itim dünyasıdır, deyirəm, birdən başıma bir iş gələr, oğlumun toyunu görmərəm. gədə də dirəşib, hələ evlənmək istəmir, ona görə də toyu gəlinsiz edirəm.
Sonra onların dialoqu belə davam edib: “Bəs sonra oğlun həqiqətən evlənəndə toy etməyəcək?” “Ta onu özü bilər, öz kruqunu çağırar, yenə bir məclis təşkil edər, mən borcumdan çıxıram”. “Daha dəqiqi, indiyəcən toylara yazdırdığın pulu yığmaq istəyirsən”. “O da var, hı-hı-hı”.
Xüləs, Ərşad və digər qonşular həmin toya gediblər. Toy yaxşı keçib, çox adam bilməyib ki, bu, yalançı toydur, gəlinin yerini boş görənlərin bir yarısı hesab edib ki, toy yiyəsi alkoqolik olsa da, son illərdə kütləvi şəkildə saqqal saxlayan gənclər kimi Ülvi bəy də dindardır və öz halalını kişi məclisinə çıxarmaq istəmir. Güman ki, bəzi skeptik yoldaşlar da düşünüb ki, yəqin gəlin azyaşlıdır, ona görə rəyasətdə oturmayıblar. Hər halda belə düşünənlər hüquq-mühafizə orqanlarına xəbər verməyiblər və toy insidentsiz başa çatıb.
Bax, belə bir əhvalat. Bundan əvvəl Müşviqabad tərəflərdə bir il əvvəl evlənib-boşanmış oğluna yenidən, həm də yalandan, bu cür bir toy keçirib pul yığmaq istəyən, ancaq qonaqların məsələdən duyuq düşüb gəlməməsi üzündən külli miqdarda ziyan çəkən adam haqqında eşitmişdim. Bunu mənə bərbər qardaş danışmışdı. Amma bu məsələdə toy sahibi ziyana düşməyib. Ola bilər, o da 2-3 ildən sonra oğluna həqiqi toy keçirəcək, toya çağırdığı adamlara da deyəcək, birinci yoldaşı ilə alınmadı, ayrıldılar.
Özlüyündə bu, bir günlük iaşə müəssisəsi təsis etmək və bizneslə məşğul olmaqdır. Toy yiyəsi toya yığılan 20 min manatın (tutalım) 15 minini şadlıq sarayına verir, 5 minini öz cibinə qoyur. (Ondan sonra 4-5 il ərzində o pulları canı çıxa-çıxa re-dəvətnamə göndərmiş toy yiyələrinə qaytarır – amma bu, başqa məsələdir).
İndi kultoroloq qardaş da deyir, toylara toxunmayın, imkan verin insanlar özləri istədikləri kimi toy etsinlər, qonaqlara nə cür və nə qədər yemək vermək istəyirlər, versinlər.
Deputatlar isə “toyxana mafiyası”ndan danışır, deyirlər, toy menyularının qiyməti kəllə-çarxdadır. Artıq bir adamın bir toyda iştirakının qiyməti minimum əməkhaqqının bir misli qədərdir.
Ancaq bu xüsusda “hər kəs ayağını yorğanına görə uzatsın” deyənlər də haqlıdır. Biri oliqarxdır, hindistanlı Ambani kimi oğluna 6 ay boyunca toy çaldırmaq, ABŞ-nin eks-prezidentlərini, Britaniyanın, Fransanın, o biri ölkələrin sabiq baş nazirlərini, Bill Qeyts kimi biznesmenləri, nə bilim, Hollivud ulduzlarını çağırmaq, onların yol və otel xərclərini çəkmək, hələ keyslərinə toy nəməri qoyub yola salmaq istəyir. Nə demək olar? Adamın pulu var edir.
Kasıb adam isə qonaqlarının oz təbəqəsindən olduğunu bilə-bilə gedib paytaxtın ən bahalı restoranında toy edəcəksə, əlbəttə, ziyana düşəcək. Çünki palas həmin palasdır, palaz o palaz deyil. Ona görə də gərək, necə deyərlər, palaza bürünüb el ilə sürünəsən.
Bu, uzun söhbətdir. İnşallah, detallarına davam edərik. Xüsusulə də 300 nəfərlik toyda 1000 nəfərlik yemək-içməyin israf edilməsi məsələsinə.
02 Iyun 2026
30 May 2026
22 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
14 May 2026
12 May 2026
09 May 2026
07 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
25 Aprel 2026
23 Aprel 2026
21 Aprel 2026
19 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026
12 Aprel 2026
10 Aprel 2026
07 Aprel 2026
05 Aprel 2026
02 Aprel 2026
31 Mart 2026
28 Mart 2026
26 Mart 2026
24 Mart 2026
ŞƏRHLƏRŞƏRH YAZ