İnsanlara hürriyət, millətlərə istiqlal!

Kamala ikinci “kruq” gəlir

Bir məşhur əhvalat var, onu, qəhrəmanın adını çəkmədən (onsuz da bilən bilir) yazıb, mətləbə keçəcəyəm.

Deməli, bir məşhur alim qadın olur, ərindən boşanır, ikincə dəfə ərə gedir. Yarımır. Sonra qadın ondan da boşanası olur, üçüncü əri ilə ailə qurur. Amma iş elə gətirir ki, o, üçüncü ömür-gün yoldaşıyla da xoşbəxt olmur, dördüncü ilə izdivaca girir. Fəqət zavallı qadının bəxti bu dəfə də gətirmir. Cütlük ayrılır. Bu dəfə qadın birinci əri ilə yenidən barışır. Onun ikinci ərinin ikinci arvadı, bu xəbəri eşidir, üçüncü ərinin ikinci arvadına zəng vurub deyir: “Gözün aydın, xanım ikinci kruq gəlir”.

Kamala Harrisin 2028-ci ildə yenidən prezidentliyə namizəd olacağı barədə xəbəri oxuyanda yadıma ilk düşən lətifə bu oldu.

Heç demə, ABŞ-dəki demokratların partiyası rəy sorğusu keçirib, məlum olub ki, eks-prezident Baydenin yanında vitse-prezident işləyən Kamala Harris hazırda partiyasında ən nüfuzlu siyasətçidir. Bu gedişlə növbəti seçkilərdə o, “eşşəklər”in (partiyanın totemi ulaqdır) vahid namizədi ola bilər.

2028-ci ildə bu partiyanın düz 200 yaşı olacaq və bu münasibətlə K.Harris öz prezident mandatıyla doğma, əziz partiyasına hədiyyə etmək niyyətindədir.

Bu 200 ildə Demokrat partiyasının üzvü olmuş 15 siyasətçi ABŞ prezidenti postunda oturub. Bu məsələdə demokratlar respublikaçılara 1:2 hesabıyla uduzurlar. Çünki respublikaçılardan 30 prezident çıxıb.

İntəhası, demokratların prezidentlərinin içində sanballı adamlar var. ABŞ prezidenti olmuş demokratların siyahısı belədir: Endrü Cekson, Martin Van Buren, Ceyms Noks Polk, Franklin Pirs, Ceyms Byukenen, Endrü Conson, Qrover Klivlend, (o, ABŞ prezidenti postunu 4 illik fasilədən sonra ikinci dəfə tutub – Tramp kimi), Vudro Vilson, Franklin Ruzvelt (4 dəfə prezident seçilən yeganə adam), Con Kennedi, Lindon Conson, Ceyms Karter, Bill Klinton, Barak Obama və Co Bayden.

Ruzvelt və Kennedini geniş təqdim etməyə ehtiyac yoxdur, onları hamı tanıyır. İndiki cavanlar Bill Klintonu tanımazlar, tanısalar da, Monika Levinski ilə “levı” getməsinə görə tanıyarlar. Obama və Bayden isə dünənin-srağagünün prezidentləridir, unudulmuş olmazlar.

Əslində ABŞ siyasətində “gedərəm, yenə gəlləm” ənənəsinin özülünü Klivlend qoyub. Trampa qədər heç bir prezident vəzifədən getdikdən sonra geriyə qayıtmayıb. Hətta bir dəfə seçkidə prezidentliyə namizəd olub uduzmuş siyasətçilər də ikinci dəfə namizəd olmayıblar (belələri olubsa da, nadir olub). İndi K.Harris hesab edir ki, 2024-cü ildə nüfuzdan düşmüş Baydenin badına gedib, öz gücünə qalsa, seçilə bilərmiş.

Oxumuş adamlardan biri düz deyib ki, hakimiyyət adamda asılılıq yaradır, bir müddət ali vəzifədə oldunsa, yenə olmaq istəyirsən, sonra yenə də, yenə də. Bax, ona görə də Kamerunda 92 yaşlı Pol Biya yenidən prezident seçildi. Adam artıq seçilməyə vərdiş edib.

Görünür, 4 il vitse-prezident postunda oturması Kamala xanımın kimyasını bir balaca dəyişdirib. Vəzifəyə təzə gələndə məsumanə görünüşü vardı, universitet müəllimiykən nazir qohumunn hesabına deputat seçilmiş xanımlara oxşayırdı, amma indi özünü “dəmir ledi” kimi aparır.

Bəs ölkəmizdə “ermənilərin himayədarı” kimi tanınan Kamala prezident seçilə bilərmi? Nə yalan deyək, seçilə bilər. Tramp ölkəsində və dünyada elə bir tort qazanı qaynadır ki, bu saat respublikaçıların bir hissəsi də onun, türkün sözü, bir an öncə hakimiyyətdən getməsini istəyir.

Ancaq belə anlaşılır ki, Trampın canı özünə yar gəlsə, yenidən prezident seçilmək istəyəcək. Ta bu ABŞ konstitusiyasına nə dərəcə uyğundur, uyğun deyil, sonrakı söhbətdir. Yeri gəlsə, konstitusiyanı dəyişmək olar və ya içində elə bir maddə tapmaq mümkündür ki, o, Trampa yenidən namizəd olmaq hüququ verər.

Elə olsa, onda o, seçkiqabağı kampaniyasında Kamala Harrisə qarşı daşdan keçən arqumentlə çıxış edəcək: “Gəlmişdiniz də, gördük”, “sizin vaxtınızda xalq jımıx yeyirdi” və s.

Hərçənd respublikaçılar seçkiyə yeni və gənc namizədlə qatıla bilərlər, onda Kamala Harrisin ikinci “kruq” gəlməsi uğurlu olmaya bilər.

Amerika camaatı mühafizəkardır, Trampa bir dəfə səs veribsə, onun namizədinə də səs verə bilər.

Amma yenə də dünyada qadınların rolunun artması tendensiyasını nəzərə alsaq, ehtimal etmək olar ki, Harrisin prezident seçilmək şansı var.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026

24 Mart 2026