İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorbaçovu QKÇP-dən 1 il öncə işdən çıxaran oğlan...

O gün Haramıda 30+ ildən sonra kəndçimiz, təxmini tay-tuşumuz Ağamoğlanı gördüm. Çox dəyişməmişdi, dərhal tanıdım. Amma hər ehtimala qarşı soruşdum ki, Ağamoğlansanmı.

O təsdiqlədi, amma mənə yad nəzərlərlə baxmaqda davam etdi. Belə anladım ki, Ağamoğlan məni tanımayıb. Prinsipcə, əksinə olmalıydı. Təvazökarlıqdan Haramı düzündəki Qayıdış qəsəbələri qədər uzaq olsa da, deyim ki, mən Ağamoğlanla müqayisədə daha tanınmış adamam - son 30 ildə şəklim qəzetlərdə azı 5 min dəfə çıxıb, telekanallarda görünməyim də olub.

Yeniyetməlik, gənclik tay-tuşumun mən xatırlaya bilməməsi xətrimə dəymədi, bildim ki, o, son 30 ildə bir dəfə də olsun qəzetimizi oxumayıb, başını aşağı salıb mal-qaraya iynə vurmaqla məşğul olub (Ağamoğlan mal feldşeridir).

Tanışlıq verdim. O, məni tanımaması ilə gizli qürur duya-duya (bunu hiss etdim, nə də olmasa illərin təcrübəsi var) bir şeylər xatırladı. Amma mən onunla bağlı 1990-cı ilin yayında baş vermiş hadisəni xatırladanda baytar qardaşın gözü işıqlandı. Mən də yaddaşımın itiliyi ilə qürur duyası oldum.

Əslində o hadisənin iyulun axırında və ya avqusutun əvvəlində olduğunu yalnız Dadaş kişinin oğlu Roman (hamı Urman deyirdi) dəqiqliyi ilə bilər. Çünki həmin gün Romanın toyu idi. (Adam hər halda toyunun ayını, gününü unutmaz – hərçənd kim bilir, bu, şəhər adamlarının işidir, kənd adamları o məsələlədə elə də həssas deyillər).

Xüləs, isti yay günlərinin birində Romanın toyu idi, axşam saat 8-9 arası olardı, toy mağarının qırağında dayanıb “Mənim ipək yaylığım var, almağa gəlin” mahnısının melodiyası altında rəqs edənlərə tamaşa edirdik. Həmin bu Ağamoğlan gəlib çıxdı, xoş-beşdən sonra dedi ki, indicə Şuşadan gəlir (o, orada texnikumda oxuyurdu), avtobusda danışırmışlar ki, Qorbaçovu işdən çıxarıblar.

Ağamoğlan beləcə dedi: “Qorbaçovu işdən çıxarıblar”. Nə “deviriblər”, nə “istefaya göndəriblər”, məhz “işdən çıxarıblar”.

Bir daha xatırladım ki, 1990-cı il idi. Düz 7 ay idi ki, yanımızda Qorbaçovun adı çəkiləndə söyüşcül tay-tuşlar onun var-yoxunu da yad edirdilər, hətta arvadı Raisaya da pay düşürdü. Çünki həmin ilin yanvarında Qorbaçovun əmri ilə Bakıda qırğın törədilmişdi və biz ona səmimi qəlbdən nifrət edirdik.

Bununla belə, Ağamoğlanın gətirdiyi xəbərə inanmadıq. Ağamoğlan and içdi ki, bunu avtobusda bir bazburutlu adamdan eşidib və o da and içirmiş ki, doğru söhbətdir.

Toy cazibədarlığını itirdi, ta zaman itirmədik, Moskvadan birbaşa translyasiya edilən “Zaman” xəbərlər proqramını izləmək üçün evə qayıtdıq, televizorun qarşısında həyəcanlı şəkildə oturub saat 22.00-ı gözlədik. Xəbərlər bülleteni başlandı, amma nə diktor İqor Kirillov, nə də Anna Şatilova Qorbaçovun işdən çıxarılması xəbərini oxumadı. Əksinə, Qorbaçovun özünü göstərdilər, irişə-irişə hansısa xarici qonaqları qəbul edirdi. İşdən çıxarılana oxşamırdı.

Pərtlik yarandı. Yaxın olsa da, təzədən toya qayıtmağın da yeri yox idi. Ertəsi gün Ağamoğlanı tapmaq və sorğu-sual etmək lazım idi. O da olmadı. Rastlaşmadıq.

Bu hadisənin üstündən 35 il keçəndən sonra bu günlərdə Ağamoğlanla görüşəndə ta “o vaxt o nə şayiə idi, yayırdın” deməyin də yeri yox idi. Əsas da ona görə ki, onun sözü bir il sonra, 1991-ci ilin avqust ayının 19-da doğrulmuşdi, “QKÇP” adlanan qiyamçı xunta Qorbaçovu işdən çıxarmışdı. Düzdür, 3 günün içində onların özünü işdən çıxarıb, türməyə basdılar, amma Qorbaçov da həmin ilin axırında işini itirdi və Ağamoğlan haqlı çıxdı.

Bəli, Ağamoğlan ümumittifaq əhəmiyyətli, hətta dünya miqyaslı hadisəni 1 il öncədən xəbər vermişdi.

Bəs Şuşadan gələn avtobusda Qorbaçovun vəzifəsindən götürüldüyünü Ağamoğlana və avtobusun digər sərnişinlərinə deyən, hələ bir and da içən o bazburutulu kişi kim olub, görəsən?

Güman ora gedir ki, ya o adam xüsusi xidmət orqanlarının əməkdaşı imiş, xalqın rəyini yoxlayırmış, ya da fanatik cəbhəçilərdən biri olub, arzusunu dilə gətirib.

Hər halda Ağamoğlan mənim yadımda Qorbaçovu QKÇP-dən 1 il öncə işdən çıxaran oğlan kimi qalıb.

Onunla sağollaşandan sonra qəfil yadıma düşdü ki, gərək ondan Putini də soruşaydım və birlikdə şəkil çəkdirəydik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026

24 Mart 2026