Onlayn ictimai-siyasi qəzet
Sovet vaxtı bir də görürdün, xəbər çıxdı ki, plenum olub, “raykom”u dəyişiblər.
O vaxtlar belə bir vəzifə vardı – indiki İH başçılarının tutduğu vəzifəyə “raykom” deyirdilər. Yəni Azərbaycan Kommunist Partiyasının Filan rayon komitəsinin 1-ci katibi. Ruscadan götürmüşdülər (o vaxt bütün işlərimiz ruscaydı), qısaldıb “raykom” etmişdilər. Elə indi də “İcra Hakimiyyətinin başçısı” ifadəsini qısaldıb “icra başçısı” deyir və yazırlar. Yanlışdır, amma ta cəhənnəmə olsun, iki sözün davasını etməyək.
Bəli, bir də görürdün, rayona belə bir səda düşdü ki, plenum olub, tutaq ki, Əhmədovu çıxarıblar, yerinə Əhmədzadəni qoyublar. (Burasını dəqiq deyirəm, bizim rayonda elə olmuşdu).
O vaxt bu xəbər partiya-sovet və təsərrüfat işlərində çalışanların arasında ciddi şəkildə müzakirə olunurdu. Vəzifəyə gələn kimdir, nəçidir, haralıdır, harada böyüyüb, “partşkola”nı nə vaxt bitirib, hansı rayonlarda işləyib – hamısı araşdırılırdı. Heç sutka çəkmirdi ki, adamın keçmişi, qohumluq, dostluq əlaqələri, nəsil şəcərəsi ortaya qoyulurdu. Bu işin biliciləri vardı. Adamın birini yetimxanadan göndərsələr belə, maraqlı yoldaşlar bir günün içində onun özünün də illərlə tapmadığı qohumlarını tapa bilirdi.
Özündən qabaq “çox stroqu adamdır” sorağı gələn təzə “raykom” rayona gəlirdi, 3-4 gündən sonra xəbər çıxırdı ki, milis rəisini, prokuroru başqa rayona göndəriblər. Ardınca ikinci katib, “ispolkom” (rayonun icraiyyə komitəsinin sədri) və bir çox idarələrin müdirləri də dəyişilirdi. Allah tərəfi, adı çıxmış otdenli kolxoz sədrlərinə, sovxoz direktorlarına, bir də rayonun “blatnoy müdirlər”inə toxunan olmurdu. Onların toxunulmazlığı vardı, rayona kim gəlirdisə, onlarla işləməliydi.
Hamı bu kadr dəyişikliyini təbii qarşılayırdı, deyirdilər, yeni raykom özünə komanda yığır, belə olmalıdır.
Elə olanda bizim kimi yeniyetmələr, gənclər mat qalırdı. Axı ölkədə bircə partiya var, vəzifədən gedən də kommunistdir, vəzifəyə gələn də, onun vəzifədən çıxardığı da kommunistlərdir, təyin etdikləri də, ta bu, nə “komanda-komanda” oyunudur. Hamı Lenin yoldaşın əsgərləri deyilmi?
Böyüklər deyirdi, yox, hər bir rəhbər şəxs öz etibar etdiyi adamlarla işləməlidir.
Belə çıxırdı ki, bir partiyanın üzvü olan adamların bir-birinə etibarı yoxdur. Əslində tam olaraq eləydi. O partiyaya fraksiya-mraksiya lazım deyildi, rəqibi də, düşməni də öz içindəydi. Bəlkə də kompartiya ona görə süqut etdi və SSRİ bu üzdən dağıldı.
İndi saytlardan oxuyuram ki, Göygöldə İH başçısını dəyişiblər, o da gəlib rayonda bir xeyli vəzifəli adamı, hakim Yeni Azərbaycan Partiyasının üzvü olan kadrları çıxarıb töküb çölə. Bundan qabaq Nəsiminin 47 günlük İH başçısı da elə etmişdi. Ondan qabaq da o biriləri. O birilərdən qabaq da bu biriləri özünə “etibarlı komanda” yığmışdı.
İndi bu nə deməkdir? İşdən çıxarılanların çoxu gənc adamlardır, ailələri, uşaqları var, amma bir günün içində işsiz qaldılar.
Yaxud onların yerinə təyin olunan gənc kadrların aqibəti necə olacaq? Heç nə. Sabah və ya 47 gündən sonra İH başçısı dəyişdiriləsi olanda onlar da işsiz qalacaqlar.
Yeni vəzifəyə təyin olunan “raykom”lar niyə özlərini İlon Mask kimi aparmalı və adamları kütləvi şəkildə işdən çıxarmalıdırlar ki?
Təcrübə deyir ki, bu işlərin altında pul-para söhbəti var. O vaxt uşaq idik, bilmirdik, amma böyüdükcə anladıq ki, boşalmış vəzifələri yeni adamlara satırlar. “Aşağı yeri yoxdur” deyirlər, “qiymət budur, gətir, vəzifəni götür, xeyirliklə işlət” deyirlər.
İkiqat satış var bu işdə. Vəzifədən çıxarılan kadrları başqa yerlərə düzəltmək üçün də rüşvət tələb edirlər. Beləcə, orta və aşağı ranqlı vəzifələr hərraca çıxarılır, boşalmış yerlər pul-para müqabilində tutulur, adı da olur ki, yeni başçı özünə etibarlı komanda yığır.
Yəni dəyişən bir şey yoxdur, dünya köhnə dünyadır, fərmanları təzədir. İndiki rayon başçıları sovet dövründəki sələflərinin ənənəsini layiqincə yaşadırlar.
Hə, bir də indi keçmişdəki kimi plenuma-zada ehtiyac yoxdur. İndiki “raykom”ları vəzifəyə plenumsuz qoyur, plenumsuz götürürlər.
02 Iyun 2026
30 May 2026
22 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
14 May 2026
12 May 2026
09 May 2026
07 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
25 Aprel 2026
23 Aprel 2026
21 Aprel 2026
19 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026
12 Aprel 2026
10 Aprel 2026
07 Aprel 2026
05 Aprel 2026
02 Aprel 2026
31 Mart 2026
28 Mart 2026
26 Mart 2026
24 Mart 2026
ŞƏRHLƏRŞƏRH YAZ