İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH-ın etirafı, “sepahçılar”ın etirazı

SEPAH deyir ki, Naxçıvanı dronla biz vurmuşuq, özü də yaxşı eləmişik, bu hələ xəbərdarlıqdır.

Arazın bəri tayındakı azərbaycanlılar dirəşiblər, deyirlər, yoox, bu, İranın işi deyil, ya təsadüfdür, inşallah, ya da Epşteynin gədələrinin işidir, əlhəmdülillah.

Rusiyada ağzına xardal sürtüləsi bir deputat var, Zatulin adında, zatıqırığın biridir, Allah qoymasa, MDB dövlətləri ilə iş üzrə parlament komitəsinin sədr müavinidir, deyir, günah Azərbaycanın özündədir, ya özü İrana daha əvvəl raket atıb, ya da İranı vuranların Naxçıvanda olduğunu bilib, onları zərərsizləşdirmək istəyib, yoxsa İran elə şey eləməz.

44 günlük müharibə zamanı Qarabağın dağlıq hissəsində, ermənilərin yanında sülənən bir hərbi reportyor vardı, Semyon Peqov, o da dilə gəlib. (O vaxt onu “Dəhliz kənarıyla qaçan alabaş” adlandırmışdıq – Çingiz Aytmatovun “Пегий пёс, бегущий краем моря” – “Dəniz kənarıyla qaçan alabaş” povestinə göndərmə edərək). Peqov deyir ki, Azərbaycan bölgədə İsrailin dostudur, ona görə vurulub.

Başqa bir həmvətənimiz yazır ki, ola bilər, dronun idarəetməsini ələ keçirib, qəsdən Naxçıvana yönəldiblər. Kimlər? Kim olacaq? “Dost və qardaş Azərbaycan-İran dövlətlərinin arasını vurmaq istəyən məkrli qüvvələr”.

SEPAH deyir, elə şey yoxdur, biz vurmuşuq, hələ belə getsə, neft yataqlarını da vuracağıq.

Azərbaycanlı “İran patriotları” yenə təslim olmurlar, məsələyə məntiq prizmasından baxırlar, deyirlər ki, İran hansı məntiqlə bilə bilə Naxçıvanı vurmalıdır ki.

SEPAH deyir, məntiq budur ki, düşmənimlə kim düşmən deyilsə, demək, bizə düşməndir.
Əsasən Rusiyada yaşayan, amma qibləsi Qum olan soydaşlarımız müqavimət göstərirlər, deyirlər, hələ bilmək olmaz, o dron ora necə düşüb.

Qumda çox eşələnmiş olduğu təsiri bağışlayan başqa bir soydaşımız hələ srağagün, dronun Şəkərabad kəndinin məktəbinin yaxınlığına düşməsindən bir gün qabaq Teleqram kanalında yazıbmış ki, Epşteyn alyansının Azərbaycanda məktəb vurub İranı günahlandırmaq planı var. Təsəvvür edin, “Mossad” bilmir, amma bu bilir.

Göründüyü kimi, əllərində tutulmuş xiyar turşusunun təyinatını mübahisələndirən adamlar söhbəti Epşteynə bağlayırlar. Bu, köhnə variantdır. Haradan qaynaqlanır, deyim.

1999-cu ildə ABŞ prezidenti Bill Klintonun Ağ Evdə təcrübə keçən Monika Levinski ilə məhrəm münasibəti faş olduğu ərəfələrdə ABŞ başda olmaqla NATO qüvvələri Balkan yarımadasında genosid siyasəti yeridən Serbiya prezidenti Slabodan Miloşeviçi durdurmaq üçün Belqradı bombalamışdılar. O vaxt Rusiya zəif idi, başının milçəyini qoruya bilmirdi, əlindən bir iş gəlmədi, amma belə bir ironik şayiə tirajladılar: Klinton Belqradı sırf Monika haqq-hesabından diqqət yayındırmaq üçün bombalayır. Bu, dillərdə dastan oldu. Gülməliydi. Hamıya xoş gəlirdi.

Odur, budur, hər dəfə belə bir hadisə baş verəndə deyirlər ki, ABŞ filan şeydən diqqət yayındırmaq üçün belə edir. İndi də gündəmdə Epşteyn söhbətidir. Guya Tramp diqqət yayındırır. Sanki kimin nə fikirləşəcəti Trampın vecinədir.

Məsələ budur ki, ABŞ İranı hələ 1980-ci ildə (Tehrandakı səfirliyinin girov götürülməsi zamanı) vurmaq istəyib, amma SSRİ-dən çəkindiyinə görə etməyib – Karterin qeyrəti çatmayıb.

Xüləs, hazırda vəziyyət belədir: Naxçıvana düşmüş dronları göndərənlər olayı etiraf, İrana rəğbət bəsləyən soydaşlarımız etiraz, Tehranı dəstəkləyən ruslar təqdir edirlər.

İkincilər və üçüncülər o adamlardır ki, 2001-ci ilin 11 sentyabrında Üsamə bin Ladenin “gürcü əsilli” döyüşçüləri (kamikadzelər) sərnişin təyyarələrini qaçıraraq Nyu-Yorkdakı əkiz qüllələri, Pentaqonun binasını vuranda, daha bir təyyarəni isə Ağ Evə çırpmaq istəyəndə (o təyyarəni Pensilvaniya səmasında ABŞ vurub salmışdı – sərnişinlərlə birlikdə) deyirdilər ki, bu terror aktını ABŞ özü həyata keçirib. Arada hətta belə bir arqument səsləndirirdilər: “Araşdırın, görün, ölənlərin içində niyə yəhudi yoxdur”.

Yəni ortada bu boyda həyasızlıq vardı. Bin Laden deyirdi, Amerikanı mən vurmuşam, yaxşı eləmişəm, dini ekstremizmə haqq qazandıranlar razılaşmırdılar, deyirdilər, yox, sənin işin deyil, bu teraktı amerikalılar özləri törədiblər.

Mərkəzi Kəşfiyyat İdarəsi isə yaxşı bilirdi ki, terror aktlarını kim hansı məqsədlə törədib.

İndi də heç kəs, türkün sözü, boşuna nəfəs tükətməsin, kəşfiyyat orqanları Naxçıvana dronu kimin hansı məqsədlə yolladığını, əmri kimlərin verdiyini, düyməni kimin sıxdığını, canım sizə desin, hətta kimin qıraqdan “Allahu əkbər” dediyini yaxşı bilir. Onlar cihazlarla işləyirlər, fərziyyə yürütmürlər.

Yəni sosial şəbəkədə “İran elə şey eləməz” deyə özlərini lezvalayanlar bilməlidirlər ki, bu cür edəndə özlərini ifşa edirlər, kimin əmisioğlu olduqlarını göstərirlər.

Dünya köhnə dünyadır, cihazları təzədir.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

02 Iyun 2026

30 May 2026

22 May 2026

20 May 2026

18 May 2026

16 May 2026

14 May 2026

12 May 2026

09 May 2026

07 May 2026

05 May 2026

03 May 2026

01 May 2026

30 Aprel 2026

28 Aprel 2026

25 Aprel 2026

23 Aprel 2026

21 Aprel 2026

19 Aprel 2026

16 Aprel 2026

14 Aprel 2026

12 Aprel 2026

10 Aprel 2026

07 Aprel 2026

05 Aprel 2026

02 Aprel 2026

31 Mart 2026

28 Mart 2026

26 Mart 2026

24 Mart 2026