Onlayn ictimai-siyasi qəzet
Rusiyada Dövlət Dumasına seçkilər ərəfəsində seçicilərin səsvermənin ilk saatlarında məntəqələrə və elektron səsverməyə cəlb edilməsi üçün müxtəlif inzibati üsullardan istifadə olunduğu iddia edilir. Tələbələrdən və dövlət sektorunda çalışanlardan hətta günorta saat 12-dək səs verdiklərini təsdiqləmələrinin tələb olunduğu bildirilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “MO” nəşri oxucularından daxil olan məlumatlar, internetdə yerləşdirilmiş iş elanları və “Nablyudayem vmeste” layihəsinin monitorinq nəticələrinə əsasən yazıb.
Mənbənin məlumatına görə, üçgünlük səsvermənin ilk səhərində yüksək fəallıq təmin etmək üçün büdcə təşkilatlarının əməkdaşlarının erkən saatlarda səs verməsinə çalışılır. Sayt bildirir ki, əvvəlki təcrübədə elektron bülletenlərin böyük hissəsi səsvermənin ilk 3-4 saatında daxil olur.
Diqqətçəkən məqamlardan biri “Avito”da yerləşdirilən elanlardır. “MO” seçki ərəfəsində bir növbə üçün 9-10 min rubl ödənilməklə “müşahidəçilərin” axtarıldığı elanlar aşkar etdiyini bildirir. Elanları yerləşdirən bəzi hesabların yalnız 2026-cı ilin yayında yaradıldığı və əvvəlki fəaliyyət tarixçəsinin olmadığı qeyd olunur.
Sayt 2021-ci ildə Sankt-Peterburqda da oxşar elanlarla ödənişli şəxslərin cəlb edilməsi barədə məlumatlar yayıldığını xatırladır. Həmin vaxt onların seçki komissiyalarının işinə mane olmaq və çoxsaylı səsvermə kimi qanunsuz sxemlərdə istifadə edildiyi iddia olunurdu. İndiki elanlarda işə götürülən şəxslərin belə fəaliyyətə cəlb ediləcəyinə dair konkret sübut isə təqdim edilmir.
Universitetlərdən daxil olduğu bildirilən məlumatlar da diqqət çəkir. Samara Tibb Universitetinin tələbələrindən biri “MO”ya bildirib ki, cümə günü səhər səsverməyə getmələri üçün hətta anatomiya dərsi ləğv edilib. Tələbə çatlarında isə kimin harada səs verdiyi barədə saat 12:00-dək hesabat verilməsi tələb olunduğu iddia edilir.
Moskva Aviasiya İnstitutunda əməkdaşlardan elektron səsverməni təsdiqləyən ekran görüntüsü istənildiyi, Ulyanovskdakı bəzi kolleclərdə isə cümə günü səs verən tələbələrə əlavə istirahət günü vəd edildiyi bildirilir.
Daha sərt iddialar dövlət sektorunda çalışanlarla bağlıdır. Mənbənin məlumatına görə, Mari El və Kostroma vilayətində bəzi müəllim və tibb işçilərinə səsverməyə gəlmədikləri halda işdən çıxarılma və ya mükafatlarının azaldılması ilə bağlı təzyiq göstərilib. Moskvadakı Şvetsova adına Reabilitasiya Mərkəzində isə işçilərə “əməkhaqqı fondunun seçici fəallığından asılı olduğu” mesajının verildiyi iddia olunur.
Perm diyarında “Lukoyl” və Motovilixa zavodlarının əməkdaşlarından seçki məntəqəsindən foto və ya elektron səsvermənin ekran görüntüsünün tələb edildiyi barədə də məlumatlar var.
Oxşar tələblərin iri pərakəndə satış şəbəkələrinə də çatdığı bildirilir. “MO”nun məlumatına görə, “Maqnit” və “Pyateroçka” şəbəkələrinin bəzi əməkdaşlarından elektron səsvermədə qeydiyyatdan keçmək və saat 12:00-dək rəhbərliyə hesabat vermək tələb olunub.
Sankt-Peterburqda isə başqa bir hadisə mübahisəyə səbəb olub. “Yabloko”dan olan bəzi müstəqil məntəqə komissiyası üzvlərinə 18 sentyabr saat 09:00-a hərbi komissarlığa çağırış vərəqəsi verildiyi bildirilir. Bu vaxt seçki məntəqələrinin açılmasından cəmi bir saat sonraya təsadüf edir. Mənbə bunu səsvermənin başlanğıcında müstəqil nəzarəti zəiflətmək cəhdi kimi qiymətləndirir.
Musava.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ